Oqtay Əsədov İtaliyada görüşlər keçirib

8 May 2019 16:40 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyada bu ölkənin Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb.

MM-in Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, O.Əsədov İtaliya Respublikası Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olub.

Milli Məclisin sədri İtaliya Respublikası Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.

O.Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq, səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarışlıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov diqqətə çatdırıb ki, ölkələr arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmlilərindən biri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamədir: “İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. TANAP, TAP, “Cənub Qaz Dəhlizi” layihələri əlaqələrimizin daha da inkişaf edəcəyinə inamı artırır. Hazırda Azərbaycanda 50-dək italyan şirkəti fəaliyyət göstərir, bu şirkətlərin sayı getdikcə çoxalacaq”.

O qeyd edib ki, ölkələr arasında mədəni, humanitar əlaqələr də inkişaf edir: “Heydər Əliyev Fondu iki ölkə arasında siyasi, mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr yaxşı səviyyədədir, dostluq qruplarının işini yüksək qiymətləndirirəm”.

Görüşdə Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb.

O bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. MM sədri İtaliya Senatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına gələcəkdə də öz dəstəyini verəcəyinə inamını ifadə edib.

Maria Elisabetta Alberti Kasellati Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı əlaqələrin qurulduğunu, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Senatın sədri Heydər Əliyev Fondunun İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən tarixi abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar əlaqələrin daha da genişləndirilməsinin önəmini xüsusi vurğulayıb.

Maria Elisabetta Alberti Kasellati İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyini söyləyib. Senatın sədri bildirib ki, İtaliya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır.

Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Senatın sədri deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.

Səfər zamanı Oqtay Əsədov İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

İkitərəfli münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini deyən Oqtay Əsədov, İtaliya və Azərbaycanın siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıq əlaqələrindən danışıb. O bildirib ki, İki ölkə arasında əməkdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində daha da möhkəmlənib.

O.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2005, 2008 və 2014-cü illərdə İtaliyaya rəsmi və 2011 və 2015-ci illərdə işgüzar səfərlərini xüsusilə xatırladıb.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk rəsmi səfərinə diqqət çəkən Oqtay Əsədov diqqətə çatdırıb ki, bu səfər dövlətlərarası münasibətlərimizin tarixində mühüm əhəmiyyət kəsb edib.

İtaliya və Azərbaycanın mədəni əlaqələrindən söz açan Oqtay Əsədov vurğulayıb ki, Heydər Əliyev Fondu siyasi və mədəni əlaqələrin möhkəmlənməsində əvəzedilməz işlər görməkdədir”Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirildiyi layihələr iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfə verir”.

O vurğulayıb ki, Mehriban Əliyeva keçən il İtaliyaya rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombaların açılış mərasimində iştirak edib: “Ölkələr arasında əlaqələrin inkişafında parlamentlər yaxından iştirak edirlər. Son illər Azərbaycan Milli Məclisi ilə İtaliya parlamentinin hər iki palatsı arasında sıx əməkdaşlı yaranıb. Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsində yaxından maraqlıdır. Azərbaycan Avropa institutları ilə yaxından əməkdaşlıq edir”.

İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko bildirib ki, ölkələr arasında olan münasibətlər yüksək səviyyədədir, parlamentlər arası əlaqələr də inkişaf edir yaxşı səviyyədədir. Bu da iki ölkə arasında olan münasibətlər öz töhfəsini verir.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Qeyd edilib ki, münaqişəyə dair İtaliya Senatının qəbul etdiyi “Cənubi Qafqazda vəziyyətlə bağlı” Qətnamə çox mühüm və tarixi əhəmiyyətə malikdir. Bu qətnamədə İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə, Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prisipinə böyük önəm verdiyi öz əksini tapıb.

Oqtay Əsədov İtaliya Parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Dostluq Qrupu və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə də görüşüb.

Görüşdə ölkələr arasında olan münasibətlər yüksək səviyyədə olduğu, parlamentlərarası əlaqələrin də yaxşı səviyyədə olduğu qeyd edilib.

Onun sözlərinə görə, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır: “İndiyədək İtalyanın Azərbaycanda ticarət, sənaye, tikinti, xidmət, bank və sığorta sahələrində 100 şirkəti qeydiyyata alınıb. 2018-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6.22 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın xarici ticarətinin 20,11 faizinə bərabərdir. Cari ilin yanvar-mart ayları ərzində isə iki ölkə arasında 1.48 milyarda ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirilib. Bu gün hər iki ölkənin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər yüksək olsun. Vurğulanıb ki, ölkələrimiz arasında mütəmadi olaraq qarşılıqlı biznes forumları işgüzar görüşlər keçirilir”.

Görüşdə enerji sahəsindəki əməkdaşlıqdan da danışılıb. Qeyd olunub ki, son illərdə Azərbaycan-İtaliya əlaqələri ikitərəfli münasibətlər müstəvisindən kənara çıxaraq bütövlükdə Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fəzasına qədəm qoyub.

“Bizim Şahdəniz, Abşeron, Ümid və digər yataqlarımızda təsdiq olunmuş 2.5 trilyon kubmetr qaz ehtiyatları vardır ki, bu da gələcək 100 il ərzində bizə və tərəfadaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP qaz boru kəmərləri bu yataqlardan hasil olunan təbii qazı Avropa bazarına çıxaracaq. Bu layihələr, ümumilikdə Avropanın, o cümlədən İtaliyanın da enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla da Avropa və İtaliya özünün enerji təminatında şaxələndirməni təmin etmiş olacaqdır. Bu layihələrin (Şahdəniz-2, TANAP, TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.

İtaliya Parlamentində Azerbaycanla Parlamentlerarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi vurğulayıb ki, ölkələr arasında olan münasibətlər yüksək səviyyədədir, parlamentlər arası əlaqələr də inkişaf edir. Bu da iki ölkə arasında olan münasibətlər öz töhfəsini verir.

Görüşdə həm iqtisadi, həm də siyasi sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycan parlamentnin nümayəndə heyəti mayın 8-də Bakıya dönəcək.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.