Fermerlərin satış problemi…

7 May 2019 09:00 (UTC+04:00)

Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində son illər mühüm işlər görülüb. Bu işlər də xüsusən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar fonunda baş verir. Ancaq məsələ ondadır ki, indiki halda fermerlər istehsal etdiyi məhsulu satmaqda hələ də problemlə üzləşirlər. Məsələn, Beyləqanda tezyetişən soğanın yığımına başlanılıb. Məhsulun bir kiloqramı 12-13 qəpiyə qədər enib. Lakin bu qiymətə də alıcı tapılmadığından tonlarla soğan sahələrdə qalıb.

Ümumiyyətlə, bu il Beyləqanın Türklər kəndində 500 hektara yaxın ərazidə soğan əkilib. Hazırda sahələrdə tezyetişən soğan toplanılır. Lakin bir müddət əvvəl yüksək qiymətə satılan məhsulun 33-35 kiloqramlıq kisəsi 4-5 manata təklif edilir. Qiymətin bu qədər aşağı olmasına baxmayaraq, alıcı da tapılmır. Bu səbəbdən də tonlarla soğan sahələrdə qalıb. Fermerlərin sözlərinə görə, soğan yığıldıqdan sonranövbəliolaraq pambıq əkməyi planlaşdırıblar. Məhsulun satılmaması digər əkinləri də gecikdirir.

 

Təhlillər göstərir ki, hər il fermerlər anoloji problemi yaşayırlar. Nəticədə fermerlərin bir çoxu qazanc əldə etmək imkanından məhrum olur. Mövcud problemin birdəfəlik həlli necə olmalıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə də əslində, aqrar sektorun əsas problemlərindən biri bu sahədə məhsul istehsalının praktik olaraq planlaşdırılmaması və sistemli aparılmaması ilə bağlıdır: “Təbii ki, SSRİ dönəmində olduğu kimi planlaşdırılmanın qaytarılması tərəfdarı deyilik. Amma fermerlərin daxili bazarın tələbi və iqtisadi imkanlar nəzərə alınmaqla məhsulların növü üzrə özlərinin planlaşdırma, optimallaşdırma aparmalarına ehtiyac var.

Nəzərə alaq ki, bəzi hallarda müəyyən müddət ərzində hansısa məhsulun qiyməti baha olsa da, növbəti ildə həmin qiymət kəskin aşağı düşür. Məsələn,  iki il öncə sarımsağın qiyməti çox baha oldu. Buna görə də, ötən il fermerlər sarımsaq istehsalına xüsusi önəm verdilər. Nəticədə, sarımsağın qiyməti hətta 6 dəfəyə qədər ucuzlaşdı. Çünki bazara çıxarılan məhsulun həcmi artdı və nəticə etibarı ilə fermerlərin çoxu ziyanla üzləşdi”.

Həmsöhbətimiz sözügedən problemin birdəfəlik həlli üçün Kənd Təsərrüfatı Nazirliyinin fermerlərin maarifləndirilməsi istiqamətində ciddi iş aparmasını, habelə elektron kənd təsərrüfatı sisteminin qurulmasını vacib bildi: “O baxımdan İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq məhsul istehsalının optimallaşdırılması, xüsusən də istehsalla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərin məlumatlandırılması və bu istiqamətdə maarifləndirici, məlumatlandırıcı kampaniyanın aparılmasına ehtiyac olduğunu düşünürük. Çünki nəticə etibarı ilə Kənd Təsərrüfatı Nazirliyi ixrac imkanlarını nəzərə almaqla məhsulların optimal həcmilə bağlı fermerləri məlumatlandırmalıdır. Belə olarsa, fermerlər də optimal həcmdə məhsul istehsal edər və nəticədə həmin məhsulların qiyməti də kəskin aşağı düşməz. Bəzi məhsullar az istehsal olunur, qiyməti baha olur, nəticədə istehlakçı daha çox pul ödəməklə itirir. Digər tərəfdən, başqa məhsulların qiyməti daha ucuz olduqda bundan da fermer itirir. Ona görə də qiymət optimal olmalıdır ki, nə fermer, nə də istehlakçı itirməsin. Qiymət elə olmalıdır ki, istehlakçı üçün əlavə xərc yaratmasın və fermerin gəlirlərinin artmasına da imkan versin. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu məsələyə sistemli şəkildə müdaxilə edilməlidir.  Burada söhbət məlumatların hazırlanması və bölüşdürülməsindən gedir. Bu istiqamətdə fermerlərin maarifləndirilməsinə ehtiyac var. Nazirlik həmin addımları atmaqla məhsulların optimallaşdırılmasına nail ola bilər ki, nə istehlakçı, nə də fermer prosesdən uduzmasın. Sözsüz ki, burada söhbət inzibati müdaxilədən getmir. Düşünürəm ki, elektron kənd təsərrüfatı sisteminin qurulması həmin məlumatların elektron olaraq bölüşdürülməsinə gətirib çıxaracaq. Son məlumatlara görə bir ildir ki, elektron kənd təsərrüfatı sisteminin qurulması istiqamətində işlərə başlanılıb. Güman olunur ki, həmin sistemin qurulması ilə sözügedən məlumatların bölüşdürülməsi də həyata keçiriləcək”.

Rüfət NADİROĞLU