Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional bölmələrində əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı hüquqi yardımlar göstərilir

1 May 2019 17:31 (UTC+04:00)

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi əksini tapıb. Məcəllədə Konstitusiyanın ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsi prinsipləri və qaydaları təsbit edilib.

Həmçinin Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının müdafiəsi sahəsində işçilərin, işəgötürənlərin, müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar Əmək Məcəlləsində yer alıb.

Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Xidmətin 25 regional bölməsi fəaliyyət göstərir. Həmin bölmələr tərəfindən işəgötürən və işçilər üçün ardıcıl şəkildə təbliğat-maarifləndirmə işləri aparılır, maarifləndirici tədbirlər keçirilir. Eyni zamanda, xidmətin yerli bölmələrində işəgötürənlərə hüquqi yardımlar, əmək qanunvericiliyinin tətbiqi məsələləri ilə bağlı metodiki köməkliklər də göstərilir.