Ermənistan oyundankənar vəziyyətdə qalıb

3 May 2019 09:30 (UTC+04:00)

“Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropa-Qafqaz-Asiya tranzit dəhlizinin bir hissəsidir və onların əlaqələndirilmiş fəaliyyəti dəhlizə əlavə yüklər cəlb edə bilər”. Bu fikir Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin Bakı-Tiflis-Qars dəmiryolu barədə ifadə etdikləri ümumi rəydir. Dünyada ən iri neft hasilatçısı və tədarükçülərindən biri olan Qazaxıstanın tranzit marşrutlarının şaxələndirilməsi və neft məhsullarının tranzitinin artırılmasında böyük hədəfləri var. Gürcüstan tərəfi Bakı-Supsa boru kəmərini Qazaxıstan neftinin ixracı üçün alternativ dəhliz təklif edir. Bu marşrut xam neftin Qara dəniz vasitəsilə dünya bazarına çatdırılmasına imkan yarada bilər. Bu imkanın gerçəkləşdirilməsi isə yalnız və yalnız Azərbaycanla əməkdaşlıq şəraitində baş tuta bilər.

Bu yaxınlarda Gürcüstan taxıla olan tələbatının ödənilməsi üçün Qazaxıstanla danışıqlarına başlayıb. Sputnik-Gürcüstan xəbər verir ki, Qazaxıstan öz dövlət büdcəsindənöz taxılını Gürcüstana göndərmək üçün subsidiya ayıracaq və tarifləri 50 faizə qədər aşağı salacaq. Bu da qarşı tərəfə imkan verəcək ki, aşağı qiymətə aldığı Qazaxıstan buğdası hesabına taxıl problemini əsaslı şəkildə həll etsin. Gürcüstanın baş naziri Mamuki Baxtadzenin Qazaxıstana gözlənilən səfərində bu istiqamətdə müqavilə imzalanacağı demək olar ki, həll edilmiş məsələdir.

Ancaq qonşu Gürcüstanın strateji məhsul sayılan taxıl üzrə belə asan ticarət müqaviləsi imzalaması Ermənistanda böyük həsəd doğurub. Məsələ burasındadır ki, Gürcüstanın fəaliyyəti Azərbaycan sayəsində asanlaşıb. Əgər Azərbaycan Bakı-Tiflis-Qars dəmiryol xəttini beynəlxalq nəqliyyat şəbəkəsinin üzvi hissəsinə çevirməsəydi, onda çətin ki, gürcülər öz problemlərini belə ucuz qiymətə həll edə bilərdilər.

Hamıya məlumdur ki, bu gün Ermənistan apardığı işğalçılıq siyasətinə görə Cənubi Qafqazın bütün beynəlxalq iqtisadi layihələrindən kənarda qalıblar. Kremlin oyuncağına çevrilmiş bu dövlətin öz sözü, öz siyasəti və müstəqil fəaliyyəti olmasa da işğalçılıq niyyəti böyükdür. Əsrin üçdə birinə yaxındır ki, ermənilər əsrlər boyu var-dövlətindən, təbii sərvətlərindən gen-bol istifadə etdikləri Azərbaycanın ərazisinin 20 faizə qədərini əsarətdə saxlayırlar. Təbii ki, bu əsarət onların öz gücləri hesabına deyil. Yoxsa, Azərbaycan çoxdan düşməni öz yuvasına qədər qovub regiondan çıxarardı. Lakin bu reallığı ermənilər başa deşmək istəmir və hamilərinə arxalanaraq işğalı davam etdirirlər. Azərbaycan da onları iqtisadi blokadada saxlayaraq kasıblığa məhkum edib. Blokada səbəbindən Ermənistan Qazaxıstan məhsullarına əl uzada bilmir. Elə taxıl məsələsində ermənilərin ehtiyacı böyükdən böyükdür. Çünki, İrəvan bütün ehtiyacını Rusiyadan tədarük etdiyi taxıl hesabına ödəyir. Lakin bu hal onu daim intizarda saxlayır. Birincisi, Gürcüstandan keçən Yuxarı Lars yolu Rusiyadan gələn yeganə, amma təhlükəli və qış aykarında çox vaxt bağlı olan istiqamətdir. İkincisi, blokada alternativ variantları istisna edir ki, bu da ölkənin Rusiyadan asılılığını gücləndirir. Düzdür, Azərbaycandan yan keçməklə yenə Gürcüstan vasitəsilə taxıl almaq olar. Lakin nəql yolunun uzunluğu qiymətləri elə artırır ki, məhsulun maya dəyəri erməni alıcısının imkanlarını aşır. Ən məqbul və ucuz yol Azərbaycan istiqamətidir ki, bundan da ermənilər istifadə edə bilmirlər.

Ermənistandakı iri un istehsalı şirkəti “Manana Qreyn”in direktoru Qurgen Nikoqosyan haqlı olaraq qeyd edir ki, ən ucuz və sərfəli Azərbaycan yolu Ermənistanın üzünə bağlıdır. Bu, diplomatik münasibətlərin olmaması səbəbindən yox, işğalçılıq siyasətinə görədir. Eyni səbəbdən Azərbaycan Gürcüstana yüklərin daşınmasına o şərtlə icazə verir ki, sonradan bu yüklər Ermənistana ötürülməsin. Təbii ki, Azərbaycanın torpaqlarını işğal edən qonşusunun həyatını yaxşılaşdırmaq imkanı yaratması nonsens olardı.

Ermənistanın yaralı yeri olan taxıl idxalı barədə irəvanlı jurnalistlərə açıqlamasında Gürcüstanın nəqliyyat dəhlizinin tədqiqi mərkəzinin direktoru Paata Saqareişvili şübhəsini bildirib ki, Gürcüstan-Qazaxıstan arasında bağlanacaq taxıl müqaviləsindən ermənilər heç nə gözləməsinlər. Azərbaycandan yan keçmək heç cür mümkün deyil. Bu isə erməniləri dərindən məyus edir. Məyus olsalar da, səslərini çıxarda bilmirlər, çünki günah özlərindədir.

N.NOVRUZ