DİM-də Qazax rayon müəllimləri üçün hazırlıq kursları təşkil edilib

10 May 2019 11:14 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzində (DİM) Qazax rayonu üzrə elektron qeydiyyatdan keçmiş müəllimlər üçün ingilis, fransız dilləri, tarix, fizika, kimya və biologiya fənləri üzrə hazırlıq kursları (birgünlük təlim) təşkil edilib.

DİM-dən Movqe.az-a bildirilib ki, mərkəzin şöbə müdiri Afiqə Batıyeva təlim kurslarının proqramı haqqında məlumat verib.

Hazırlıq kurslarında ingilis dili fənni üzrə moderator və elmi-metodik seminarın rəhbəri Şəhla Musayeva, fransız dili fənni üzrə elmi-metodik seminarın rəhbəri, professor Çəmən Babaxanova, tarix fənni üzrə moderator Hafiz Cabbarov, fizika fənni üzrə moderator Sona Hacılı, kimya fənni üzrə moderator Xəlil Nağıyev və biologiya fənni üzrə moderator Eynulla Musayev yeni təhsil proqramlarının (kurikulumların) strukturu, məzmunu və mahiyyəti, həmçinin qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair təqdimatlarla çıxış ediblər.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlim iştirakçıları buraxılış və qəbul imtahanlarında istifadə edilən, cavabları yazı ilə ifadə olunan tapşırıqların yoxlanılmasına dair kalibrləmə prosesində (marker kimi) iştirak ediblər. Təlim iştirakçılarına kurs keçdikləri barədə sertifikat veriləcək. Onların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlar qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasına (marker kimi) cəlb ediləcəklər.

Zülfiyyə QULUYEVA