Təhsil Nazirliyində struktur dəyişikliyi
13 May 2013 16:45 (UTC+04:00)
Azərbaycan Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri
aparılıb. Movqe.az-ın nazirliyin rəsmi saytına istinadən
verdiyi məlumata görə, fəaliyyətinin səmərəliliyinin artırılması,
idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyinin
aparatında struktur dəyişiklikləri aparılıb.Belə ki, Təhsil
Nazirliyinin aparatının struktur bölgüsünün səmərəlilik və
funksionallıq prinsipləri əsasında müəyyənləşdirilməsi, bölmələrin
fəaliyyətində paralelliyin aradan qaldırılması və bununla bağlı
idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə nazirliyin aparatının
Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv
edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə
nəzarət şöbəsi yaradılıb.Azərbaycan Prezidentinin 2007-ci il 28
iyul tarixli 2292 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya"nın müddəalarının icrası ilə əlaqədar, nazirlikdə daxili
nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları
ilə mübarizənin gücləndirilməsi, nazirliyin "Qaynar xətt"inə daxil
olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə
struktur bolmələrinin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və
funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili
nəzarət şöbəsi yaradılıb və "Qaynar xətt" xidməti həmin şöbənin
tabeliyinə verilib. Ölkəmizin müasir tələblərə cavab verən kadrlara
ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı
ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi, xarici
ölkələrlə tələbə mübadiləsi prosesinin mütəşəkkilliyinin və
səmərəliliyinin artırılması, habelə təhsil sahəsində
dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının
həyata keçirilməsini təmin etmək məqsədi ilə Tələbə mübadiləsi və
təhsilin inkişafı proqramları şöbəsi yaradılıb, Beynəlxalq əlaqələr
şöbəsinin tərkibindən Xaricdə təhsil və əcnəbi tələbələrlə iş
sektoru çıxarılaraq, adıçəkilən şöbənin tərkibinə verilib.