Gənc alimlərin elmi müsabiqəsi yekunlaşıb

10 May 2013 12:20 (UTC+04:00)

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alimlər Şurası tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş gənc alim və doktorantlar arasında keçirilən ən yaxşı elmi məqalə müsabiqəsinə yekun vurulub.


Mövqe.az-ın məlumatına görə, müsabiqəyə təqdim olunan məqalələr müxtəlif ekspertlər tərəfindən qiymətləndirilib, qaliblər müəyyənləşdirilib.


Beləliklə, "Üzvi kimya" ixtisası üzrə Sevinc Qocayeva I yerə, "Polimer kimyası" ixtisası üzrə Natavan Talişova II yerə, "Neft kimyası" ixtisası üzrə Emin Qəribov III yerə, həvəsləndirici yerə isə "Üzvi kimya" ixtisası üzrə Nəzər Nəzərov layiq görülüb.


Mükafatlandırma mərasimində iştirak edən institutun direktoru, akademik Vaqif Fərzəliyev ilk dəfə təşkil olunan müsabiqənin əhəmiyyətindən danışmış, bu cür müsabiqələrin gələcəkdə davam etdiriləcəyini bildirib.


AKİ Gənc Alimlər Şurasının sədri, k.ü.f.d. Ə.Sucayev müsabiqənin gənc elmi işçilərin elmə həvəsləndirilməsi üçün stimullaşdırıcı tədbir olduğunu söyləyib, gənc alimlərə göstərilən diqqətə görə institut rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda V.Fərzəliyev qaliblərə diplom və pul mükafatlarını təqdim edib.