Çin üzərindən Azərbaycanın Ermənistana vurduğu sərt zərbə

3 May 2019 07:00 (UTC+04:00)

Çinin paytaxtı Pekində keçirilmiş "Bir kəmər, bir yol" Beynəlxalq Forumu görüş və nəticələr baxımından Azərbaycan üçün də kifayət qədər uğurlu oldu. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd edib: “Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək”.

Qeyd edək ki, Forumda iştirak edən şirkətlər 64 milyard dollar məbləğində sazişlər imzalayıblar. in lideri Si Cinpinin  sözlərinə görə, Forumun gedişində tərəflər 283 layihə üzrə konsensusa gəlib, o cümlədən hökumətlərarası razılaşmalar və praktiki əməkdaşlıq üzrə sazişlər imzalayıb. Layihə formatında olan “Bir kəmər, bir yol”  konsepsiyası Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət-nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yenilərinin yaradılması, həmin ölkələrlə Çin arasında ticarət münasibətlərinin inkişafına yönəlmiş beynəlxalq təşəbbüsüdür. "Bir kəmər, bir yol" layihəsinin reallaşması nəqliyyat dəhlizlərinin inkişafı baxımından çox mühümdür. Söhbət Asiyadan Avropaya, xüsusən də Çindən Avropaya daşınmadan gedir. Bu layihənin reallaşması üçün tələb olunan investisiyanın həcmi də kifayət qədər çoxdur. Çin 225 milyard dollar sərmayə qoyub.

"Bir kəmər, bir yol" multinəqliyyat növlərindən istifadə edilməsinə imkan yaradacaq. Qlobal layihə Asiya və Avropa arasındakı ticarət dövriyyəsinin artmasına yol açacaq. Bu layihə Azərbaycana da böyük iqtisadi dividendlər qazandıracaq. Ölkəmiz "Bir kəmər, bir yol" vasitəsilə beynəlxalq yükdaşımalardan böyük gəlir əldə edəcək. Bu məqsədlə Azərbaycan hökuməti Qazaxıstan və Gürcüstanla yükdaşımalar üçün vahid tarif əldə edib. Ölkəmiz yükdaşımalar sahəsində müasir infrastruktur yaradıb. Xüsusən də Xəzərin hüquqi statusunun müəyyənləşməsi də bu işin reallaşmasına təsir edən amildir. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, beynəlxalq yükdaşımalarda ölkəmizə böyük valyuta daxil olacaq. Amma Azərbaycanın bu uğurlarından narahat olanlar da var. Məsələnin bu tərəfinə nəzər salan politoloq Zaur Məmmədov qeyd edir ki, dünyada son zamanlar cərəyan edən hadisələr və bu çətin sınaq qarşısında ölkəmizin bu proseslərdən üzüağ çıxması istər daxildə, istərsə də xaricdə bir çox qüvvələrin xoşuna gəlmir. O bildirib ki, son zamanlar, Azərbaycanda sosial sahədə və idarəçilikdə aparılan islahatlar, eyni zamanda, beynəlxalq iqtisadi arenada TANAP, TAP, Şərq-Qərb, Şimal-Cənub nəqliyyatları üzrə apardığımız təqdirəlayiq siyasət göz qabağındadır: “Bunu nə şişirtməyə, nə də reklam etməyə ehtiyac var. Rəsmi Bakı Çin ilə Avropa arasında bir çox nəqliyyat dəhlizlərinin olmasına baxmayaraq, “Bir kəmər, bir yol” layihəsi əsasında Şərqi Asiyadan Avropaya yükdaşımalarda müstəsna rola malik olacaq. Bu bir qələbədir. Eyni zamanda, Şərq-Qərb dəhlizindən heç də geri qalmayan, Pyotrdan tutmuş bütün rus çarlarının, imperatorlarının əsas hədəfi olan Hind hövzəsi, Körfəz və Rusiya, Şimali Avropa ölkələri ilə ticarət yolunu da əlimizə almış olduq. Hər iki layihənin Ermənistandan keçməsini istəyən çox ciddi qüvvələrin olmasına baxmayaraq, onlar bunu bacarmadılar. TAP layihəsinin baş tutmaması üçün bir çox lobbi qruplarının göstərdikləri möhkəm maneə heç kimə sirr deyil. İtaliya hökumətinin bir çox üzvlərindən tutmuş AB-nin ayrı-ayrı qruplarına qədər, layihənin reallaşmaması üçün dəridən-qabıqdan çıxanların ümidləri boşa çıxdı”.

Politoloq qeyd edib ki, Azərbaycan-AB, Azərbaycan-Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxmasını da vurğulamaq lazımdır: “Əslində, bu siyahı çox uzundur. Əgər kimsə düşünürsə, bugün iki-üç dövlətdən başqa beynəlxalq arenada istədiyini etmək asan məsələdir, deməli, siyasətdən başı çıxmır. Liderlərin qlobal iqtisadi və siyasi münasibətlərə təsir edəcək layihələri reallaşdırmaları dünyanın başında dayanan bir çox qrupların hiddətinə və etirazını səbəb ola bilər. Lakin cənab Prezident möhkəm iradə nümayiş etdirərək bütün bu layihələrin baş tutmasına nail oldu. Bakı-Tiflis-Qars, Şərq-Qərb, Cənub-Şimal layihələri İlham Əliyevin müdrik siyasəti nəticəsində baş tutdu. Bu sırf, Prezidentin qələbəsidir".

Politoloqun sözlərinə görə, son zamanlar istər daxildə, istər xaricdə ayrı-ayrı qüvvələrin siyasi hakimiyyətə qarşı apardıqları çirkin oyunların arxasında dövlətçiliyimizi zəiflətmək cəhdləri dayanır: “Əfsuslar olsun ki, donorlardan aldıqları maliyyələr hesabına ölkə və xalqa qarşı çıxmaqdan utanmayan bu qruplar öz məqsədlərinə çatmaq üçün hər bir sövdələşməyə hazırdırlar. Bu donorlar həm bizdən çox-çox uzaqlardan, həm də sərhədlərimizin o taylarından bizi zəiflətmək üçün bütün imkanlardan istifadə edirlər. Son zamanlar AB-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün edilən bəyanatlardan tutmuş Bakı və Tiflis arasında az qala münaqişəyə gətirib çıxaracaq çıxışların arxasında bu qütblər ilə Azərbaycan arasında münasibətlərə zərər gətirmək və ölkəni geoiqtisadi və geosiyasi layihələrdən uzaqda saxlamaq məqsədi dayanır. Təəsüflər ki, Azərbaycanda fəaliyyətdə olan vətəndaş cəmiyyətinin bir çox institutları və özlərini müxalifətin liderləri sayanlar dövlətin yanında durmaq əvəzinə iqtidara qarşı fəaliyyət göstərirlər. Bəli, müxalifərin əsas vəzifəsi hakimiyyətə gəlməkdir və iqtidarı tənqid etməkdir. Lakin ümumilli məsələlərdə bütün siyasi partiyalar hakimiyyətin yanında olmalıdırlar. Məsələn, erməni olduğu məndə şübhə doğurmayan Okruasvili son iki həftədə Gürcüstandakı soydaşlarımızı qovmaqla hədələyəndən sonra indi də Azərbaycan müxalifətinə dəstək verməyin önəmini qeyd edib. Keçən həftə müxalifətdə olan Leyboristlər Partiyasının sədri də bizi təhqir etməkdən çəkinməyib. Bütün bunlardan sonra bizim radikal müxalifət nə etdi? Onlar niyə Azərbaycan üçün önəmli olan məsələlərdə susmağa üstünlük verirlər?

Bizim radikal müxalifət siyasi partiyalarından bir nəfər çıxıb bu yaramazlara cavab vermədilər ki, siz kimsiniz ki, Azərbaycanı və azərbaycanlıları təhqir edirsiniz. Niyə ermənilərlə bağlı, Qarabağla bağlı xarici qüvvələrin xoşuna gəlməyəcək, lakin xalqımızın milli maraqlarına cavab verən bəyanatlar vermirlər, çıxışlar etmilər? Çünki maliyyələrinin kəsilməsindən qorxurlar və ümumilli problemlər onlar üçün vacib deyil. Onların məqsədi gözdən pərdə asmaqdır".

Ümumiyyətlə, Azərbaycanın beynəlxalq uğurlarından, o cümlədən “Bir kəmər, bir yol” Forumunda əldə etdiyi nailiyyətlərdən narahat olanlar radikal müxalifət, anti-Azərbaycan cəbhəsi və  işğalçı Ermənistandır.
Birincilər, Azərbaycan liderinin Çin səfərinin əhəmiyyətini azaltmağa və bunu “Çin Azərbaycanda pomidor yetişdirəcək” kimi göstərməyə cəhd etdilər. Bu cür nəticəsiz cəhdlər Azərbaycan-Çin münasibətlərinə, yaxud səfərdən əldə olunan siyasi və iqtisadi dividendlərə təsir göstərmək gücündə deyil, əksinə, onlar bununla məqsədlərinin mahiyyətini göstərmiş oldular. İrəvanda da  Bakı-Pekin münasibətlərinin isteriya ilə qarşılanması təəccüblü deyil. Çünki Pekinin Bakıya maraq göstərməsi və Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində rolu regionda işğalçı Ermənistanın arxa plana keçməsi və gələcəyinin sual altına düşməsi deməkdir. Söhbət gələcək 50 ildə dünya iqtisadiyyatını formalaşdıracaq dəyəri trilyon dollarlarla ölçülən layihədən gedir və Azərbaycanın bu layihədən iqtisadi gəliri milyardlarla dollar olacaq. Bununla yanaşı, ölkəmizin Uzaq Şərqlə Qərbi Avropanı birləşdirən körpü olması Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində rəsmi Bakının əlini gücləndirir. Bunu anlayan ermənilər Nikol Paşinyan hakimiyyətini tənqid edirlər. Erməni şərhçi Tevos Arşakyan yazır ki, Nikol Paşinyan Pekində keçirilən “Bir kəmər, bir yol” forumunda qatılmamaqla təkcə Ermənistanın regiondakı əhəmiyyətini təqdim etmək imkanını qaçırtmadı, həm də əlverişli müqavilələr imzalamağı, investisiya axınını təmin etməyi əldən verdi: “Biz Ermənistanda tez-tez şikayətlənirik ki, ölkə iqtisadi, nəqliyyat və energetika blokadasındadır, lakin bizim bədbəxtliklərimizin səbəbi təkcə bu deyil. Hələ ötən ilin aprelində ölkədə genişmiqyaslı etirazlar keçiriləndə Nikol Paşinyan müxalifət lideri kimi bildirirdi ki, Ermənistanın blokada şəraitində inkişafı son dərəcədə çətindir, buna görə şəraitdən istifadə etməli və yükdaşıma sferasını inkişaf etdirmək lazımdır. O vaxtdan bir il keçdi, Paşinyan artıq müxalifət lideri yox, hökumət başçısıdır. Gözlənilən idi ki, o hakimiyyətdə bu imkanlardan daha yaxşı istifadə etmək üçün çalışacaq, lakin təəssüf ki, dəfələrlə çox gözəl imkanları itirdi. Budur, Pekində keçirilən “Bir kəmər, bir yol” forumunda 37 ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin təkbətək görüş keçirdi, Azərbaycan bir sıra müqavilələrə imza atdı. Ermənistan isə forumda nəinki hökumət başçısı səviyyəsində, heç spiker səviyyəsində belə təmsil olunmadı, əvəzində təbiətin mühafizəsi naziri orada idi. Nazir Erik Qriqoryan çinli həmkarı ilə əməkdaşlıq memorandumu imzaladı. Lakin bu memorandum Ermənistanın blokadasına necə təsir göstərir? Bu, Çinin Cənubi Qafqazda nəqliyyat və energetika layihəsində Ermənistanın iştirak edəcəyi deməkdirmi? Xeyr!”.

Arşakyanı narahat edən əsas məsələlərdən biri isə Pekində 64 milyard dollar dəyərində 283 müqavilənin imzalanması və Ermənistanın bu müqavilələrdən heç bir pay ala bilməməsidir. Azərbaycan isə bu imkandan səmərəli şəkildə yararlandı. Prezident İlham Əliyevin Pekin səfəri zamanı Azərbaycanla Çin arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Bu, forum çərçivəsində imzalanan 64 milyard dollar dəyərindəki müqavilələrdən Azərbaycanın əhəmiyyəti pay əldə etməsi deməkdir. Erməniləri qəzəbləndirən əsas amil də forumda niyə Ermənistanın yox, Azərbaycanın iştirakı və Pekinin məhz Bakıya xüsusi maraq göstərməsidir. Amma görünən budur ki, Azərbaycan müxalif qüvvələrə rəğmən, daha böyük beynəlxalq uğurlar əldə edəcək.

“Mövqe”