Azərbaycan Cenevrədə keçiriləcək beynəlxalq İKT forumunda iştirak edəcək

13 May 2013 11:05 (UTC+04:00)

Mayın 14-16-da Cenevrədə (İsveçrə) Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə V Telekommunikasiya/İKT Siyasəti Beynəlxalq Forumu işə başlayacaq.

 

Mövqe.az-ın Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanı ölkənin rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edəcək.

 

Forumun açılışına bir gün qalmış – mayın 13-də ənənəvi "Gələcək üçün genişzolaqlı rabitənin əsaslarını yaradaraq" mövzusunda strateji dialoqa həsr edilən sessiya keçiriləcək.

 

Strateji dialoq genişzolaqlı rabitənin tərəqqisi üçün əsas platforma kimi əhəmiyyətinin müsbət anlamına əsaslanır və genişzolaqlı rabitə məsələlərinin üstünlüklərini, onun tənzimlənməsinin əsaslarını və şəbəkələrin gələcəyini tədqiq edir. Sessiyada genişzolaqlı inqilab və genişzolaqlı rabitənin müasir qlobal iqtisadiyyatda vacib infrastruktur kimi əhəmiyyətinin təhlili, eləcə də inkişafın sürətləndirilməsi üçün onun üstünlükləri ilə bağlı müzakirələr aparılacaq.