Nasizm ideologiyası Ermənistanda yeni intibah dövrünü yaşayır

11 May 2019 08:00 (UTC+04:00)

Təxminən 90 il əvvəl Almaniyada nasional-demokratların fəallığa başlaması və Adolf Hitlerin rəhbərliyi ilə partiya yaradılması insanlarda bəşəriyyətin bəlalara sürüklənməsi fikrini yaratmırdı. Çünki, bu hərəkat Almanyanın daxili işi hesab edilirdi. Lakin tezliklə məlum oldu ki, nasistlər faşizmə yuvarlandılar və özləri haqda “ali irq” dünyagörüşü formalaşdıraraq digər millətləri öz kölələrinə çevirmək yolu tutdular. Onların qarşısı vaxtında alınmadı və buna görə də 25 milyondan çox insanın ölümü ilə nəticələnən dünya müharibəsi baş verdi. Həmin dövrdə bir çox millətlərin nasist təfəkkürlü insanları faşistlərlə əlbir işlədilər, cinayət törətdilər və digər millətlərə qarşı nifrət bəslədilər. Bunlardan biri də ermənilərin Qaregin Njde adlı nümayəndəsi idi. Alman-faşistlərinin sırasında insanlığa qarşı vuruşan bu adamın əli minlərlə insanın qanına batıb.

O vaxtdan uzun bir dövr keçsə də sərgilənən ideyalar qaninda nasizm daşınan millətlər tərəfindən unudulmayıb. Təsadüfi deyil ki, Njde kimi qəddar nasistin həyatı indi böyük işğalçılıq planları ilə yaşayan Ermənistanda təbliğ və təqdir edilir. Faşist Almaniyası dövründə beynəlxalq situasiya belə cinayətkarların üzə çıxmasına şərait yaradırdı. Bəs indi nə baş verir ki, cırtdan Ermənistan bu ideologiyanı təbliğ edir? Hadisələrin gedişi göstərir ki, bu ölkənin insanları arasında nasist xəstəliyinə yoluxmuş adamlar kifayət qədərdir və onlar da digər millətlərə nifrət bəsləyərək hansı tərəfə boylanırlarsa özlərindən başqa kimsəni görə bilmirlər. Belə ki, Njdenin İrəvanda abidəsini Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərliyi ilə siyasi hakimiyyət qoyub və ona sitayiş edib. Hazırkı baş nazir Nikol Paşinyan isə bu yolu həvəslə davam etdirir. Belə ki, “Sasna Tsrer”in üzvlərini həbsdən məhz o azad edib. Bu isə ciddi beynəlxalq təşviş doğurur. Çünki, ermənilərin hərəkatının sonu onları kütləvi qırğın dağarcağına çevirəcək. Buna görə də alman nasizminə göz yumulması dünya ölkələrinə bir dərs olub və bu gün erməni nasizminə göz yummaq da təhlükədən xəbər verir.  

Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin “Nasizmin qəhrəmalaşdırılması, neonasizmin yayılmasına və irqçiliyin müasir formalarının, irqi ayrıseçkiliyinin, ksenofobiyanın və onunla bağlı digər dözümsüzlüklərin artmasına kömək edən digər praktikaların yayılması ilə bağlı vəziyyət haqqında” hesabatı bəzi dünya ölkələrində nasizmin, neonasizmin təzahürlərinin artmasına və İkinci Dünya Müharibəsinin tarixini yenidən yazmağa cəhd göstərilməsinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib. Ermənistandakı vəziyyətin təhlili də hesabatda öz yerini tapıb. Rusiya Xarici İşlər Nazirliyi “Üçüncü reyx ilə əlaqəsi haqqında məlumatlar mövcud olan Ermənistanın keçmiş iqtidar Respublikaçılar partiyasının Q.Njdenin xatirəsinin birmənalı olmayaraq milliyyətçi siyasi qəhrəman kimi əbədiləşdirilməsi üçün addımlar atdığını” qeyd edir, həmçinin millətçi “Sasna Tsrer” təşkilatının fəaliyyətindən ciddi narahatçılıq keçirdiyini bildirir.

Məşhur rus tarixçisi və siyasi analitiki Oleq Kuznetsov bu hesabatla bağlı verdiyi müsahibədə deyir: “İnanıram ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan hesabatdan İrəvanda mənəvi və intellektual bir şok yaşanır, çünki artıq erməni siyasətçilərinə və ümumilikdə bütün ermənilərə aydın bir siqnal verilib ki, bu gündən etibarən Rusiyanın siyasi elitası, hətta ən ermənipərəst dairələri üçün Respublikaçılar Partiyası faşist təşkilatıdır və onun siyasi baxımdan qorunması da heç kimi maraqlandırmır. Faktiki olaraq bu hesabatla Kreml Köçəryanı və Sarkisyanı Ermənistan daxilində parçalanmağa məhkum etməklə Paşinyana ölkəsini nasistlərdən azad etməsi vəzifəsini yüngülləşdirməyə və bu yaxınlarda Almaniyaya rəsmi səfəri zamanı öz ölkədəsindəki daxili siyasi vəziyyəti 1946-cı ildə Nürnberqdə nasist cinayətkarları üzərində Beynəlxalq Hərbi Tribunalda məhkəmə iclaslarının getdiyi zaman Almaniyadakı vəziyyətlə müqayisə etməyə imkan verdi”.

Paşinyanın Köçəryanı həbsdə saxlaması və Sarkisyanı hakimiyyətdən salandan sonra onun rəhbərliyi dövründəki fəaliyyətinin araşdırılması düzgün mözqe olsa da, bu, nasist ideyalarının canlandırılmasına və ya bu şəxslərin Azərbaycanda törətdikləri cinayətlərə görə deyil. Məhz buna görə də Paşinyanın nasizmə qarşı mübarizə aparması haqda xülyalara dalmağına dəyməz. Ermənistanın hazırkı baş naziri dəfələrlə bildirib ki, o, ermənipərəstdir. Bu isə elə nasizmin özü deməkdir. Təsadüfi deyil ki, bir həftə əvvəl onun təşəbbüsü ilə erməni terrorunun baş ideoloqunun nəşi ABŞ-dan gətirilib İrəvanda basdırılmaqla xatirəsi əbədiləşdirilib və bu, faşizmin dirçəldilməsi yolunda xüsusi addım sayılmalıdır. Kreml quru hesabatlardan əməli fəaliyyətə keçməsə tezliklə bu ölkə nəinki Cənubi Qafqaz regionunda ifrat millətçilik davası salacaq, eləcə də hamisi Rusiyanın da bu çirkabda ucuz məqsədli oyunçuya çevrilməsinə gətirib çıxaracaq. Çünki, Ermənistanın faşist və millətçilik çirkabına batmasında Kremlin bu ölkəyə hamiçiliyi ciddi rol oynayıb.

N.NOVRUZ