Paytaxt səkilərini zəbt edən avtomobillər

11 May 2019 09:45 (UTC+04:00)

Paytaxtda qanunsuz parklanmaya nəzarət tədbirləri bir müddət öncə geniş vüsət alsa da, Bakının bəzi küçələrində hələ də xaotik vəziyyət hökm sürür. Artıq avtobus dayanacaqlarında avtomobil saxlayanlarda rast gəlinməsə də, Bakıda səkilərin bir hissəsi şəxsi avtomobil sahibləri tərəfindən zəbt olunur.

Paytaxt küçələrində apardığımız müşahidələr də göstərir ki, kameraların olduğu ərazilərdə parklanma qaydalarına əməl edilsə də, qanunsuz parklanmaya intellektual və canlı nəzarətin olmadığı ərazilərdə qanunsuzluq baş alıb gedir. Hətta şəxsi minik avtomobilini kölgədə saxlamaq üçün səkinin bir hissəsini zəbt edənlər də az deyil. Bu isə səkilərdə piyadaların gediş-gəlişində ciddi maneə yaradır.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da paytaxt küçələrində parklanmada problemin olduğunu təsdiqləyir. Həmsöhbətimiz deyir ki, hazırda paytaxtda dayanma-durma qaydalarına  Bakı Nəqliyyat Agentliyi (BNA)  nəzarət edir: “Bakı şəhəri üzrə avtomobillərin dayanma-durma qaydalarına nəzarət artı BNA-nın səlahiyyətindədir. Qeyri ərazilərdə bu səlahiyyət DYP-nın üzərindədir.

Əlbəttə ki, parklanma məsələsində heç bir qurum tərəfindən güzəştə yol verilməməlidir. Bunun üçün isə mütləq mənada nəzarət həyata keçirilməlidir. Bu gün təxminən belə təsəvvür var ki, hansı ərazilərə yaxşı nəzarət yoxdusa, o ərazilərdə parklanma qaydaları kobud şəkildə pozulur. Bu, reallıqda da belədir. Bu gün BNA tərəfindən Bakının bütün ərazilərində dayanma-durma qaydalarına tam nəzarət edilmir. Avtomobil sahibləri, taksi sürücüləri isə təxmini olaraq Bakıda parklanmaya nəzarətin hansı ərazidə olduğunu, hansı ərazidə isə ümumiyyətlə olmadığını bilirlər. Buna uyğun da davranaraq nəzarət olmayan ərazilərdə avtomobillərini ürəkləri istədikləri kimi saxlayırlar. Bu qanunsuz parklanma sizin qeyd etdiyiniz kimi, yolun ikinci hərəkət hissəsində, eləcə də səkidə də qeydə alınır. Əgər sürücülər həmin ərazilərdə canlı və texniki nəzarət olduğunu bilsələr, sözsüz ki, qaydalara əməl etmək məcburiyyətində qalacaqlar.

Bu gün paytaxtda qanunsuz parklanmaya tam nəzarət yoxdur. Bakıda hələki gərginlik nöqtələrində dayanma-durma qaydalarına nəzarət edilir. Elə ərazilər var ki, texniki imkanlardan yararlanmaqla, bəzi ərazilərdə isə BNA əməkdaşları tərəfindən canlı nəzarətlə bu iş görülür. Ciddi nəzarət olan yerlərdə çox az hallarda qanunsuz parklanma halları qeydə alınır”.

Ə. Hüseynov deyir ki, kameraların quraşdırılmasından öncə paytaxtda parklanmanın icazə verildiyi və qadağan olduğu yerlər  konkret olaraq müəyyənləşməlidir: “Bundan sonra həmin ərazilərdə imkan olduğu qədər texniki və canlı nəzarət olmaldır ki, sürücülər ərazinin nəzarətsiz qalmasından sui-istifadə edə bilməsinlər. Ən yaxşı mübarizə tədbirlərindən biri isə sözsüz ki, maarifləndirmədir. Nəzarətlə paralel, bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilməlidir. İlk növbədə sürücülərin düşüncəsini dəyişmək lazımdır ki, bir sürücünün səhvinə görə, yüzlərlə insan əziyyət çəkməsin”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə deyir ki, qanunsuz parklanmaya intellektual nəzarət kameralarının olduğu mərkəzi küçələrdə yolların buraxıcılıq qabiliyyəti və nəqliyyat vasitələrinin intensivliyi təhlil edilir: “Kameraların fəaliyyəti nəticəsində nəqliyyat sıxlığını artıran, yolların buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillərin tədricən aradan qalxdığı müşahidə edilir. Parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə, nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişikliklər olunur.

Paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb”.

 M. Ağayev bildirir ki,  bu cür tədbirlər digər küçələrdə də həyata keçiriləcək: “Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər. Məlumat üçün qeyd edim ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır”.

Qurumun sözçüsü deyir ki, sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların quraşdırılması ilə bağlı tədbirlər də davam etdirilir. Həmsöhbətimiz bildirir ki, aparılan işlər nəticəsində qanunsuz olaraq avtomobillərini səkilərdə saxlayanlar da cərimələnəcək: “Bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik. Qeyd edim ki,  qanunsuz parklanmaya intellektual nəzarət sisteminin əsas komponenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların dövlət başçısının müvafiq Fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilib”.

Zülfiyyə QULUYEVA