İngilis siyasətinin qabaqdangəlmişlik sindromu

14 May 2019 11:04 (UTC+04:00)

Azərbaycanda xarici siyasət sahısində tarixən toplanmış nəticəyə əsasən təkzibolunmaz məsəllər yaranıb və bunlardan ən məhşuru “ingilis bağmağı” haqda şübhələrdir. Harada bir qarışıqlıq olursa, sadə xalq hikməti ilə “burada ingilis barmağı var” deyimi ilə daşın hansı istiqamətdən, hansı trayektoriya üzrə atıldığı barədə ilkin təsəvvür ehtimal edilir. Müasir dövrdə “ingilis barmağı” artıq bütün sahələrdə dirijorluq etməyə başlayıb.

UEFA Kubokunda finalın Bakıda keçiriləcəyi gün uzaqda deyil. Amma finalçıların ingilis komandaları olması rəsmi Londonu təşvişə salıb. Belə ki, Böyük Britaniyanın xarici siyasət idarəsi qəribə davranışı ilə Azərbaycanı heyrətləndirib. Axı, bu iki ölkə arasında səmimi və uzunmüddətli iqtisadi-siyasi əlaqələr mövcuddur. Nədən birdən-birə futbol matçına görə ingilis centlmenliyini ingilis barmağına qurban verirlər. Yəni, ölkə rəsmiləri əhalisinə və azarkeşlərə Azərbaycana getməkdən çəkinməyi və ya son dərəcə diqqətli olmağı tövsiyə edir. Heç demə, Azərbaycan heç də təhlükəsiz yer deyil və britaniyalılar Cənubi Qafqazın “sabitlik olmayan” bu ölkəsində təhlükələrlə, hətta terrorla üz-üzə qala bilərlər.

İngilislərin bu həyəcanı Azərbaycanda az qala qəhqəhə doğurub. Birincisi, ona görə ki, Azərbaycanda və o cümlədən, futbol matçının keçiriləcəyi paytaxt Bakıda olan əmin-amanlıq bu gün beynəlxalq aləmdə sabitlik rəmzi kimi böyük imic qazanıb. Bunu ölkəmizdə keçirilmiş və keçirilən tamamilə müxtəlif mövzulu beynəlxalq forumlar, iqtisadi-siyasi tədbirlər, 2015-ci il ilk Avropa Oyunları, 2017-ci il İslam Həmrəylik Oyunları, hər il keçirilən dünya şöhrətli Formula1 yarışları təsdiqləyir. İkincisi, britaniyalı mütəxəssislərin də etiraf etdikləri kimi Azərbaycan sürətli inkişaf yolundadır və ictimai-siyasi sabitlik olmayan ölkədə iqtisadi dirçəliş mümkün deyil.

Daha bir nüans finalda oynayacaq Arsenal futbol komandasının üzvü, erməni əsilli Henrix Mxitaryan ad-soyadlı oyunçudur. Bu futbolçu guya təhlükəsizliyindən əmin olmadığı üçün Azərbaycana gəlmək istəmir və ya gəlməyə qorxur. Əvvələn, Mxitaryan bəri başdan qorxusunu etiraf edirsə, demək, bu şəxsin Azərbaycan xalqı qarşısında bir günahı var. Bu, bəlli məsələdir. Henrix Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-rəsmi cinayətkar qurumun təşkil etdiyi tədbirlərdə iştirak edib. Başqa sözlə, cinayətin iştirakçısı rolunu ifa edib. İlk növbədə, ingilis rəsmilər bu amilə diqqət yetirib fikir söyləməlidirlər. Axı, Böyük Britaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və müdafiə edir. İkincisi də, Azərbaycan dövləti indiyədək ölkədə keçirilmiş bütün beynəlxalq idman yarışlarına, tədbirlərə işğalçılıq müharibəsində iştirak etməyən ermənilərin gəlişini əngəlləməyib, əksinə Azərbaycan torpaqlarında erməni cinayətkarların törətdiyi dəhşətlərin, soyqırımının qurbanı olmuş azərbaycanlıların qohum-qardaşının qəzəbindən qorumağa vəd verib. Çünki, idman xalqlar arasında ədaləti qoruyan vasitədir. Elə həmin Mxitaryanın üzvü olduğu Arsenalın bizim Qarabağ komandası ilə ötən il Bakıda keçirilən oyununda da erməni oyunçunun ölkəmizə gəlişinə heç bir maneə yox idi. Lakin o gəlmədi və yenə təhlükəsizlik bəhanəsi ortaya qoyuldu. Arsenal isə tam heyətlə gəldi, gözəl ab-havada oyun keçirildi və ingilis komandasının qələbəsinə rəğmən ingilis azarkeşlərə səmimi qonaqpərvərlik göstərildi. İndi isə...?

Ortada bəzi ənənəvi mülahizələr var. Bu, ilk növbədə xaricdəki erməni lobbisinin və onların pulu ilə “rəqs edən” siyasətçilərin çirkin fəaliyyətinə bağlıdır. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarında işğalçı Ermənistan küncə qısnadılıb. İngilis barmağının oyunları ilə Azərbaycanın nüfuzuna xarici aləmdə dolayısı ilə təsir edilmək imkanı güdülə bilər.

Daha bir variant, bəlkə də əsas olanı ingilislərin öz arakterlərinə bağlıdır. Böyük Britaniyadan olan siyasətçilər adətən centlmen ədaları ilə tanınmalarının artıq neçə müddətdir ki, davakar, cığal, özündənrazı ingilis azarkeşləri formatına çevrilməsini bəri başdan önləmək üçün belə bir tryuka əl atıblar. Axı, futboı üzrə 2016-cı ildə Fransada keçirilən Avropa çempionatında, 2018-ci il Rusiyada keçirilən dünya çempionatında və digər çxsaylı furbol matçlarında ingilis azarkeşlərin fəaliyyəti cinayətlə tamamlanıb. Əgər bir hadisədə, deyək ki, azarkeşlər arasında baş verən toqquşmada dins sakin həyatını itirirsə, onda bunun terrordan fərqi nədir? Təbii ki, heç nə. Səbəbkarlar da adətən ingilislər olur. Bu mənada mayın 29-da İngiltərənin Arsenal və Çelsi komandalarının bir neçə min azarkeşinin Bakıya gəlməsi və çılğınlıqdan qızışaraq soyuqqanlığı itirib dava salması istisna deyil.

Ancaq ingilis siyasətçiləri bəri başdan sakitləşdirə bilərik. Burası Azərbaycandır və bu diyarda yaşayan müdrik Azərbaycan xalqıdır. Ötənlərdə Arsenal da, Çelsi də Bakıda möhtəşəm oyunlar keçiriblər. Bizim azarkeşlər davakarlığa, araqarışdırmağa yox, futbola azarkeşlik ediblər. Azərbaycan polisi asayişi elə qoruyublar ki, ingilis azarkeşlər araqarışdırmağa ya səbəb tapmayıblar, ya da buna cürət etməyiblər. Mayın 29-da da hər şey futbol bayramı ruhunda olacaq. Azərbaycanlı azarkeşlərin bayram əhval-ruhiyyəsi ingilislərə sirayət edəcək və qonaqların içdikləri müxtəlif növ pivələr onları yalnız çılğın şənliyə sövq edəcək.

N.NOVRUZ