DİM: Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə təlimlər davam etdirilir

10 May 2019 15:30 (UTC+04:00)

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) Xaçmaz regional bölməsində namizədlərlə təlim keçirilib.

Mərkəzdən Movqe.az-a bildirilib ki, seminarlardan biri DİM-in əməkdaşı Elmir Məmişov tərəfindən 16 nəfərlik qrupla aparılıb. Namizədlərə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilib, tapşırıqlar qoyulub və fikir mübadiləsi aparılıb.

DİM-in əməkdaşı Məhəmməd Adıgözəlov tərəfindən keçirilən təlimdə namizədlərlə imtahanın psixoloji nüansları, stress, onun idarə olunması və s. psixoloji mövzularda söhbət aparılıb, müxtəlif psixodramalar tapşırıq şəklində yerinə yetirilib. Günün sonunda sertifikat almaq istəyən namizədlər yekun imtahan mərhələsinə cəlb olunublar.

Sertifikat almış nəzarətçilər mütəmadi olaraq DİM tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcəklər.

Zülfiyyə QULUYEVA