Energetika naziri “OPEC plus” tədbirində iştirak edəcək

17 May 2019 10:52 (UTC+04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov sabah Səudiyyə Ərəbistanına səfər edəcək.

Energetika Nazirliyindən Movqe.az-a verilən məlumata görə, nazir mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında iştirak edəcək.

İclasda qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın aprel ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı nəzərdən keçiriləcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.