Prezident Avstriyada səfərdədir

13 May 2013 11:20 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına rəsmi səfərə gəlib.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

 

Həmin gün dövlət başçısı və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər. Parkda dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılıb. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılıb.

 

Bundan başqa, Prezident İlham Əliyev mayın 12-də Vyanada Avstriyanın OMV AG şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb. Görüşdə Azərbaycan ilə OMV AG şirkəti arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.