Ordumuzun fəaliyyəti İrəvanda dəhşət yaratdı

7 May 2019 09:30 (UTC+04:00)

Ermənistan Azərbaycan Ordusunun təmas xəttidə aktivləşməsindən və Türkiyə-Azərbaycan təlimlərindən qorxuya düşüb. Ermənistan mediası Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən erməni hərbi birləşmələrinin əsgərlərinin müəmmalı şəkildə güllə yarası aldığını, yaxud yoxa çıxdıqlarını yazır.

“Lragir” saytının məlumatına görə, aprelin 30-da 32 yaşlı gizir Arqişti Stepxanyan başından güllə yarası alıb. Mayın 4-də isə 1998-ci il təvəllüdlü əsgər Aqanik Zorolyan yaralanıb. “Bununla yanaşı, 1-3 may tarixində Azərbaycan və Türkiyə Silahlı Qüvvələri “Mustafa Kamal Atatürk-2019” təlimləri keçirdilər. Cəbhədə baş verənlər fonunda bu təlimlər diqqət çəkir”, - erməni saytı yazıb. Erməni əsgərlərin yaralanması və ya yoxa çıxmasının digər versiyası kimi ordu daxilindəki çəkişmələr də göstərilir. Belə ki, erməni zabitlər, yaxud əsgərlər bir-birilə qarşıdurma yaşayır, bəzən bir-birini güllələyərək, günahkar kimi Azərbaycan tərəfini göstərirlər. Bu versiyanın həmişə mövcud olduğuna diqqət çəkən erməni şərhçi Karpis Paşoyan isə son dövrlər Azərbaycan Ordusunun Dağlıq Qarabağ danışıqları fonunda aktivləşdiyini bildirib. “Faktların analizi göstərir ki, Azərbaycan danışıqlara paralel olaraq, cəbhədə vəziyyəti ələ alır. Hazırda baş verənlər “aprel müharibəsi”ndən öncəki vəziyyəti xatırladır. Bakının addımları İrəvanın manevr imkanlarını daraldır”, - deyə o yazıb.

Xatırladaq ki, mayın əvvəlində Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən “Mustafa Kamal Atatürk-2019” iki ölkənin birgə döyüş atışlı taktiki təlimi keçirilib. Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və anlaşmasını yüksək səviyyədə təmin etməkdən ibarət olub. Azərbaycan tərəfdən təlimin rəhbəri, polkovnik İlqar Lətifov bildirib ki, təlimin taktiki mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının müdafiə olunan düşmənin üzərinə keçərək onun darmadağın edilməsi və düşmən mövqelərinin dərinliklərini, yüksəklikləri, ərazi qismini ələ keçirərək möhkəmlənməkdir. Taktiki təlimlərə Azərbaycan və Türkiyədən 1000-dən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğusu, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş teknikaları cəlb olunub. Rəhbərlik tərəfindən qoyulan əsas tapşırıqlardan biri iki ölkənin ordularının qarşılıqlı fəaliyyəti, hərtərəfli təminat suallarının və idarəetmənin təşkil olunmasıdır. İki ölkənin birgə təlimləri yuxarıda qeyd olunduğu kimi Ermənistanda böyük təşvişə yol açıb. Erməni hərbi ekspert Taron Hovhannisyan “Sputnik Armenia” agentliyinə müsahibəsində bildirib ki, ümumiyyətlə, son 4-5 il ərzində Azərbaycan və Türkiyə hərbi sahədə əməkdaşlığını fəallaşdırıb.  Onun sözlərinə görə, bu, Azərbaycan üçün NATO dövləti olan Türkiyə Silahlı Qüvvələrində hərbçilərini təkmilləşdirmək üçün yaxşı imkandır: “Türkiyə birbaşa olmasa da, hər fürsətdə Azərbaycan ordusuna dəstək verir. Silahlanma baxımından yardım edir və ehtimal edilən döyüş əməliyyatları olduğu halda hərbi sursat və silah tədarük edə bilər. Lakin indiki siyasi vəziyyət Türkiyənin Ermənistana qarşı fəal hərbi əməliyyatlara cəlb edilməsinə imkan vermir”.

Taron Hovhanisyan Azərbaycan-türkyə faktorunun bölgədə güclənməkdə oduğunu etraf edir: “Təlimlər yolu ilə qoşunların daimi cəmləşməsi adətən həyata keçirilmir. Lakin təcrübə onu göstərir ki, qoşunların irəli çəkilməsi və mövqelərin möhkəmləndirilməsinə cəhdlər edilir”. Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsindən narahatlığını gizlədə bilməyən Hovhannisyan, yeni hərbi hissələrin inşa edilməsindən də danışıb: “Təlimlər yolu ilə qoşunların daimi cəmlənməsi adətən həyata keçirilmir. Lakin təcrübə onu göstərir ki, qoşunların irəli çəkilməsi və mövqelərin möhkəmləndirilməsinə cəhdlər edilir. Bunu birdəfəlik yox, yeni hərbi hissələr inşa etməklə, ön xəttə yaxın qüvvələr yerləşdirməklə tədricən həyata keçirirlər. İndiki halda isə yeni hərbi hissələr inşa etdikləri barədə məlumatlar var”. Erməni ekspert, bu hərbi hissələrdən artıq bir neçəsinin istismara verildiyini və həmin hərbi hissələrdə yeni texnikalar yerləşdirildiyini xüsusi narahatlıqla vurğulayıb.

“Mövqe”