Azərbaycan müharibə illərində- İkinci Dünya Müharibəsi

7 May 2019 16:15 (UTC+04:00)

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı «Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi. Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin «Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi. Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Onun da igid oğul və qızları sovet-fin müharibəsi cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər. Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son

nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. 1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar. Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə 416-cı diviziya «Taqanroq diviziyası», döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya «Temryuk divİziyası», 271-ci diviziya «Qarlov diviziyası», 77-ci diviziya «Simferopol diviziyası» və 223-cü diviziya «Belqrad diviziyası» adını

qazanmışdılar. 223-cü və 416cı diviziyalar Odessa və Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər. 416-cı diviziya Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi, Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.1944-cü ildə Şimali Transilvaniyanın Mağara şəhəri uğrunda döyüşlərdə göstərdiyi misilsiz igidliyə görə Gəray Əsədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuıuşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada «Dyadya Kolya» partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, «Armed Mişel» (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və en yüksək fəxri adı — «Fransanın Milli Qəhrəmanı», şəxsi igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox fa-şist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Partizan dəstəsində onunla yanaşı T.Əliyev, D.İsmayılov, Ə.Məmmədov, M.Seyidov və b. da döyüşmüşdülər. Bunlardan başqa Yuqoslaviya Xalq Azadlıq ordusu sıralarında onlarla azərbaycanlı faşizmə qarşı vuruşmuşdu. Onlardan 50 nəfəri Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdülər. Onlardan partizan qərargahının rəisi D.Həkimli, bölmə komandirləri M.Abdullayev və A.Məmmədov, pulemyotçu V.Hüseynov, həkim R.Ağazadə, feldşer M.Qulubəyov və b. fərqlənmişdilər. İtaliyada partizan dəstələrində vuruşan Ə.Babayev, H.Nadirov, M.Nəzərov, İ.Məmmədov, V.Hüseynov, Ş.Məcidov, A.Mirzəyev, M.Nəcəfov, H.Əskərov, M.Abdullayev, S.Səfıyev və b. Şimali İtaliyanın azad edilməsində fəal iştirak etmişdilər. Əli Babayev Qaribaldi adına batalyonun komandiri olmuş, «Hərbi şücaətinə görə» gümüş medalla təltif olunmuşdu. Vilayət Hüseynov İtaliya faşistlərinin lideri B.Mussolini həbs edənlərdən biri olmuşdu. Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

Müharibə illərində azərbaycanlılar antisovet hərəkatında da iştirak etmişdilər. Baltikyanı ərazilər uğrunda gedən döyüşlər zamanı əsir düşən Əbdürrəhman (Əbo) Fətəlbəyli Düdənginski Hitlerin razılığı ilə azərbaycanlılardan ibarət hərbi dəstələr yaratmışdı. Azərbaycanlılardan yaradılan hərbi legion Fransanın cənubunda müttəfiqlər əleyhinə döyüşlərdə iştirak etmişdilər. Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin payızında M.Ə.Rəsulzadəni Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin azad edilməsi, onlardan milli ordu yaradılması məsələləri müzakirə edilmişdi. Hitler 1941-ci il dekabrın 22-də başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz müsəlmanlarından xüsusi hərbi hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından təşkil edilmiş hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox döyüşçüsü olan «Aslan», «Dönməz», «Qafqaz», «Vətən» və b. hərbi dəstələr də bu döyüşlərdə iştirak etmişdilər. 1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı. Həmin ilin may ayında xüsusi

azad türk diviziyası (162-ci piyada diviziyası) yaradılmışdı. Diviziyanın tərkibində Azərbaycan legionu da var idi. Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə hitlerçilərlə əlaqəni kəsmişdi. O, Almaniyanı tərk etməli olmuşdu. 1943-cü ilin payızında Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti və hökuməti yaradılmışdı. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq etmişdi. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi. 1942-ci ilin iyul ayında DTK-nin işçisi erməni Aruşanovun uydurma ittihamı əsasında Bakının müxtəlif Ali və Orta ixtisas məktəblərindən olan 8 nəfər tələbə həbs olunmuşdu. Onlar əsassız olaraq antisovet millətçi təşkilat yaratmaqda təqsirləndirilmişdilər. Erməni müstəntiqləri Aruşanovun, Qriqoryanın və Arustamovun əsassız ittihamnaməsi əsasında onlar 1942-ci ilin oktyabrın 31-də mühakimə olunmuşdular. Mühakimə prosesi cəmi 45 dəqiqə çəkmişdi. Mühakimə olunanlardan İsgəndərov Süleyman ƏliAbbas oğlu, Tağıyev Ələsgər Əli Səttar oğlu və Rzayev Məmmədhüseyn Həbib oğlu məhkəmənin hökmü ilə 1942-ci il dekabrın 24-də güllələnmişdilər. Mustafayev Çingiz Seyfulla oğlu, Ağayev Hüseynağa Mirhəşim oğlu, Məmmədov Ağa Ələsgər Rza oğlu, Rzayev Saleh Əbdülhüseyn oğlu və Mehdiyev Zaman Zeynal oğlu 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin işdə adları çəkilən Həbibzadə Şükür 1942-ci ilin noyabrında 8 il həbsə və Rüstəmov Ramiz isə dekabr ayında güllələnməyə məhkum olunmuşdu. Lakin 1943-cü ilin fevralında onun cəzası 10 il həbslə əvəz edilmişdi. Lakin sonradan apardan yoxlamalar nəticəsində sözügedən iş üzrə hökmün əsassız və uydurma olduğu sübuta yetirilmiş, 1960-cı il yanvarın 5-də isə ona xitam verilmişdir. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması genişləndirilmişdi.

Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. O zaman SSRİ-nin əsas duru yanacaq-neft bazası olan Bakının rolu artmışdı. Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi. Motorlu hərbi texnika demək olardı ki, əsasən Bakının verdiyi yanacaqla işləyirdi. 1941 1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda «Katyuşa» raketi, «Şpakin pulemyotu» istehsal edilir, «YAK — 3» qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı. Azərbaycanın kənd əməkçiləri də müharibə illərində döyüşən cəbhəyə əllərindən gələni etmişdilər. Onlar ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. Azərbaycan zəhmətkeşləri təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar vermişdilər. 1941 — 1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdilər. Öz vəsaitləri hesabına tank və təyyarə kolonnaları təşkil etmişdilər. Azərbaycanın alimləri də müharibə illərində şərəflə işləmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər. Bütün ziyalıların, o cümlədən yaradıcı ziyalıların fəaliyyəti faşizm üzərində qələbəyə yönəldilmişdi. Beləliklə, ikinci dünya müharibəsində faşizm və militarizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini vermişdi.

Azərbaycanlılar müharibədə · İKINCI DÜNYA MÜHARIBƏSI

Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler orduları özlərinin məğlübedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdılar. Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına məruz qalmış əfsanəvi Brest qalasının müdafıəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdi. Onlardan M.Qədirovun, İ.Səfərovun, D.Abdullayevin, İ.Dadaşovun, A.İmanovun, M.Məmmədovun, A.Qafarovun, Ə.Mansurovun, Ə.Əliyevin və bir çox başqalarının göstərdikləri mərdlik və igidlikləri indi də iftixar hissi ilə xatırlanır.9 1941-ci il iyunun 30-da düşmən mühasirəsindən çıxmaq uğrunda əlbəyaxa döyüşdə A.İmanov və İ.Səfərov igidlik göstərmiş, faşistləri geri oturtmuşdular. Leytenant D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi 7 gün düşmən hücumuna sinə gərib onlarla faşisti məhv etmişdi. Prut çayı yaxınlığında gedən döyüşdə siyasi işçi Kamal Qasımov 6 döyüşçü ilə birlikdə 3 gecə arasıkəsilməyən atəş altında 3 körpünü partladaraq düşmənin çaydan keçməsinin qarşısını almış, dördüncü gün igidliklə həlak olmuşdu.

Leninqrad müdafıəçisi, snayperçi M.İsmayılov iyulun 22də Sovet sərhədini keçmək istəyən 11 düşməni sərrast atəşlə məhv etmiş və igidliyinə görə Lenin ordeninə layiq görülmüşdü. Azərbaycanlı şahin, dəniz aviasiyası leytenantı Hüseynbala Əliyevin əfsanəvi igidliyi heç vaxt unudulmayacaq. Bu cəsur təyyarəçi Leninqrad səmasında gedən ilk döyüşlərdə 4 faşist təyyarəsini vurub yerə salmışdı. 1941-ci il iyulun 17-də Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən cəsur döyüşçü 17 yara almasına baxmayaraq öz qırıcısını yerə endirə bilmişdi. Hüseynbalanın hava döyüşünü və onun aldığı ölümcül yaralara baxmayaraq, yerə enmək bacarığını müşahidə edən döyüş yoldaşları onun qəhrəmanlığına heyran qalmışdılar. Göstərdiyi igidliyə görə

H.Əliyev ölümündən sonra Lenin ordeni ilə təltif edildi. Digər təyyarəçi Yusif Quliyev 1941-ci ilin yayında Leninqrad müdafıəsində yüksək cəsarət göstərmişdi. Yusif 4 faşist təyyarəsi ilə təkbaşına döyüşə girərək onlardan ikisini məhv etmişdi. Müharibənin dördüncü günü, iyunun 25-də Qara Dəniz Donanmasının 63-cü aviasiya briqadasının təyyarəçisi Məzahir Abbasov hitlerçilərin bazasını bombalamaq tapşırığını yerinə yetirərkən düşmən təyyarələrinin hücumuna məruz qalır. Qorxmaz şahin təyyarəsini düz düşmən təyyarəsinin üstünə şığıyır, onlardan birini vurub yerə salır, digər düşmən təyyarəsini isə qaçmağa məcbur edir. Ancaq təyyarəsinin yandığını görən Məzahir onu ustalıqla dənizə endirə bilmiş və bir neçə gün su üzərində qalmışdı. Göstərdiyi igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Baltik səmasının qorunmasında Rizvan Zeynalov da fərqlənmiş və igidlik göstərmişdi. Məzahir Abbasov və Rizvan Zeynalov 1941-ci ildə ilk dəfə olaraq Berlinin bombardman edilməsində iştirak etmişlər. 1941-ci ilin yayında Poltava yaxınlığında gedən döyüşlərdə R.Rəfıyevin tankçılar bölməsi düşmənin 2 tankını, 16 topunu, 50-dən artıq əsgərini məhv etmişdi.

Müharibənin ilk günlərində Qərb cəbhəsində gedən döyüşlərdə 11 min həmyerlimiz iştirak etmiş, böyük igidliklər göstərmişlər. Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan döyüşçüləri fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan Həzi Aslanov qeyri-adi sərkərdə bacarığına və göstərdiyi qəhrəmanlığa görə Qırmızı Ulduz ordeni ilə təltif olundu. 1941cü ilin noyabrında Moskva ətrafında göstərdiyi şücaətə görə Müseyib Allahverdiyev Qırmızı Ulduz ordeninə layiq görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri Moskva ətrafında 10 düşmən təyyarəsini vurmuşdu. M.Paşayev Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. Pulemyotçu İdris Vəliyev Borodino çölündə ağır yaralanmasına baxmayaraq, 75-dən artıq faşisti məhv etmişdi. İ.Vəliyev Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Moskva uğrunda gedən döyüşlərdə baş serjant İsrafıl Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. İ.Məmmədovun dəstəsi Novqorod vilayətinin Pustınka kəndi yaxınlığında mövqe tutmuşdu. Güclü top atəşindən sonra minə qədər faşist bu mövqeyə hücum etdi. İ.Məmmədov cəsarətli əmr verdi: düşmən 10-15 metr məsafəyə buraxılsın. 10 saat qanlı vuruşma getdi, sonra əlbəyaxa vuruşma başladı. Döyüşlərdə yüksək iradə və qəhrəmanlıq göstərən İ.Məmmədov özü təkbaşına 700 faşist öldürdü. Göstərdiyi igidliyə görə İsrafıl Məmmədova 1941-ci il dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı adı verildi. İsrafıl Məmmədov Sovet İttifaqı

Qəhrəmanı adını alan ilk azərbaycanlı idi. Düşmənə qarşı ölüm-dirim mübarizələrində göstərdiyi şücaətə və igidliklərə görə gənc zabit N.Bağırov Qırmızı Ulduz, kapitan A.Abbasov Qırmızı Bayraq ordenlərinə layiq görülmüşdülər. Stalinqrad yaxınlığında döyüşlərdə fərqlənən pulemyotçu Ə.Rəcəbov Lenin ordeni ilə, A.Axundov Qırmızı Bayraq və Qırmızı Ulduz ordenləri ilə, təyyarəçi qadın Züleyxa Seyidməmmədova «Stalinqradın müdafıəsi uğrunda»medalı ilə təltif edilmişlər. Stalinqrad ətrafında 55-ci xüsusi tank alayının komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirdi. Həzi Aslanovun tank briqadası ağır döyüşlər apararaq bir neçə yaşayış məntəqəsini düşmənlərdən azad etdi. Bu döyüşlərdə düşmənin 49 tankı, 14 minamyot batareyası, 3 piyada rotası, 50 avtomobili məhv edildi, 1400 hitlerçi əsir götürüldü. 1942-ci il dekabrın 31-də SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Qeyd etmək lazımdır ki, Sovet ordusu Stalinqrad uğrunda gedən vuruşmada alman-faşist qoşunlarına sarsıdıcı zərbə endirdi, Hitlerin ən çox inandığı, feldmarşal Paulüs başda olmaqla 24 general, 330 min nəfər əsgər və zabit əsir alındı. Faşistlər Stalinqrad uğrunda gedən döyüşlərdə 1,5 milyon canlı qüvvə, 3 mindən çox tank, top və minamyot, 4,4 min döyüş və nəqliyyat təyarəsi itirdilər. Stalinqrad döyüşlərində böyük və həlledici dönüş baş verdi və Sovet ordusunun əks — hücum əməliyyatları genişləndi. Kəşfıyyatçı Əli Kərimov və baş leytenant Həmzə Sadıxov qorxmaz kəşfıyyat işləri apararaq feldmarşal Paülsün əsir alınmasında fəal iştirak etdiklərinə görə Qırmızı Ulduz ordeninə layiq görülmüşlər. 1600-dən artıq azərbaycanlı «Stalinqradın müdafıəsi uğrunda» medalı ilə təltif olunmuşdur.

Hitlerin işğal planında Qafqaz, o cümlədən Azərbaycan, xüsusilə Bakı diqqət mərkəzində idi. Moskva yaxınlığında darmadağın edilən faşist orduları Hitleri qəzəbləndirdi və cənub istiqamətində güclü hücum planını hazırladı. Stalinqrad və Qafqaz uğrunda ağır döyüşlər aparılırdı. Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı işğal etmək üçün Hitler nəhəng ordu və canlı texnikanı bu istiqamətə yeritdi. Qafqaz xalqlarının ağır günləri başlandı. Zaqafqaziya xalqlarının faşist əsarəti altına düşmək təhlükəsi ilə bağlı Azərbaycanda mürəkkəb vəziyyət yarandı. Cəbhəni təchiz etmək üçün şimaldan əlaqə kəsildi. Mərkəzlə əlaqə Orta Asiya vasitəsilə saxlanırdı. Bu isə işi xeyli çətinləşdirirdi. Belə bir zamanda Azərbaycanda olan iri müəssisələrlə

yanaşı, xırda müəssisələr də gecə-gündüz işləmək zorunda qaldı. 1942-ci il avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist mitinqi keçirildi. Mitinqdə Səməd Vurğun alovlu nitq söylədi və bütün Zaqafqaziya xalqlarını düşmənə qarşı ölüm-dirim mübarizəsinə səslədi. Beş ay davam edən Qafqaz uğrunda döyüşlərdə (25 iyul — 31 dekabr 1942) yüz mindən çox həmyerlimiz həlak oldu. Qafqaz uğrunda gedən döyüşlərdə Xanqulu Sadıqov bir döyüşçü ilə 1942-ci ildə avqustun 25-dən 29-dək düşmənin 300 canlı qüvvəsini məhv etmişdi. X.Sadıqov igidliyinə görə Lenin ordeni ilə təltif olundu. 1942-ci ilin oktyabrında Qafur Məmmədov şücaət və igidlik göstərərək 13 faşisti məhv etdi. Qafur Məmmədov alman avtomatçısının rota komandiri Z.Santskini nişan aldığını görərək, sürətlə irəli atıldı və öz həyatı bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qafur Məmmədova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. «Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!»- deyə döyüşçü yoldaşlarını qələbəyə ruhlandıran və döyüş meydanında igidlik göstərən İdris Süleymanov Mozdok rayonunda qəhrəmanlıq nümunələri göstərmişdir. 13 dekabr 1942-ci il tarixli fərmanla İ.Süleymanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Mozdok rayonunda 402-ci atıcı diviziyasının 833 saylı alayının komandiri Akim Abbasovun döyüşçüləri düşmənin 96 tankını, 2 zirehli maşınını və çoxlu faşist məhv etmişdi. Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və medallarla, mayor A.Abbasov isə Qırmızı Bayraq ordeni ilə təltif olunmuş, ona podpolkovnik hərbi rütbəsi verilmişdi. Qafqazın müdafıəsi uğrunda döyüşlərdə leytenant Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdi. Göstərdiyi igidliyə görə Z.Bünyadov Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. 1945-ci ilin yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi şücaətə görə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Tibb işçisi Qüdrət İsmayılov igidliyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi. İgid şahin Adil Quliyev düşmənin 18 təyyarəsini məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Kursk qövsündə 800 faşisti məhv edən və qeyri-bərabər döyüşdə özü də qəhrəmancasına həlak olan İ.İlyasova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Pulemyotçu Ağaşirin Cəfərov 500-dən artıq faşist

öldürmüşdü. Göstərdiyi igidliyə görə A.Cəfərov 1943-cü il 1 noyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü ilin oktyabrında 300 hitlerçini məhv edən Mehdi Quliyev 1943-cü il 17 noyabr tarixli fərmanla Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü il 26 oktyabr tarixli Fərmanla Məmməd Ələkbərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Ukrayna torpaqlarının azad edilməsində Məlik Məhərrəmovun adı iftixarla çəkilir. Dneprin keçilməsində göstərdiyi igidliyə görə 1943-cü il sentyabrın 27də Məlik Məhərrəmova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dneprin keçilməsində igidliyinə görə Məmməd Məhərrəmova və Səlahəddin Kazımova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Kiyevin azad edilməsində igidliyə görə Xıdır Mustafayev 1944-cü il 10 yanvar tarixli Fərmanla Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Döyüşdə göstərdiyi igidliyə görə Əmir Piriyevə 1944-cü il mayın 7-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Belarusiyanın azad olunmasında qvardiya general mayoru, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük müvəffəqiyətlər qazandılar. Həzi Aslanovun tank briqadası və şəxsən özü əsl igidlik və qəhrəmanlıq nümunələri göstərdilər. Onun briqadası Ali Baş Komandanın təşəkkürünə layiq görüldü. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Lakin ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona çox gec — 1991-ci il iyunun 21-də verildi. 1945-ci il yanvarın 24-də Həzi Aslanov müəmmalı şəkildə yaralandı və həlak oldu. Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Qəzənfər Əkbərov, Bəhyəddin Mirzəyev, Yusif Sadıxov və başqaları Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.

Böyük Vətən Müharibəsi illərində Azərbaycanda yaradılan dörd milli diviziya — 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və Böyük Vətən Müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Bu diviziyalardan başqa 227-ci və 271-ci diviziyalar da komplektləşdirildi ki, onların da şəxsi heyyətinin 30%-dən 70%-ə qədəri azərbaycanlı idi. Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə 77-ci diviziyaya SSRİ Ali Soveti Rəyasət Heyyətinin 24 aprel 1944-cü il tarixli Fərmanı ilə «Simferopol diviziyası» fəxri adı verilmiş, onun şərəfınə Sapundağda abidə ucaldılmışdı. Tarixə 77-ci Simferopol diviziyası adı ilə daxil olan bu şanlı hərbi birləşmə 1922-ci il iyulun 6-da Azərbaycan Xalq Hərbi Dəniz Komissarlığının 207/a

nömrəli əmri ilə yaradılan Azərbaycan atıcı diviziyasının varisidir. Vaxtilə bu diviziyaya Cəmşid Naxçıvanski rəhbərlik etmişdi. Qambay Vəzirov, Cabir Əliyev, Rəhim Aslanov kimi azərbaycanlı hərbiçilər bu diviziyada böyük hərbi məktəb keçmişlər. Qafqazın müdafıəsində və bütövlükdə Şimali Qafqazın azad edilməsində, habelə Krımın və Ukrayna torpaqlarının düşməndən təmizlənməsində 77-ci diviziyanın böyük rolu və tarixi xidmətləri olmuşdur. Suvorov ordenli 77-ci diviziya müharibə illərində 10.900 km-lik döyüş yolu keçmiş, yüzlərlə kənd və şəhəri faşistlərdən azad etmişdir. Diviziyanın 11.237 nəfər əsgər və zabiti orden və medallarla təltif olunmuşdur. 77-ci diviziyanın döyüşçüləri düşmənin 26.400 əsgər və zabitini məhv etmiş, 14.300 nəfəri əsir götürmüş, 2333 avtomobilini, 18 təyyarəsini məhv etmişlər. 416-cı Suvorov ordenli Taqanroq atıcı diviziyası 1942-ci il noyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə — 27 ay fasiləsiz vuruşmalarda 2500 km-dən artıq şərəfli döyüş yolu keçmiş, 7900 kv.km-lik Sovet ərazisini düşməndən azad etmiş, 40 çayın üzərindən adlamış, düşmənin 22 mindən artıq canlı qüvvəsini məhv etmiş, 5474 nəfəri əsir götürmüş, onlarla tankını, 195 topunu, 210 pulemyotunu, 31 minomyotunu, 800 atəş nöqtəsini, 68 anbarını məhv etmiş, 17 tank, 8 özüyeriyən qurğu, 297 top, 1067 əl pulemyotu, 818 avtomaşın, 240 parovoz ələ keçirmişdi. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet ittifaqı Qəhrəmanı adını almış, 11 nəfəri Lenin ordeni, 358 nəfəri Qırmızı Bayraq ordeninə layiq görülmüşdür. Diviziyanın 14.369 nəfər döyüşçüsü orden və medallarla təltif olunmuşdur. Taqanroq şəhərini azad etdiyinə görə ali Baş Komandanın əmri ilə 416-cı diviziyaya «Taqanroq» fəxri adı verilmişdi. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən 416-cı Taqanroq diviziyası 1945-ci il mayın 2-də Berlinin Brandenburq darvazasına qələbə bayrağı sancmışdı. Azərbaycan diviziyaları Ukraynanın, Belorusiyanın, Polşanın, Çexoslovakiyanın, Rumıniyanın, Macarıstanın, Yuqoslaviyanın azad edilməsində fəal iştirak etmişlər. Ukrayna ərazilərinin alman — faşist işğalçılarından azad olunmasında fəal iştirak edən 223-cü Azərbaycan diviziyası Bolqarıstanın, Macarıstanın, Rumıniyanın, Yuqoslaviyanın azad edilməsində böyük xidmətlər göstərmişdir. Bu diviziya Yuqoslaviyanın paytaxtı Belqrad uğrunda göstərdiyi rəşadətə görə «Belqrad diviziyası» fəxri adına layiq görülmüşdü. 223-cü diviziya 3660 km qəhrəman döyüş yolu keçmiş, 8200 kv km ərazini işğalçılardan azad etmiş, düşmənin 55 min əsgər və zabitini məhv etmiş, faşistləri ağır itkilər verməyə məcbur etmişdir. Diviziyanın döyüşçüləri 9 dəfə Ali Baş

Komandanlıq tərəfındən qiymətləndirilmişdir. 3-cü Ukrayna cəbhəsinin komandanı, marşal F.İ.Tolbuxin diviziyanın döyüşçülərinin qəhrəmanlığını xüsusi qeyd etmişdir. 271-ci Azərbaycan diviziyası Polşanın və Çexoslavakiyanın faşistlərdən təmizlənməsi uğrunda aparılan döyüşlərdə fərqlənmişlər. 1943-cü ilin sentyabrında «Donetsk» əməliyyatında göstərdiyi rəşadətə görə 271-ci diviziyaya fəxri «Qorlovka» adı verilmişdi. Diviziyanın igid döyüşçülərindən olan Z.Bünyadov, A.Vəzirov, M.Abdullayev və b. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-ci atıcı diviziya Taman yarımadasının faşistlərdən azad edilməsində fərqləndiyinə görə ona «Temyurq» fəxri adı verilmişdi. 1944-cü ilin aprelində Yalta və Feodosiya uğrunda vuruşmalarda 227-ci diviziyanın döyüşçüləri düşmənin 5000 əsgər və zabitini məhv etmiş, 8000 nəfərini əsir götürmüş, 400 avtomobilini, 7000 at və çoxlu qənimət ələ keçirmişlər. Göstərdiyi şücaətə görə diviziya Qırmızı Bayraq ordeni ilə, 2300 döyüşçü isə müxtəlif orden və medallarla təltif olundu, üç alay isə fəxri «Sevastopol"» adına layiq görüldü. Diviziya Yassı-Kişinyov əməliyyatında, Macarıstan və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir.

Azərbaycanın oğul və qızları partizan müharibələrində və antifaşist müqavimət hərəkatlarında da böyük qəhrəmanlıqlar göstərmişlər. Əfsanəvi qəhrəman «Mixaylo» ləqəbli Mehdi Hüseynzadənin İtaliyada və Yuqoslaviyada şərəfli mübarizəsi bütün nəsillərə nümunədir. Bu gün onun məzarı milyon milyon insanların ziyarətgahına çevrilmişdir. 1957-ci il aprelin 11-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Fransız generalı Şarl-De Qollun rəhbərlik etdiyi müqavimət hərəkatı tarixinə şanlı səhifələr yazmış, Xarqo təxəllüsü ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, dövlət bayrağından irəli getmək şərəfınə layiq görülmüşdür. Azərbaycan övladları Vətəndən uzaqda olmalarına baxmayaraq, onların faşizmə qarşı nifrəti bir an belə səngiməmiş, bütün vasitələrdən istifadə edərək düşmənlə ölümdirim mübarizəsinə qalxmış xalqlara qoşularaq, bir sıra bölgələrdə belə mübariz və döyüşən dəstələrə rəhbərlik etmişlər.