Azərbaycan Cənubi Qafqazi beynəlxalq mərkəzə çevirir

17 May 2019 08:47 (UTC+04:00)

ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının üzvləri Bakıya gəliblər. Respublikamızın paytaxtında Komissiyanın 4-cü iclası keçirilir. İclasın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib. Nümayəndə heyətinə ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haas başçılıq edir. İclasda Azərbaycan və Birləşmiş Ştatlar arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Göründüyü kimi, okeanın o tayında ölkəmizə göstərilən maraq səngimir, əksinə ildən-ilə daha genişlənir. Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təminatında və ümumiyyətlə, karbohidrat yataqları ilə zəngin regionlarda geostrateji maraqlarının reallaşmasında başlıca rol oynayan ölkələrdən birinə çevrilib. Bu amil ölkənin zəngin enerji ehtiyatlarının olması ilə yanaşı əlverişli coğrafi məkanda yerləməsindən, dövlətin ağıllı və mükəmməl xarici iqtisadi fəaliyyət göstərməsindən və geostrateji anlamda balanslı siyasət yürütməsindən qaynaqlanır. Regionda əməkdaşlığa maraq göstərən dövlətin enrjiyə olan tələbatı tam ödənirsə, onda Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsinin üzvi hissəsi olmaq etibarı ilə tranzit imkanları meydana çıxır. Əgər bu da əsas deyilsə, onda ölkənin qeyri-neft sektorunun inkişaf meyilləri əməkdaşlıq üçün cəlbedici meyara çevrilir. Təsadüfi deyil ki, amerikalı iş adamları və mütəxəssislər budəfəki iclasa məhz kənd təsərrüfatı sahəsində birgə layihələr keçirmək arzusu ilə gəliblər. Bu, əməkdaşlıqda yeni bir istiqamət olacaq.

Bir həftə əvvəl Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyindəki çıxışında qeyd edib ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Azərbaycanın qardaş Türkiyə, dost Rusiya və İranla əlaqələrinin necə yüksək səviyyədə olduğu məlumdur. Bu əlaqələrə qarşılıqlı mənfəət əsasında qurulub və gözəl gələcəyə malikdir. Bu ölkələrlə qurulmuş siyasi və iqtisadi münasibətlər onun əbədi olacağına tamamilə əminlik yaradır. Ona görə ki, birtərəfli deyil, qarşılıqlı, həm də innovativ əməkdaşlıq üzərində bərqərar olub. Azərbaycan bu ölkələrdə müxtəlif sahələrə yatırımlar da edir və ticarəti uğurla inkişaf etdirir. Eyni zamanda bu ölkələrlə birlikdə öz ərazisində birgə müəssisələr yaradır. Bu cür çalışmalara kifayət qədər misal gətirmək olar.

İki həftə bundan əvvəl Çin Xalq Respublikasının “Bir kəmər, bir yol” layihəsi ilə əlaqədar bu ölkədə rəsmi səfərdə olan Prezident İlham Əliyevin iştirakı ilə ikitərəfli əməkdaşlıq üzrə 9 dövlətlərarası sənəd imzalanıb. Müxtəlif sənaye sahələrini əhatə edən birgə çalışmalar üçün Azərbaycan-Çin əlaqələrinin güclü potensialı var. Xüsusilə, beynəlxalq nəqliyyat şəbəkəsinin bərabərhüquqlu üzvü kimi iki ölkə arasında əməkdaşlığın üfüqləri çox uzağa gedir. Belə əlaqələr strateji tərəfdaşlıq həddi üçün baza rolunu oynayır.

Bu siyahıya uzaq Amerika, Afrika və Avstraliya qitələrinə uzanan əməkdaşlıq tellərini də əlavə etsək bpyük bir panorama alınar. Hazırkı durumu ilə Azərbaycan Cənubi Qafqazın bütün vəsilələrdə lider dövlətidir və bu fakt şimaldan cənuba, şərqdən qərbə qədər hər yanda təsdiqlənir. Bəs, torpaqlarımızı işğalda saxlayan Ermənistan və onun hökuməti nə işlə məşğuldur. Bu dövlətin ənənəsi pozulmayıb. Bu ngünlərdə Çinə səfər edən Ermənistanın baş naziri Şərqdən, onun xarici işlər naziri isə Qərbdən – Avropadan dünyaya yalanlar üyütməkdə davam edir; ermənilərin qorxduğu ən ağır sual: 30 ildəki məhrumiyyət və itkilər işğala dəyərdimi?..  Baş nazir Nikol Paşinyan Çinə iki günlük işgüzar səfərində, gözlənildiyi kimi, Pekindən böyük maliyyə dəstəyi, iqtisadiyyatı üçün sərmayə qopara bilməyib. Səfər real nəticə baxımından tam fiasko sayıla bilər. Bu da təbiidir. Çünki Çin bölgədə işğalçılıq siyasəti aparan və o səbəbdən blokadada və böyük layihələrdən kənarda saxlanılan, Rusiyanın forpostu olan perspektivsiz bir ölkəyə çətin ki, iri sərmayə yatıra. Göründüyü kimi, Azərbaycan regionun lokomotivi olmaq etibarı ilə irili-xırdalə bütün dövlətlərin maraq dairəsinə daxil olan nüfuzlu dövlətdir və hər bir sahədə Ermənistanı üstələyir. Bu isə deməyə imkan verir ki, qazanılmış nüfuz və etibar sərhədlərimizin bərpası məsələsində tezliklə öz sözünü deyəcək.

N.NOVRUZ