Kənd təsərrüfatı naziri İsmayıllıda fermerlərlə görüşüb

6 May 2019 15:34 (UTC+04:00)

Kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə İsmayıllı rayonunda aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib.

Bu barədə Movqe.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Məlumata görə, Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə nazirliyin aparatının, tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov qeyd edib ki, son illərdə rayonda taxılçılıq, meyvəçilik, baramaçılıq və heyvandarlıq daha da inkişaf edib. İ.Kərimov isə müşavirədə çıxış edərək qeyd edib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

Nazir Azərbaycanda aqrar inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə məlumat verib.