Azərbaycan Qarabağ məsələsində tərəfdaşlarından konkret addımlar gözləyir

16 May 2019 10:00 (UTC+04:00)

“Şərq Tərəfdaşlığı” ölkələri də Avropa İttifaqı ilə əməkdaşlığı artırmaqda maraqlıdırsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməlidir”. Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığı”nın 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” üçüncü ölkələrin maraqlarını müdafiə etmir: “Hamımız öz maraqlarımızı gözləyirik. Hər halda Azərbaycanla bağlı məhz belədir. “Şərq Tərəfdaşlığı” ölkələri Aİ ilə əməkdaşlığı artırmağa maraqlıdırsa, münaqişələrin həllinə səy göstərmələri vacibdir”.

Avropa İttifaqının yaxın sərhədlərində baş verən hadisələr onun daxili təhlükəsizliyinə təsir edir və buna görə də, Aİ həmin ölkələr ilə sıx əlaqələr yaratmaqda maraqlıdır. “Şərq Tərəfdaşlığı” (ŞT) proqramı əsasən Aİ-nin ətrafında  “rifah və dostluq mühiti yaradılmasının” zəruriliyi və şərq sərhədlərində təhlükəsiz region yaratmağa üçün hesablanıb.

2009-cu ildə təsis edilmiş, Şərq qonşuları ilə regional əməkdaşlığı əhatə edən və dəstəkləyən ŞT təşəbbüsünün məqsədi Avropa İttifaqı (Aİ), onun üzv dövlətləri və altı tərəfdaş ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus Moldova və Ukrayna - arasında münasibətləri dərinləşdirmək, gücləndirmək və əməkdaşlıq mühiti yaratmaqdan ibarətdir. Təşəbbüsün sənəddə belə təsbit olunmasına baxmayaraq, təbii ki, daha dərində Avropanın sərhədləri kənarında ona dost bölgənin və tərəfdaş bölgənin olması faktoru dayanır.

Təşəbbüs irəli sürüləndən sonra münasibətlərdə yaranmış sıx təmaslar fonunda yeni imkanlar yaranıb, Azərbaycan Avropa İttifaqına iqtisadi faydalı layihələr  təklif edib və bu iş indi də davam edir. Aİ isə böyük neft-qaz resursları olan Avropalı qonşusu Azərbaycanla əlaqələri gücləndirmək istiqaməti götürüb və bu da hazırda davam edir. Bunun qarşılığında isə Azərbaycan dövləti, Avropa İttifaqından, onun timsalında olan qurum və dövlətlərdən xüsusi həssaslıq tələb edən məsələlərdə - Dağlıq Qarabağ münaqişəsinin birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tapılmasında real addımlar gözləyir.

ŞT ölkələrində iqtisadi dayanaqlığın təmin olunması Aİ-nin sülhpərvər qonşuluq siyasətinin özülündə durur. Lakin ŞT yalnız hökumətlər arasında əlaqələrdən ibarət deyil. Bu proqram  hökumətlər, vətəndaş cəmiyyəti, gənclər, media, biznes və bu qəbildən digər sahələridə əhatə edir. Bu kontekstdə, Aİ və ŞT ölkələri region boyu daha güclü, şaxələndirilmiş və dinamik iqtisadiyyatların qurulması üçün birgə fəaliyyət göstərirlər. Bunlar hamısı çox yaxşıdır və planlaşdırılmış layihələr uğurla reallaşdırılır. Lakin məsələnin siyasi tərəfi daha vacib məna kəsb edir ki, bu sahədə Azərbaycan öz gözləntilərini tam əldə edə bilmir. Kəsirlərin vacib tərəflərindən biri ŞT proqramında iştirak edən Ermənistanı çıxmaq şərtilə digər dövlətlərdən- Ukrayna, Gürcüstam və Moldovadan Qarabağ münaqişəsinin həlli yolunda lazımı dəstək alınmamasıdır. Halbuki, bu ölkələrin hamısının Azərbaycanla sıx iqtisadi və siyasi əlaqələri, həmçinin bu əlaqələri dərinləşdirməyə ehtiyacları var. Azərbaycan da bu ehtiyacı lazımı səviyyədə ödıyir və hıəmişə də ardıcıllığın təminatına çalışır. Tıbii ki, bu davranış müqabilində ölkəmizin də adekvat münasibət gözləməyə tam iqtisadi-siyasi və mənəvi haqqı var. Çox təəssüf ki, tərəfdaşlarımız müəyyən məqamlarda süstlük göstərir və Qarabağ münaqişəsinin dinc yolla həllində işğalçı və işğala məruz qalan araslnda fərqi üzə vurmamağa çalışırlar. Bu isə sanki işdə ikili standarlar müsabiqəsi görüntüsünü doğurur.

Məsələ burasındadır ki, “Şərq Tərəfdaşlığı” üzrə yeni saziş müqaviləsi bağlamaq istəyən Aİ hər bir tərəfə öz arzusunu sənəddə şərt kimi irəli sürmək imkanı yaradaraq özünə alibi qazanmağa çalışır. Azərbaycanın şərti, məlum məsələdir ki, ğrazi bütövlüyü məsələsidir. Bu da yeni bağlanacaq sazişin mətnində yer alır. Ancaq iş burasındadır ki, Ermənistan tərəfi də öz müqaviləsində Qarabağ haqda müddəalar nəzərdə tutur ki, bu da əslində Azərbaycana ərazi iddialarının Aİ ilə sənəddə təsbit olunması deməkdir. Belə olan halda Aİ mənsubları ilə bərabər “ŞT” üzvü olan dövlətlərin də üzərinə məsuliyyət düşür. Çünki, 6 üzv dövlət Aİ ilə müqaviləni demək olar ki, eyni məqsəd üçün bağlayır və onların çəıkici bir zindana vurmaları yalnız işin uğuruna xidmət edər. Yəni, yerdə qalan 4 dövlət məhz Qarabağ münaqişəsinin həllində Azərbaycanı təmənnasız və qəti şəkildə dəstəkləməli, hətta digər üzv dövlətə-Ermənistana etirazlarını bildirməlidirlər. Belə halda həqiqi tərəfdaşlıq və dostluqdan danışmaq olar.

N.NOVRUZ