Səbail rayonunda II Dünya Müharibəsində tarixi Qələbənin 68-ci ildönümü qeyd olunub
10 May 2013 14:51 (UTC+04:00)
II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümü
paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və
təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə
və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər,
veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət
müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi
salonlarında sərgilər təşkil olunmuşdur.
Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştrakı ilə
müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı
parklarda iməcliklər keçirilmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə
Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət
qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin
şərəfinə uzaldılmış abidə kompleksinin önünə gül-çiçəklər
qoyulmuşdur.
Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə
yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları
mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.
Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki
Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda
Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və
veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.
Tədbrin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında
müxtəlif marşlar səslənmişdir. Parkda ucaldılmış Sovet İttifaqı
Qəhrəmanı Qafur Məmmədovun büstünün önünə RİH adından əklil
qoyulmuş, müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar,
tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və
məktəblilər büstün önünə tər çiçəklər düzmüşlər.
Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni
səslənmişdir.
Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə
hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı
"İntellekt" liseyin yeni tədris korpusunda davam etdirilmişdir.
Təntənəli tədbiri açıq elan edən Səbail
rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün
münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş,
onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki,
Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə
çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu
gün hər birimiz üçün əzizdir.
Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə
olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır.
Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq
hərakatına çevirilmiş, Azərbaycanın ordu sıralarına 680 min
nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar
qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdi.
Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa,
Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğruda gedən şiddətli
döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə
Azərbaycan döyüşçüləri igidlik göstərmişlər. Döyüşlərdə
göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla
təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı
adına, tank qoşunları General-mayoru Həzi Aslanov isə bu ada iki
dəfə layiq görülmüş, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsinə
layiq görülmüşdür.
1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi
müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla
təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində
SSRI - də çıxarılan neftin 69 % -ni Bakı vermişdi.
Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə
hospitalı yaradılmışdı. Səbail rayonunun ərzaisində bir çox
yerlərdə, o cümlədən tədbirin keçirildiyi 49, həmçinin 189 və 190
saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoci Universitetinin
və s. binalarda müharibə illərində təxliyyə hospitalları
yerləşmişdi.¬
Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki
iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən
əziz və hörmətli üzvləri olmuşlar. Ulu öndər Heydər Əliyev daim
onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə
yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, "Azərbaycanın bütün
ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya
müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz
və ən mötəbər insanlarımızdır".
Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər
hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da
yaxşılaşır. Qələbənin 68 illiyi ərəfəsində ölkə başçısı cənab İlham
Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi
iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden
və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım
verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz
nümunəsidir.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara
göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə
minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə veteranlara hədiyyələr və maddi yadım təqdim olunmuşdur.