İlan, əqrəb təhlükəsi yenidən baş qaldırır

3 May 2019 10:00 (UTC+04:00)

Havalar isinəndən, aprel və may ayı ərzində Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancma ilə bağlı 5 müraciət daxil olub. Bu barədə məlumatı Movqe.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov verib.

A. Maqsudov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ilansancma ilə bağlı müraciətlərin sayı azdır. Onun sözlərinə görə, ötən il aprel-may aylarında ilansancma ilə bağlı 18 müraciət daxil olub: “Bu il isə bu rəqəm hələ ki 5-dir. Səbəb aprel ayında havaların sərin keçməsidir. Amma artıq günəşli havalar müşahidə olunur. Mayın 2-də Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə Qaraçuxurdan ilansancma ilə bağlı bir müraciət daxil olub. Bu, may ayında qeydə alınan ilk müraciətdir. Ümumi bu il aprel və may aynda ilansacma ilə bağlı 5 müraciət olub. Onların hər biri xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin səhhəti normal olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ilansancma ilə bağlı nə ötən il, nə də ki, bu il ölüm hadisəsi baş verməyib".

Azər Maqsudov bildirib ki, aprel ayında ilansancma ilə bağlı daxil olan 4 müraciət Hacıqabul, Şəmkir rayonlarından və Bakıətrafı kəndlərdən olub: “Onların hamısı kişidir. Aralarında qadın və uşaqlar yoxdur. Yaş hədləri isə 30-45 arasındadır”. 

A.Maqsudov deyib ki, havalar istiləşdikcə insanlar bu təhlükədən daha çox qorunmlalıdır. Onun sözlərinə görə, ilan sancan şəxs 3-4 saat ərzində xəstəxanaya çatdırılaraq zərdab vurularsa, ölüm təhlükəsi olmur. Şöbə müdiri respublika üzrə bütün xəstəxanalara zərdab paylanıldığını, bu cür hadisələr zamanı ilkin tibbi xidmətin görülməsi üçün şərait olduğunu söyləyib. A. Maqsudov deyir ki, ilan sancan an ağrıkəsicinin və alergiya əleyhinə dərman preparatlarının vurulması şərtdir.

Bununla belə, şöbə müdiri bəzən ilan sancan zaman zərdaba ehtiyac olmadığını da söyləyib. Onun sözlərinə görə, su ilanı və koramal sancarkən çox vaxt zərdaba ehtiyac olmur. Amma A. Maqsudov gürzə ilanı sancarkən xəstəyə zərdab vurulmasının vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, bu gün Azərbaycanda əsasən gürzə sancmaları müşahidə olunur. A. Maqsudov deyir ki, belə halda  zərdab 1-2, maksimum üç saat ərzində ilan sancan şəxsə vurulmalıdır ki, ilan sancma ölümlə nəticələnməsin. A. Maqsudov bu ilki mövsümdə hələ ki bir  əqrəb sancma faktının Bakının Qaraçuxur qəsəbəsində qeydə alındığını da bildirdi.

Həmsöhbətimiz bildirir ki, ilan sancmalarında ölüm halları daha çox əsas damarlara yaxın sancma olduqda baş verir: “İlan sancan nayihə damara yaxındırsa zəhərlənmə qana daha sürətlə keçir. Onu da qeyd edim ki, ilan sancan zaman zəhər qana böyüklərlə müqayisədə, uşaqlarda daha çox yayılır. Bu da uşaqlarda immun sisteminin böyüklərlə müqayisədə zəif olmasından irəli gəlir”.

Mərkəz səlahiyyətlisi bu gün ilansancmalara daha çox aşağı ətraflarda rast gəlindiyini söyləyir. Onun sözlərinə görə, həmin insanları çoxu isti havalarda kənd təsərrüfatı sahəsində çalışanlardır. A. Maqsudov ilan sancma zamanı türkəçarə müalicə vasitələrinin qəti yolverilməz olduğunu söyləyir: “İlan sancma hadisəsi baş verərkən həmin nayihəni çapmaq, zəhərli qanı dişlə sovurmaq və həmin nayihəyə qatıq sürtmək qəti olmaz. İlan vuran şəxs dərhal ən yaxındakı tibb məntəqəsinə çatdırılmalıdır ki, tibbi yardım göstərilsin”.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda iki zəhərli ilan növü var. Biri gürzə, digəri isə çöl əfisi adlanan əfi ilandır. Adətən bunların sancması müşahidə oluna bilər. Digər zəhərli heyvanlara Abşeron yarımadasında və Azərbaycanda təsadüf edilmir. İlan zəhərlərinə qarşı vaksin, andidot var ki, bu ilan zəhərindən hazırlanır.