Paytaxt nəqliyyatı təkmilləşir

2 May 2019 09:30 (UTC+04:00)

Ötən illə müqayisədə paytaxt sərnişinlərinin ictimai nəqliyyatda üzləşdikləri  problemlərin bir qismi öz həllini tapsa da, hələ də bu sahədə həlli vacib olan problemlər var.   Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən bu məsələyə də toxunulub. Prezident qeyd edib ki,  Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur, şəhər nəqliyyatı təkmilləşir. Prezident bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, beləliklə, bu, şəhər nəqliyyatına böyük töhfə olacaqdır.

Qeyd edək ki, ötən il paytaxta gətirilən müasir avtobusların əsas hissəsi sərnişin sıxlığı olan marşurutlar üzrə istifadəyə verildi. Bundan sonra bir sıra marşurutlar üzrə sərnişinlərin gediş-gəlişi xeyli asanlaşdı. Ortatutumlu avtobusların sərnişin sıxlığı olan xətlərdən çıxardılaraq iritutumlu avtobuslarla əvəzlənməsi sərnişinlərin rahatlığına səbəb olduğundan, məmnunluq yaradıb. Amma hələ də sınıq-salxaq, sərnişinlərin nəfəs-nəfəsə narahat şəkildə gedib-gəldiyi avtobusları istismar edən daşıyıcılar var. Bəs görəsən, yeni gətiriləcək avtobuslar bu kimi problemləri aradan qaldıracaqmı?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov ona görə də, yeni gətiriləcək avtobusların məhz problemli marşurutlara salınmalı olduğunu söyləyir: “Son illər paytaxtda ictimai nəqliyyatda xidmət səviyyəsində əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişiklik var. Prezidentin yeni avtobusların gətirilməsinin davamlı olması barədə səsləndirdiyi fikir göstərir ki, bu sahədə problemlər dövlətin diqqətindədir, avtobus parkının yenilənməsi davamlı xarakter daşıyır. Əsas odur ki, yeni gətiriləcək avtobuslar harada ciddi ehtiyac varsa, orada istifadə olunsun. Bəzi marşurutlar var ki, xüsusilə Bakı ətrafında sərnişin sıxlığına uyğun deyil. Bakı ətrafına gedən avtobusların bəziləri şəhər hətta mərkəzindən keçir. Onların yenilənməsi istiqamətində işlərin aparılması vacibdir”.

Ə. Hüseynov deyir ki, Bakı Nəqliyyat Agentliyi bununla bağlı sorğu keçirir: “BNA-nın keçirdiyi sorğuda qoyulan məsələlərdən biri də iritutumlu avtobuslara hansı ərazilərdə ciddi ehtiyacın olması ilə bağlıdır. Düşünürəm ki, bu qurum cəmiyyətdən gələn o çağırışları nəzərə alıb o istiqamətlərə o avtobusları yerləşdirməlidir. Bu gün sərnişindaşımada, ictimai nəqliyyatda çox ciddi problemlər var. İctimai nəqliyyatda ciddi problemlərin ən ağrılısı isə avtobusların texniki vəziyyətidir”.

Ə. Hüseynovun sözlərinə görə, bu gün ictimai nəqliyyatda texniki texniki nasazlığı olan avtobusların xətlərdə istismar olunmasında yol infrastrukturundakı problemlərin də payı var: “Bakı ətrafında elə ərazilər var ki, məskunlaşma qanunsuz şəkildə aparılıb. Ona görə də, həmin ərazilərdə yol infrastrukturu bərbad haldadır. Həmin istiqamətlərə yeni müasir avtobusları salmazdan öncə, yolları düzəltmək lazımdır. Ən azından əsas yolları düzəltmək lazımdır ki, o istiqamətlərə  yeni avtobusları istismara buraxmaq mümkün olsun”.

Qeyd edək ki, bu gün Bakı ətrafında yol infrastrukturu bərbad olan ərazilər çoxdur. Onlardan biri də illərdir ki, salınmış “Can Təpə” yaşayış massividir. Bu istiqamətdə sərnişin daşıyan avtobusların vəziyyəti isə ucqar dağ kəndlərinə sərnişin daşıyan avtobuslardan da bərbad durumdadır. Əraziyə sərnişin daşıyan 142 saylı sınıq-salxaq avtobuslarda gedib-gəlmək sərnişinlər üçün sözün əsl mənasında zülmdür. Oturacaqları belə bərbad halda olan bu avtobusların yenilənməsi ilə bağlı sərnişinlərin etdiyi müraciətlər isə illərdir ki, cavabsız qalıb. Bu yaşayış massivində yaşayan Gülnar Səfərova deyir ki, daşıyıcı şirkət avtobusların bərbad duruma düşməsinin səbəbkarının ərazinin kələ-kötür yolu olduğunu söyləyir: “Yollar bərbad olduğundan, bizim yaşayış massivinə müasir avtobuslar salınmır. Xüsusilə qış aylarında bu ərazidə yollar palçıqlı olur. Camaat yığışıb yollara daş tökdüyündən avtobuslar yollarda ləngər vura-vura gəlib gedir. Daşıyıcı şirkət də, sürücülər də yollar düzəlməyənə qədər bu massivə yeni avtobusların salınmayacağını söyləyirlər” deyə bildirir həmsöhbətimiz...

Zülfiyyə QULUYEVA