Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafından kimlər narahat olur?

8 May 2019 09:30 (UTC+04:00)

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Siyasi Psixologiya Mərkəzində gənclər qarşısında Azərbaycan-Avropa münasibətləri haqqında mühazirə ilə çıxışı zamanı bildirib ki, bu gün Avropa İttifaqının (Aİ) Azərbaycanla, Azərbaycanın isə Aİ ilə münasibətləri yaxşılaşdırmağa ehtiyacı var:

"Biz Avropa ilə münasibətlərimizi yüksək səviyyədə qurmalıyıq və qururuq da. Biz Aİ ilə münasibətləri 1996-cı ildə imzalanmş və 1999-cu ildə qüvvəyə minən sənəd əsasında qurmuşuq. Aİ ilə münasibətlərdə yeni sənədin hazırlanması prosesi gedir".

Nümayəndə heyətinin rəhbəri onu da vurğulayıb ki, təəssüflər olsun ki, Azərbaycan Aİ ilə əlaqələrini nə qədər genişləndirilməsinə səy göstərsə, bir o qədər bu prosesə hansısa əngəllər, çətinliklər törətmək istəyənlər olur: "Hər bir halda biz bundan xəbərdarıq və bəzən Azərbaycana qarşı münasibət daha kəskin formada olur. AŞ PA-nın sonuncu iclası da göstərir ki Azərbaycana qarşı qeyri-obyektiv məsələləri gündəmə gətirmək cəhdləri mövcuddur”.

Aİ ilə Azərbaycan arasında yaxınlaşma hər iki tərəfin xeyrinədir. Yəni bu prosesdən hər iki tərəf udur. Amma buna baxmayaraq, nədənsə həmin prosesə əngəl yaratmaq istəyən qüvvələr də vardır.  Lakin bütün hallarda bu qüvvələr Azərbaycanın inkişafını istəməyən digər dairələr kimi fiaskoya məhkumdurlar.

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafından sevinməyən qüvvələr bu müstəvidə ölkəmizin nüfuzunun daha da yüksələcəyi, imicinin artacağından əndişələndiklərindən belə narahatlıq keçirirlər: “Həqiqətən də Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini genişləndirmək və inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, təəssüf ki, bu əlaqələrin inkişafı yolunda əngəlliklər yaratmaq, çətinliklər törətmək istəyən qüvvələr də vardır.

Hər bir dövlətdə digəri ölkəni istəyən, istəməyən qüvvələr də var. Hətta bir-birinə düşmən dövlətlər də mövcuddur. O cümlədən Azərbaycan da  Avropada bütün dövlətlərlə yaxşı münasibətlər qurub. Yalnız işğalçı Ermənistandan başqa. Azərbaycan Prezidenti də həmişə vurğulayıb ki, digər ölkələrlə dost, səmimi münasibətlərin, ikitərəfli əməkdaşlığın tərəfdarıyıq. Amma istər Avropada, istərsə də digər məkanda müəyyən dövlətlər də var ki, onlar özlərinin korporativ maraqlarından çıxış edir və bu  zaman Azərbaycana müəyyən əngəllər törətməyə çalışırlar. Burada erməni lobbisinin də əli vardır. Eyni zamanda, Avropada xristian faktoru da istisna deyil.

Bəzi qruplar var ki, müsəlman, türk dövlətlərinin inkişafını həzm edə bilmirlər. Avropaya inteqrasiya etmək Aİ, Avropa Şurası və digər bu kimi qurumlarla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək həm Azərbaycanın, həm də həmin birliklərin  xeyrinədir. Azərbaycan zəngin, inkişaf edən, demokratik dəyərlərə və ənənələrə hörmət edən bir dövlətdir. Ölkəmizdə ümumdövlət quruculuğu işləri də sürətlə gedir. Amma məsələnin başqa tərəfi də var. Neçə illərdir Türkiyə çalışsa da, onu Avropa Birliyinə qəbul etmirlər. Onun həmin quruma qəbul edilməməsi üçün heç bir problem, obyektiv səbəb də yoxdur. Amma Türkiyəni ora qəbul etmirlər. Eyni səbəbdən, Azərbaycana da neqativ münasibəti olan qüvvələr mövcuddur.

Digər tərəfdən, erməni lobbisi, onun tərəfdarları, himayədarları da bu və ya digər  şəkildə Azərbaycan-Aİ münasibətlərinə kölgə salmağa çalışırlar. Ancaq bütün bu əngəllərə baxmayaraq Azərbaycan diplomatiyası özünün güclü gedişləri ilə həmin çətinliklərə uğurla sinə gərə bilir. Cənab Prezidentimizin bütün səfər və görüşləri Azərbaycanın nüfuzunu daha da qaldıran səfər və görüşlərdir. İndi Azərbaycan dünyanın diqqət mərkəzində olan əsas dövlətlərdən biridir. Ona görə də Aİ, Avropa Şurası da ölkəmizlə daha sıx şəkildə əməkdaşlıq etməkdə maraqlıdır. Mövcud əngəl və maneələrə baxmayaraq, Azərbaycan öz yolu ilə irəliləyir və bütün dünya, o cümlədən Avropada öz nüfuzunu daha da artırır”.  

R. SOLTANOV