ABŞ Türkiyə siyasətində daha böyük səhvlər buraxmağa başlayır

17 May 2019 09:05 (UTC+04:00)

Yeni əsrin əvvəllərindən Türkiyə və ABŞ arasında münasibətlər ciddi şəkildə korlanıb. Bu, ilk növbədə, Amerika siyasətçilərinin Türkiyənin də daxil olduğu regionda daha fəal siyasət aparmağa və təbii ki, bu fonda Türkiyənin mənafeyinə toxunan və milli təhlükəsizliyinə təhdid yaradan bir sıra amillərlə bağlıdır. Məsələ burasındadır ki, tarixi doqma kimi həyat yerində saymır və daim dünya siyasətində və iqtisadiyyatında oyanmalar baş verir. Yeni oyunçular meydana gəlir yaxud qüvvələr nisbətində ciddi dəyişikliklər baş verir. Təbii şəkildə mənafelər toqquşur və bu konteksdə yeni münaqişə və mübahisə ocaqları yaranır. Bu mənada ABŞ-Türkiyə münasibətləri mübahisə zəminində gərginləşir və tərəflərin qarşılıqlı ittihamları, bəzən barışdırıcı addımları və ya siyasətin  tryukları ilə müşahidə olunur.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ABŞ izinin açıq-aydın görünməsi iki dövlətin münasibətlərində ciddi çat yaradıb. Belə ki, çevrilişin təşkilatçısı ABŞ-da məskunlaşan, bu dövlətin xarici kəşfiyyat idarəsi ilə gizli və yaxşı əlaqələri olan Fətullah Gülən və tərəfdarları təlimatları da amerikalı dostlarından alıb. Bütün bunlar haqda mətbuatda və sosial şəbəkələrdə kifayət qədər ətraflı və dolğun materiallar var.

İkinci Dünya müharibəsində nasist Almaniyasının başçısı Hitler bir cəbhədə, deyək ki, sovetlərə qarşı Şərq cəbhəsində müharibəni qurtarmamış eyni zamanda İngiltərə və Fransaya qarşı Qərb cəbhəsində də fəal döyüşlərə başladı. Bununla da öz qüvvələrini parçaladı və aqibəti də məlumdur. İndiki dövrdə ABŞ Yaxın Şərqdə açıq hücuma keçməklə yanaşı Rusiyaya qarşı sanksiyalar müharibəsinə başlayıb, nəticədə Çinlə də sanksiya davasına girməyə məcbur olub. Buna görə də ABŞ-ın qüvvəsi və siyasi resursları parçalanıb. Üstəlik, Donaлd Trampın hakimiyyətə gəlişi ilə başlanan qeyri-ənənəvi siyasi qərarlar nəticəsində Avropa Birliyinin inkişaf etmiş ölkələri ilə də Vaşinqton arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları yaranıb.

Bu səbəblərdən son onillikdə amerikalı siyasətçilər hər hansı bir platformada ciddi uğur qazanıb niyyətlərini axıra çatdıra bilməyiblər. İlk növbədə, özlərinin yaratdığı və elə özlərinin də düşdüyü başda Suriya olmaqla Yaxın Şərq bataqlığı dövlətin vəsaitlərini yeməklə bərabər ölkənin beynəlxalq nüfuzuna da ciddi xələl gətirib. Bu halın əsas səbəbkarı isə Türkiyə olub.

Əgər ABŞ-ın bir neçə yüzillik dövlətçilik təcrübəsi varsa, Türkiyənin bir neçə minillik dövlətçilik təcrübəsi çox böyük coğrafi ərazidə formalaşıb. Amerikalılar nə qədər inkişaf edirlərsə etsinlər, texnika ilə var-dövlət qazana bilərlər, amma Türk kimi böyük millətin ruhunu məhv edib xüsusiləşdirə bilməzlər. Qərbdən tez-tez Türkiyənin parçalanaraq xırda dövlətlərə çevrilməsini əks etdirən saxta xəritələrin dövriyyəyə buraxılması Qərbin xüsusi xidmət orqanlarının dövlətin siyasətinə uyğun göstərdikləri fəaliyyətin tərkib hissəsidir. Bu da məsələnin məğzini açıqlayır ki, ABŞ və Avropa Türkiyənin parçalanmasına və onların əlində oyuncaq dövlətə çevrilməsinə səy göstərirlər. Halbuki bu dövlətlər Türkiyə ilə müttəfiqlik sənədləri imzalayıblar və uzun illər onun sipəri arxasından Yaxın Şərqi idarə edib, Rusiyaya qarşı özlərinə faydalı mübarizə aparıblar. İndi isə, hadisələr əksinə cərəyan edir. Bu taktika isə bir fayda vermir.

Belədə Qərb Türkiyə kimi güclü tərəfdaşını itirir və bəlkə də artıq hər şey həll olunub, sadəcə formallıq var ortada. Əvəzində Türkiyə-Rusiya tərəfdaşlığı yaranır. Bundan itirən isə ABŞ-dır. Birləşmiş Ştatlar prezident Trampın simasında hələ ki, səhvlərini görmək istəmir və inadla öz bildiyini edir. Bu dövlətin yeni hədəfi çoxdan bəri gözüm-çıxdıya saldığı İrandır. İndi istəyir ki, İranla “dava”da Türkiyə onun yanında olsun. Lakin Ankara mənsubları başda Rəcəb Tayyip Ərdoğanın müdrikliyi olmaqla o qədər sadəlövh deyillər ki, Amerikanın İranı zəiflədib viran qoyacağı halda Türkiyənin təhlükəsizliyinin birbaşa zərbə altına düşəcəyini anlamasınlar.  İranı Rusiya da, Çin də  müdafiə edir. Hamısı da eyni səbəbdən. Məsələ burasındadır ki, adı çəkilən dövlətlər artıq inkişafın elə bir mərhələsinə yüksəliblər ki, onlara nümunə lazım deyil, çünki özləri bir çox sahələrdə başqalarına nümunədirlər. Bu amil onları əzəmətli dövlətlərə çevirir. Bu da amerikalıları təmin etmir. Axı, təkbaşına hakimiyyət daha çox sərvət yığmağa imkan verir. Lakin əbədi hökmranlıq mövcud deyil. Amerika Birləşmiş Ştatları da bu günün reallıqları ilə razılaşmağı bacarmalı, digər dövlətlərlə bərabər əsaslarda münasibət qurmağa, özünün iqtisadi-siyasi və hərbi gücünə arxayın olub kiçik dövlətləri əzməyə səy göstərməməlidir. Əks halda qarşısına yeni “Türkiyə”lər çıxacaq. Faktiki olaraq bu gün Türkiyə Yaxın Şərqin Amerika istilasına qarşı zəfər tağıdır. Xalqlar və dövlətlər azadlıqları üçün ona ümid bağlayıblar. Ancaq ABŞ rəsmiləri nə fikirləşib türklərlə münasibətləri pozurlar, bu, anlaşılan deyil. ABŞ və Türkiyə arasında S-400 və F-35 böhranı davam edir. Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə qurğuları almasına mane olmaq üçün Vaşinqton Ankaraya qarşı təzyiqləri günü-gündən artırır. Ən son olaraq ABŞ Konqresi Təsisat Komitəsi Türkiyəyə F-35 döyüş təyyarələrinin satışının əngəllənməsini nəzərdə tutan büdcə qanunu layihəsi irəli sürüb. Komitənin təklif etdiyi layihədə F-35-lərin Türkiyəyə təhvil verilməsi üçün federal büdcə vəsaitindən istifadənin yasaqlanması təklif edilir. ABŞ Konqresi siyasi qərarlara təsir etmək üçün zaman-zaman bu cür üsullara əl atır. Əgər qanun qəbul olunsa, təyyarələrin Türkiyəyə təslimatı üçün lazımi vəsait - yanacaq təminatı və pilotların maaşları ödənilməyəcək.

İndi ABŞ Türkiyəyə müasir silahlar satmağı qadağan edən qanunlar qəbul edir, bununla da Türkiyə-Rusiya, Türkiyə-Pakistan, Türkiyə-Çin, Türkiyə-İran tərəfdaşlığının getdikcə möhkəmlənməsinə şərait yaradır. Bu isə artıq yeni güc mərkəzlərinin formalaşmasına yol açır. Türkiyə güclənir, bu nümunədən digər dövlətlər də yararlanır. ABŞ isə nüfuzunu itirir.

N.NOVRUZ