İrandan Azərbaycana polad məhsullarının ixracı çətinləşir

11 May 2019 07:00 (UTC+04:00)

Azərbaycanın qonşusu İranla ABŞ-ın münasibətləri daha da kəskinləşir. Mayın 8-də Amerika Birləşmiş Ştatları İran üzərinə yeni iqtisadi sanksiyalar qoyub. Yeni sanksiyalar bu ölkəyə neftdən sonra valyuta gətirən ikinci mühüm sahələri hədəfləyir. ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, sanksiyalarda məqsəd İranın polad, mis, alüminium mədənçiliyi və digər sahələrin hədəflənməsidir. 

Neftdən sonra bu sahələrə də qadağa qoyulması İran iqtisadiyyatına, onunla ticari münasibətləri olan ölkələrə necə təsir edəcək?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, tətbiq edilən növbəti sanksiyalar İran iqtisadiyyatını daha da çökdürəcək: “ABŞ-ın İrana tətbiq etdiyi budəfəki sanksiyalar əvvəlki dövrün sanksiyaları ilə müqayisədə daha kəskin olması ilə seçilir. Belə ki, indiki sanksiyalar İrana gəlir gətirən daha bir mühüm sahəyə polad, alüminium kimi sektora tətbiq edilir. Bu baxımdan qoyulan yeni sanksiyalar İran iqtisadiyyatında sosial-iqtisadi problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Ona görə də İran iqtisadiyyatında növbəti geriləmələr olacaq. Bu geriləmələrin daha qabarıq şəkildə özünü göstərəcəyi ehtimal olunur.

İrana daxil olan valyutanın həcmində azalmalar var ki, bu da ölkədə valyutaya olan tələbin ödənilməsi sahəsində ciddi problemlər yaradıb.  İranın ixrac imkanları tükənir. İran praktik olaraq, strateji məhsulların ixracı ilə bağlı çətin duruma salınıb.

O baxımdan da növbəti sanksiyalar İran iqtisadiyyatında daha ciddi geriləmələrə səbəb olacaq.  İrana daxil olan valyutanın azalması kontekstində ölkənin milli valyutasının məzənnəsində azalmalar olacaq. Güman olunur ki, rialın məzənnəsi yenidən dollar və digər valyutalar qarşısında ciddi itkilərə məruz qalacaq. Ona görə də ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar təbii ki, İran üçün yaxşı heç nə vəd etmir. Bu fonda İranın ixrac imkanları zəifləyəcək. Belə vəziyyətdə, İranla alüminium, polad, mis sahəsində əməkdaşlıq edən ölkələrdə prosesdən müəyyən qədər uduzmaqla çıxacaqlar”.

Azərbaycanın qonşuluğunda yerləşən İrana tətbiq edilən sanksiyalar  öz təsirini ölkəmizdə də hiss etdirməyəcək. Bu mənada həmsöhbətimiz də əminliklə söylədi ki, İrana tətbiq edilən həmin sanksiyaların Azərbaycana təsirləri sıfır səviyyəsindədir:  “Sözügedən sanksiyaların Azərbaycan iqtisadiyyatına hər hansı bir təsiri gözlənilmir. Bu vəziyyət Azərbaycan üçün ciddi problemlər yaratmayacaq. Çünki nəticə etibarı ilə son illər iki ölkə arasında əlaqələr genişlənsə də, bu əməkdaşlıq özünü daha çox investisiya qoyuluşu prosesində göstərir.

İki ölkə arasında tibbi, xüsusən də dərman preparatları istehsalı sahəsində əməkdaşlıq var. Azərbaycan da nəqliyyat sektorunun idarə edilməsinə investisiya yönəldir. O baxımdan iki ölkə arasında daha çox investisiya mübadiləsi və sərmayə qoyuluşu istiqamətində əməkdaşlıq mövcuddur. Azərbaycan İrandan daha çox kənd təsərrütafı, ərzaq məhsullarını idxal edir. Ona görə də, Azərbaycanın İrandan idxal etdiyi bu məhsullara hələlik sanksiyalar tətbiq olunmur.  Çünki bu məhsullar strateji məhsullar deyil. Bu səbəbdən də İrana tətbiq edilən yeni sanksiyaların Azərbaycana təsirləri olmayacaq.

Düzdür, İran Azərbaycanın böyük qonşularındandır. Ölkəmiz üçün bu mənada İran iqtisadiyyatının zəifləməsi təbii ki, arzuolunan deyil. Xüsusən nəzrə alsaq ki, İranda yaşayan əhalinin əhəmiyyətli hissəsi azərbaycanlılardan ibarətdir. Bu kontekstdə İranda yaşayan azərbaycanlıların vəziyyətinin pisləşməsində maraqlı deyilik. Amma bütün hallarda reallıq onu göstərir ki, sözügedən sanksiyalarla İranın iqtisadi durumu çox kəskin şəkildə pisləşəcək”.

Rüfət NADİROĞLU