Avropa İttifaqı radikal müxalifəti məyus etdi

3 May 2019 09:00 (UTC+04:00)

Azərbaycanla Avropa İttifaqı arasında “danışıqlar prosesi bitən kimi sənəd imzalanacaq və bu dəqiq, hərtərəfli anlaşma bizim gələcək əməkdaşlığımızın yeni əsası olacaq”, - Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas BBC Azərbaycana müsahibəsində belə deyib.

Müsahibədə Yankauskas sazişin detallarına dair məlumat verməsə də, texniki işlərin tez bitirilməsi üçün səy göstərdiklərini bildirib: “Proses gedir, biz sona yaxınlaşırıq. İşləyirik ki, bu anlaşma imzalansın. Hələliksə, danışıqlar prosesi davam edir”.

Belə görünür ki,  məsələnin prinsipial tərəfi sazişin imzalanacağıdır, sadəcə tərəflər arasında gedən danışıqların bitməsi gözlənilir. Məntiqi nəticə də odur ki, məzmunu etibarı ilə sənədin bütün müddəaları razılaşdırılıb, ancaq texniki prosedur sarıdan müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Məsələ burasındadır ki, tərəflər arasında ötən əsrin 90-cı illərindən qüvvədə olan rəsmi sənəd mövcuddur. Aradan 25 il vaxt keçsə də həmin sənəd qüvvədədir. Lakin zaman keçir, həyat ilbəil inkişaf edir, münasibətlər təkmilləşir, yeni ideyalar, yeni ictimai məzmun ortaya çıxır. Cəmiyyət həyatı da yüksəlir və daha üstün ictimai fazaya daxil olmaq zərurəti yaranır.

Ötən illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı böyük sürətlə baş verib. Ölkə həyatının elə sahələri var ki, ağır vəziyyətdən yüksək inkişafa doğru uğurlu yol keçib. Bu isə mütləq cəmiyyətin ictimai münasibətlərində əks olunur. Bu mənada yeni sazişin hazırlanması zərurəti həyatın özündən doğub və Azərbaycan irəli duraraq təşəbbüslə çıxış edib, qarşılıqlı münasibətlərin tənzimlənməsi məsələsində hər iki tərəfin dəyərlərinin nəzərə alınması, habelə regiondakı mövcud siyasi durumun sənəddə əks etdirilməsinin vacibliyini irəli sürüb. Əsas faktorlar qanuni əsasda yeni sazişin bəndlərində nəzərə alınıb və Azərbaycanın siyasi mövqe sarıdan heç bir narahatçılığı yoxdur.

Cəmiyyət həyatına aid də ortada ciddi fikir ayrılıqları ola bilməz. Çünki, demokratik quruculuq yolunu seçən Azərbaycan mütərəqqi yolla gedir və öz gələcəyini uğurlu qlobal inteqrasiya ilə bağlayır. Bu gün ölkədə həyata keçirilən islahatlar bu fikrin aydın təcəssümüdür. Xüsusilə, məhkəmə-hüquq sistemində başlanmış müsbət dəyişikliklər bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Maraqlıdır ki, səfir Kestutis Yankauskas ona verilən suallara müsbət cavablar verib: “Düşünürəm ki, bizim əməkdaşlığımız buna nail olmağa gətirib çıxarıb. Biz indiyə kimi edilmiş işlərdən razıyıqmı? Bəli. Daha yaxşı ola bilərdimi? Bəli. Gələcəkdə biz daha yaxşı etməliyikmi? Bəli”. Sazişin nə vaxt imzalanmasına dair heç bir təxmini olmadığını deyən səfir vurğulayıb ki, “Azərbaycan indiyədək qarşısına qoyulan öhdəliklərə əməl edib, hələ də buna çalışır”.

Qarşıda imzalanması gözlənilən sazişin ümumi işə verəcəyi töhfələr bəzi anti-Azərbaycan qüvvələri ciddi narahat edir. Bunların sırasında həm xarici, həm də daxili pozucu qüvvələr var. Belə fikirlər irəli sürülür ki, guya Azərbaycan hələ belə bir sazişi imzalamağa hazır deyil, yaxud hansısa şərtlər irəli sürülür və sairə. Lakin bu, ölkənin uğurlarından təşvişə düşən əcnəbi qüvvələrlə müxalifətin birgə planıdır və xalqa heç nə vermir.  Anti-Azərbaycan qüvvələr bu cür  fikirlərlə ictimaiyyəti əsas məsələdən yayındırmağa çalışırlar. Həmin qüvvələr dəstək aldıqları xarici mənbələr qarşısında Dağlıq Qarabağla bağlı heç bir təklif irəli sürməyiblər. Ancaq indi iddia edirlər ki, guya sazişdə Azərbaycan işğal faktoru barədə hər hansı bənd yazmayıb, ərazi bütövlüyü məsələsini qabartmayıb. Əslində isə məhz bu prinsipial məsələ Azərbaycanın təkidi ilə tam beynəlxalq hüquq çərçivəsində əks olunub. Maxalifət aranı qarışdırmağa çalışır.

Saziş isə Azərbaycanın bütün siyasi və ərazi hüquqlarının tanınması çərçivəsində hazırlanır və məhz bu cür də imzalanacaq. Buna heç bir şübhə yoxdur. Azərbaycan öz hüquqlarını qorumaq gücündədir və həmin sənədi imzalayacaq şəxs ölkənin tərəqqisi və bu günü, gələcəyi üçün çalışan, xalqın istəklərinin zəmanətçisi olan dövlət rəhbəridir.

N.NOVRUZ