“Azərbaycan brendi” ilə satılan məhsullara dünyada tələb artır

8 May 2019 09:45 (UTC+04:00)

Son  bir neçə ildə ölkədə qeyri-neft sektorunun inkişafına prioritet yanaşma ixrac strategiyasının formalaşmasında ana xəttə çevrilib. Bu sektor inkişafının sürətinə görə digər sektorları üstələyir. Ən əsası da qeyri-neft məhsullarının çeşidi çoxalır, keyfiyyəti yüksəlir, məhsuldarlıq artır. Xüsusilə, kənd təsərrüfatı sahəsində ənənəvi iqtisadi metodların dirçəldilməsi və nütərəqqi xarici təcrübənin öyrənilməsi hesabına böyük irəliləyişlər baş verir. Nümunə olmaq etibarı ilə ölkəmizin iqtisadi inkişafı maraqlı və cəlbedici tendensiya sayıla bilər. Belə ki, dünya iqtisadiyyatı enerji daşıyıcılarından asılı olduğu qədər Azərbaycan iqtisadiyyatı belə bir asılılıq sindromundan azad olmaq yolunu gedir. Marağı artıran cəhət odur ki, hökumət təbii ehtiyatlarla intellekt yaradıcılığın iqtisadi sintezini uğurla həyata keçirir və inkişafı təmin edir. Təsadüfi deyil ki, Azərbaycan ötən il qeyri-neft məhsullarının ixracını 10% artırıb. Belə ki, 2018-ci ildə Azərbaycan 1 mlrd. 689 mln ABŞ  dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu, 2017-ci ilə nisbətən 151 mln. dollar çoxdur.

İxrac strategiyasının bəndlərinə uyğun olaraq, hazırda “Azərbaycan brendi” ilə məhsulların sertifikatlaşdırılması sürətlə genişlənir. Bu o deməkdir ki, bizim məhsullar qablaşdırılmasına və zahiri görünüşünə görə beynəlxalq standartlara uyğunlaşır. İlk baxışda sadıə bir məsələ kimi nəzərə çarpsa da əslində bu proses mühüm əhəmiyyətə malikdir. Çünki, bazarlarda, xüsusilə də inkişaf etmiş ölkələrin alıcılıq qabiliyyəti yüksək olan bazarlarında yalnız məhsula olan istehlak tələbatı ilə öyünmək mümkün deyil. Çünki, imkanlı alıcının dünyagörüşü, zövqü, ilkin təəssüratı da yüksək olur və tələbat orqanizmin qidalanması ilə yanaşı digər amilləri də nəzərə almaqla formalaşır. Bu mənada “Azərbaycan brendi” tələbləri ödəyir və yayılma arealını ildən-ilə genişləndirir. Lakin zahiri gözəlliyin daxili keyfiyyətlə uzlaşması da əsas komponentlər sırasındadır. Ona görə ki, alıcılar pulu havayı qazanmadıqları kimi havayı xərcləməyi də düşünmürlər.

Keyfiyyət! İxrac strategiyasının əvəzedilməz komponenti. Azərbaycan günəşinin şəfəqlərindən od alıb münbit torpağının bioloji resursları ikə zənginləşən ərzaq məhsulları indi ən zəngin bazarlara inteqrasiya olunmağa başlayıb. Çünki, bir çox məhsullarımız xaricdə, məsələn, Rusiyada dillər əzbəridir. Hazırda Bu ölkədə, habelə Çində, Mərkəzi Avropa və MDB-nin bəzi ölkələrində Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir və ixrac xəritəsinin genişlənməsinə və məhsullarımızın tanınmasına xidmət edir. Qeyd edək ki, nəticələr uğurludur. Ötən il Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının siyahısında ilk yerləri pomidor (177,4 mln. dollar dəyərində), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda, 118 mln. dollar dəyərində) və xurma (114,5 mln. dollar dəyərində) olub.

Ümumiyyətlə, ötən il meyvə-tərəvəz ixracı 560 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 118,6 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 mln. dollar, elektrik enerjisinin ixracı 65,6 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 mln. dollar, pambıq lifi ixracı 80,5 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 78,1 mln. dollar, pambıq ipliyi ixracı 24 mln. dollar dəyərində olub. İllik müqayisədə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29%, pambıq ipliyinin ixracı 49%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17%, meyvə-tərəvəzin ixracı 11%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4% artıb.

Ölkənin ixrac fəaliyətində Azexport.az portalının özünəməxsus rolu var və təkcə keçən il portala 514 mln. dollarlıq ixrac sifarişi daxil olub. Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 178 ölkədən məhsul alınıb. Ərəb ölkələrində və Okeaniyada məhsullarımıza tələbatın yaranmasında və get-gedə artmasında portal əhəmiyyətli iş görür.  Hazırda portal Amerika bazarını fəth etmək üzərində işləyir. Bu istiqamətdə uğuru təmin etmək üçün ölkədə istehsal edilən məhsul növləri haqda məlumatları portala yerləşdirməklıə yanaşı iqtisadçı ekspertlərin, mütəxəssislərin rəylərinə də geniş yer verilir. İxracatçıların “Bir pəncərə” sistemi ilə sertifikat almaları işinə də portal yaxından dəstək verir.

İxrac strategiyasının konturları bu işdə genişlənməni elə bir sürətlə artırır ki, yaxın bir neçə ildə bütün qitələrdə “Azərbaycan brendi”nin kök salacağına dərin inam yaradır.

N.NOVRUZ