"Bakı Tikiş Evi" yeni təhsil nazirinin qadağasından danışdı

13 May 2013 16:15 (UTC+04:00)
"Yeni təhsil naziri "Bakı Tikiş Evi"nə (BTE) məktəbli formasını tikməmək üçün hər hansı qadağa qoymayıb. Nə də ki, məktəbli forması dəyişdirilməyib. Əgər məktəbli forması dəyişdirilsəydi, mütləq bizə bu barədə xəbərdarlıq olunardı".
Bu sözləri Movqe.az-a təhsil naziri Mikayıl Cabbarovun məktəbli formasını dəyişdirməsi və yeni tikiş müəssisəsinə həvalə etməsi ilə bağlı yayılan münasibətlərə cavab olaraq BTE-nin rəhbərliyindən bildiriblər: "Artıq biz yeni dərs ili üçün 60 min məktəbli forması tikmişik. 200 min formanın tikilməsi üçün isə parça gətirmişik. İyun ayından etibarən bütün satış mərkəzlərində olacaq. Yeni təyin edilən təhsil naziri Mikayıl Cabbarov hələki məktəbli formasının dəyişdirilməsi ilə bağlı əmr verməyib. Odur ki, biz əvvəlki eskizlə formanı hazırlayırıq. Əgər forma dəyişdirilsəydi, yəqin ki, xəbər edərdilər. Biz də ziyana düşüb bu dərs ili üçün formaları istehsal etməzdik".
Təhsil Nazirliyindən isə sualımıza operativ cavab ala bilmədiyimizdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı da hələki onlarda məktəbli formasının dəyişdirilməsi ilə bağlı məlumatın olmadığını söylədi.