"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası" təsdiq edilib

13 May 2013 11:31 (UTC+04:00)

Azərbaycanda "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası" təsdiq edilib. Azərbaycan Nazirlər Kabinetindən Mövqe.az-a verilən xəbərə görə, qayda "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin fərmanına əsasən hazırlanıb.


Yerli özünüidarə orqanları və təhsil müəssisələrində çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu ölkə vətəndaşlarının hərbi qeydiyyatı üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə, Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrə çağırılmış mütəxəssislərin əvəz edilməsinə lazım olan kadrların qabaqcadan hazırlanmasına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin müdafiə və səfərbərlik tədbirlərinin keçirilməsinə kömək və hərbi qeydiyyatın real vəziyyətdə aparılmasına nəzarət məqsədi ilə həyata keçirilir.

 

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun təşkili və aparılması üçün onların "Hərbi uçot vərəqəsi" ilə təmin edilməsi yerli ozünüidarə orqanları və təhsil müəssisələri tərəfindən, "Çağırışçıların və hərbi vəzifəlilərin dövlət orqanlarında (o cümlədən, konsulluqlarda), yerli icra hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda hərbi uçotunun və təxsis (bron) edilmə vəziyyətinin yoxlanılması jurnalı" ilə təmin edilməsi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

 

Hərbi vəzifəlilər hərbi uçotdan çıxarılaraq qulluq etdikləri Müdafiə, Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərində, Dövlət Sərhəd Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata alınırlar. Silahlı Qüvvələrinin ehtiyatında olmağın son yaş həddinə çatmış şəxslərin hərbi uçot vərəqələrində hər il yanvarın 1-dən sonra hərbi qeydiyyat haqqında olan qeydlər tam pozulur və "Yaşına görə hərbi uçotdan çıxarılmışdır" sözləri qeyd edilir. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələri dörd qrupa bölünən ayrıca kartotekada əlifba sırası ilə saxlanılır. Brinci qrupda ehtiyatda olan generalların, admiralların və zabitlərin, iinci qrupda ehtiyatda olan əsgərlərin, matrosların, çavuşların, gizirlərin və miçmanların, üçüncü qrupda hərbi vəzifəli qadınların, dördüncü qrupda  çağırışçıların hərbi uçot vərəqələri saxlanılır. Səfərbərlik və ya müharibə dövrü çağırışdan möhlət almış müvafiq kateqoriyalardan olan hərbi vəzifəlilərin hərbi uçot vərəqələri həmin qruplarda ayrıca saxlanılır.