Ermənistana daha bir hərbi mesaj verildi

7 May 2019 10:00 (UTC+04:00)

Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgərlərini bu ölkənin ərazisində saxladıqca, bir müddət əvvəl Rusiya və ATƏT tərəfindən Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması məqsədi ilə təşkil olunan danışıqlar uğursuzluğa məhkumdur. Bunu Azərbaycan və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib. Onun  sözlərinə görə, Ermənisatan  qüvvələri hərbi əməliyyatlara başlasalar, Azərbaycan tərəfindən qarşısıalınmaz bir cavab alacaq. Ekspert qeyd edib ki, Ermənistan öz hərəkətləri ilə "yatmış əjdaha"nı oyada bilər.

Politoloq Natiq Miri qeyd etdi ki, İrəvan konstruktiv danışıqlar apararaq münaqişənin həlli yolunda ciddi addımlar atmadığı təqdirdə, birmənalı olaraq öz təcavüzkar hərəkətilə “yatmış əjdaha” nı oyadacaq: “Artıq tək ABŞ-dan olan ekspertlərə deyil, eyni zamanda Ermənistanın havadarları olan güc mərkəzlərinə də bəllidir ki, müharibə olduğu təqdirdə düşmən ölkə yox olma təhlükəsilə üz-üzə qalacaq. Çünki Azərbaycan ordusu öz təchizatı ilə birlikdə Ermənistan ordusu ilə müqayisədə həddən çox güclüdür. Bu fakt artıq heç bir dünya dövləti tərəfindən təkzib olunmur. 4 günlük aprel döyüşlərilə Azərbaycan Ordusu erməni müdafiə mifini tamamilə darmadağın etdi. Bu faktın özü göstərdi ki, indiki şəraitdə Azərbaycan üçün heç bir müdafiə qabiliyyəti deyilən bir anlayış mövcud deyil”

Birmənalı olaraq hər kəsə bəllidir ki, aktiv hərbi əməliyyatlar başlayacağı halda, İrəvan güclü Azərbaycan Ordusunun qarşısında duruş gətirmək gücündə deyil. Lakin buna baxmayaraq, işğalçı tərəf hələ də sülhə gəlmək istiqamətində real addımlar atmaqdan qaçır.

Həmsöhbətimiz də vurğuladı ki, Ermənistan Azərbaycan Ordusu qarşısında uzun müddət dirəniş göstərmək qabiliyyət və imkanına malik deyil: “Həmin faktın özü də göstərir ki, aktiv əməliyyatlar fazası başlayacağı təqdirdə, qısa müddətdə Dağlıq Qarabağ ətrafındakı 7 rayon azad olunacaq. Düşünürəm ki, məsələ bununla da bitməyəcək. Çünki həmin prosesin təsiri altında Ermənistan daxilində yeni ictimai-siyasi proses başladılacaq ki, bu da düşmən ölkədə böyük və ciddi qarşıdurmalara gətirib çıxaracaq. Bilirsiniz ki, inqilabla hakimiyyətə gələn Paşinyan hökumətinə qarşı çox həssas vəziyyətdə və böyük maliyyə imkanlarına malik Sarkisyan-Köçəryan sistemi mövcuddur.  Ona görə də indiki vəziyyətdə Ermənistan müdafiə nazirinin bəzi sərsəm açıqlamalarına rəğmən hər kəs əmindir ki, İrəvan Azərbaycana qarşı müharibə edə bilməz. İşğalçı ölkə hansısa qısa müddətli hərbi əməliyyatlara başlamaq qüdrəti və gücündə deyil. Sülh masası arxasında vaxt qazanmaq üçün müəyyən manipulyasiyalar etməyin özünün də təhlükəli olduğu heç kimə sirr deyil. Yəni Azərbaycan mövcud vəziyyətlə uzun müddət barışmayacaq. O mənada ki, əvvəllər Azərbaycan ciddi mənada ordu quruculuğu ilə məşğul idisə, artıq Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasında yer alıb. Təchizat baxımından hətta  bir çox ölkələrdən öndəyik. Belə olan təqdirdə, regional və qlobal səviyyədə problemin həlli üçün müəyyən münbit mühitin yaradıldığı da ortadadır. Belə olan halda Azərbaycan nədən oturub Ermənistanın oyunlarını gözləməlidir?

Azərbaycan ən azından lokal, sürətli və qısa müddətli hərbi əməliyyatlara başlayıb bir neçə strateji rayonu qaytarmaqla Ermənistanı çox rahatlıqla masa arxasına oturda bilər. Bundan sonra da Ermənistanla danışmaq daha asan olacaq. Ermənistanın havadarlarına gəldikdə, ortada Rusiya amili olduğu kimi, digər geosiyasi amillər də vardır. Yəni dünyanın super gücü olan ABŞ-ın, eyni zamanda Türkiyənin regionda geosiyasi maraqları var ki, bu baxımdan da Moskvanın açıq şəkildə Ermənistan tərəfdə iştirak etmək imkanları çox məhduddur.  Ona görə də amerikalı ekspert Piter Teysin həyəcan dolu açıqlamalarını qəbul edirəm.

Düşünürəm ki, bu açıqlama həm də Ermənistan rəhbərliyinə bir mesaj olaraq verilib. Baxaq görək, konkret nəticələr nədən ibarət olacaq. Hər bir halda, Ermənistanda hökumətin indiki durumda hansısa güzəştə gedəcəyi addım və fəaliyyəti gözə dəymir. O baxımdan Ermənistanın danışıqlar yolu ilə Dağlıq Qarabağdan kənar bir neçə rayonu qaytaracağına o qədər də ümid etmək olmaz. Çünki Paşinyanın bunu etmək imkanları çox məhduddur”.

Rüfət NADİROĞLU