"Nəzarət olunsaydı, yarmarkalarda at əti satılmazdı..."

13 May 2013 11:24 (UTC+04:00)

Bakı şəhərində hər həftənin şənbə və bazar günləri təşkil olunan kənd təsərrüfatı yarmarkaları ümidləri doğrultmadı. Milli.Az-ın məlumatına görə, yarmarkalarda məskunlaşan alverçilər, satılan məhsulların isə böyük hissəsi xaricdən idxal olunan, həm də keyfiyyətsiz məhsullardır. Yarmarkalarda satılan məhsulların qiyməti bazardan heç nə ilə fərqlənmir. Adi göyərtinin qiyməti bazarda 6 ədədi bir manatdırsa, yarmarkalarda 5-i həmin qiymətə satılır. Bir dəstə tərxunun qiyməti 80 qəpik 1 manat arasında dəyişir. Bundan başqa tərəzilər alıcının gözündən iraq bir yerə qoyulur və bu yolla çəkidə aldadılır. Digər məhsullarda da qiymət ya bazar qiyməti, ya da ondan yuxarıdır.


Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Milli.Az-a açıqlamasında bildirdi ki, kənd təsərrüfatı yarmarkaları qiymətlərin düşməsi, keyfiyyətli məhsulun alıcıya çatdırılması və fermerlərin öz istehsal etdikləri məhsullarını yarmarkalarda satması üçün imkan yaratmalı idi. Təəssüf ki, başqa mənzərənin şahidi oluruq. Yarmarkalara yenə alverçilər ayaq açıb, çəkidə isə alıcı aldadılır.


Ekspert hesab edir ki, yarmarkalarda nəzarət sistemi qurulmayıb. Əgər nəzarət olsaydı, Sumqayıtda keçirilən kənd təsərrüfatı yarmarkasında at əti satılmazdı. Çəkidə aldatmaq faktları kifayət qədərdir. Kənd təsərrüfatı yarmarkaları qarşısına qoyulan öhdəliyi yerinə yetirə bilımədi. Bazarda məhsul yarmarkadan daha ucuzdur. Fermerlə alıcı arasında əlaqənin olmasına şərait yaradılmır.


Mütəxəssisin fikrincə, fermerlərin öz becərdiyi məhsulu çıxarması üçün Bakıda və digər böyük şəhərlərdə xüsusi bazarlar yaradılmalıdır:


"Fermerin hansı məhsulu istehsal etdiyini göstərən sənədi olmalıdır. Belə olarsa, çox problem həll edilmiş olar. Fermer öz adı və reklamı üçün zay və keyfiyyətsiz məhsulu alıcıya təqdim etməz. Şərait yaradılmalıdır ki, fermer məhsulu birbaşa alıcıya təqdim etsin. Belə olarsa, fermer həm də alıcının zövqünü, istəyini müəyyən edə bilər, eyni zamanda onun məhsulu hansı qiymətə almaq istəyi barədə də informasiya əldə edə bilər. Belə olarsa, bu, hər iki tərəfin marağına xidmət edər. Amma nə baş verir? İstehsal olunan məhsul fermerin öz təsərrüfatında xarab olur. Çünki fermer öz istehlakçısını tapa bilmir. Bu işdə fəallıq artsa, iri şəhərlərdə fermerlər üçün şərait yaranar".


Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə Milli.Az-a bildirdi ki, yarmarkalarda neqativ hallara, süni qiymət artıranlara qarşı mübarizə aparılır. Şöbə müdirinin sözlərinə görə, yarmarkalarda xaricdən idxal olunan mallar satıla bilməz:


"Yarmarkalarda ancaq yerli mallar satılır. Alma bir az iri olan kimi alıcılar elə bilir ki xaricidir. Rayon icra hakimiyyətləri kənd təsərrüfatı yarmarkalarına göndərdikləri malın miqdarı və növü barədə nazirliyə rəsmi məlumat verir. Yarmarkalara alverçilər də buraxılmlır. Orada satıcılar hamısı kənddən gələnlərdir. Ola bilsin ki, kiminsə burada qohumu var və fermerə satmaqda kömək edir".


S.Vəliyev yarmarkalarda satılan malların qiymətinin bazarla eyni və daha baha olmasına qəribə münasibət bildirdi: "Göyərtinin 20 qəpik olması uzaqdan gətirilməsi ilə bağlıdır. Göyərti 10 qəpiyə satılsa, axı xeyir verməyəcək istehsalçıya. Ona görə də, göyərtinin qiymətini aşağı salmağın mənası yoxdur. 15-20 qəpiklə adam varlanmır ki... İstehsalçı yazıqdır, onu becərir, 20 qəpikdən satmalıdır. Tərxunun 80 qəpik olması isə onun az becərilməsi ilə bağlıdır. Kimin xoşuna gəlir alsın, gəlmirsə, almasın. Burada nə var ki?"