AQTA əməkdaşları fitosanitar müşahidələr aparırlar

2 May 2019 11:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələr aparırlar.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Movqe.az-a bildiriblər ki, müşahidələr respublikanın bütün rayonlarını əhatə etməklə (işğal altında olan torpaqlar istisna olmaqla) yaşıllıqlarda, bağlarda, əkin və həyətyanı sahələrdə, parklarda, turizm mərkəzlərində yol kənarlarında və s. yerlərdə həyata keçirilir.

Hazırda agentliyin fitosanitar müfəttişlərinin apardığı müşahidələrə əsasən respublika ərazisində mövcud bitki xəstəlikləri, alaq otları, nematodlar, həşəratlar və digər zərərli orqanizmlər barədə müəyyən məlumatlar toplanılır. Həmçinin zərərli orqanizmlərin artaraq yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

Zərərli orqanizmlərin aktiv fəaliyyət dövrünə tam keçmədiyini nəzərə alaraq daha dəqiq və dolğun məlumatların toplanılması üçün il ərzində mütəmadi olaraq müşahidələrin aparılması davam etdiriləcək. Əldə edilmiş məlumatlar əsasında respublikanın ümumi fitosanitar vəziyyəti müəyyənləşəcək.