ADAU-da elmi-tədqiqat işlərinin yekunlarına dair konfrans keçirilib

7 May 2019 18:29 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan universitet əməkdaşlarının 2018-ci ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, elmi-tədqiqat işlərinin nəticələri, onların istehsalata tətbiqinin əhəmiyyəti, dövlətimizin dəstəyi ilə son illərdə yaradılan və ən müasir standartlara cavab verən laboratoriyaların, mərkəzlərin tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və yüksək nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. İbrahim Cəfərov həmçinin Dövlətin aqrar təhsilə və elmə qayğısı nəticəsində görülən işlər sırasında uzun illər baxımsız vəziyyətdə qalan tədris-təcrübə təsərrüfatının tamamilə yenidən qurulmasından da danışıb, burada yaradılan bütün imkanların alimlərin, gənc tədqiqatçıların, magistrantların, habelə startapçı tələbələrin istifadəsi və onların innovativ layihələrinin icrası üçün tam açıq olduğunu bildirib.

Rektor onu da qeyd edib ki, 6 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun rəhbərliyi altında genişləndirilmiş kollegiya iclası keçirilib. İclasda nazirliyin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər. Kollegiya iclasında aprel ayı ərzində görülən işlərin hesabatı dinlənilib, konkret olaraq hər bir institut və Aqrar universitet qarşısında vəzifələr qoyulub. Qeyd olunub ki, aparılan elmi-tədqiqat işləri nazirliyin sifarişlərinə uyğun olaraq aparılmalı, fermerlərin istəkləri nəzərə alınmalıdır. Günün ikinci yarısında cənab nazir Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən institut rəhbərləri ilə görüş keçiriib. Görüşdə akademik Əhliman Əmiraslanov və digər institut rəhbərləri çıxış edib və hər iki tərəfin alimlərinin birgə fəaliyyətinin zəruriliyi qeyd olunub. Aqrar universitet olaraq bizim də üzərimizə mühüm vəzifələr düşür, hər zaman olduğu kimi bu gün də biz aqrar sahədə baş verən ciddi dəyişikliklərdə öncül sıralarda olacaq və bu işlərə öz töhfələrimizi verəcəyik.

Konfransın plenar iclasında professor Ziyad Abbasov “Dağətəyi əkin sahələrində torpaqqoruyucu texnologiyaların və texniki vasitələrin tətbiqi”, baş müəllim Niyaz Məmmədov “Kooperativlərin yaradılması və inkişafında subsidiyaların rolu”, baş müəllim Aytən Hüseynova “Bildirçinlərin salpinqo-peritonik xəstəliyində müxtəlif baytarlıq preparatlarının səmərəliliyinin və məhsulların keyfiyyət göstəricilərinə təsirinin öyrənilməsi” mövzuları üzrə məruzələr ediblər.
Əlihüseyn Şükürov.