İrəvan Bakının qarşısında geri çəkilməyə məcburdur

21 May 2019 09:45 (UTC+04:00)

Bu gün Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həlli istiqamətində prinsipial siyasət yürüdür, heç bir qüvvə onu öz mövqeyindən çəkindirə bilməz.  Bu fonda fikirlr səslənir ki, artıq beynəlxalq ictimaiyyət, eləcə də Ermənistan hakimiyyəti və onun hamiləri bunu nəzərə alıb nəhayət, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyilə razılaşacaq. Əks təqdirdə düşmən buan güc yolu ilə vadar ediləcək.

Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə də, Azərbaycanın Qarabağ məsələsində prinsipial mövqeyində möhkəm dayanması ilə yanaşı, güc nümayişi olmadan düşmən tərəfi münaqişənin həlli istiqamətində Bakının mövqeyilə razılaşmayacaq: “Beynəlxalq qurumlar və Bakı ilə əməkdaşlıq edən bütün dövlətlər uzun illərdir, birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşdıqlarını bəyan edirlər. Azərbaycan da Dağlıq Qarabağ məsələsində mövqeyini birmənalı olaraq ortaya qoyub, bu dəyişilməzdir.

Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, ərazilərimiz danışıqlar mövzusu deyil. Məcburu köçkün və qaçqınlar öz doğma yurd-yuvalarına qayıtmalıdır. Proses onu göstərir ki, beynəlxalq qurumlar, dünya ictimaiyyəti Azərbaycanın tutduğu bu prinsipial mövqe ilə razılaşır. Sözsüz ki, ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir. Azərbaycan BMT-yə hansı sərhədlər daxilində qəbul olunubsa, o sərhədlər də bərpa olunmalıdır. Ərazi bütövlüyümüz təmin olunmalıdır. Bunu böyüklü, kiçikli bütün beynəlxalq qurumların hamısı təsdiq, etiraf və qəbul edirlər. O cümlədən dövlətlər də, həmsədr ölkələr də həmin gerçəkliyi qəbul edirlər. Təkcə düşmən dövlətdən başqa.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün vaxtaşırı bütün beynəlxalq qurumlar və dünya dövlətlərinə müraciət edərək onları vasitəçiliyə, yardımçı olmağa, işğalçı dövlətə təsir etməyə çağırır ki,  müharibə olmadan, qan tökülmədən danışıqlar yolu ilə münaqişə öz ədalətli həllini tapsın. Ancaq belə görünür ki, beynəlxalq qurumlar, həmsədr dövlətlər hələlik bu günə qədər münaqişə ətrafında tutarlı, nəticəsi olan bir iş görməyiblər. Yaxud da görmək istəmirlər. Ona görə də 30 ilə yaxındır ki, torpaqlarımız işğal altında qalır. Düşmən işğalçı dövlət isə bu torpaqları özününkü hesab edir, onu Ermənistana qatmaq fikrindədirlər. Bu faşistlər böyük Ermənistan xulyası ilə yaşayırlar. Düşmən ölkənin dünənki və bugünkü siyasi hakimiyyətinin bütün hərəkəti, fəaliyyəti, addımları, bəyanatları və danışıqları onu deməyə əsas verir ki, işğalçı xoşluqla, danışıqlar, sülh yolu ilə torpaqlarımızdan çıxmaq fikrində deyillər. Həmin səbəbdən də hesab edirəm ki, Azərbaycan artıq torpaqları azad etmək üçün gücdən istifadə etməyə məcburdur. Yəni düşmən ölkənin ədalətsiz, tərbiyyəsiz mövqeyi, beynəlxalq qurum və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin nəticəsi artıq Azərbaycanı məcbur edir ki, öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi gücə müraciət edərək torpaqları düşmən tapdağından azad etsin. Son nəticə bu olacaq. Problemin həlli istiqamətində o biri variantın işə yarayacağını isə görmürəm.

Düşmənin tutduğu bu mövqe fonunda kimsə ümid edirsə ki, sülh yolu ilə işğalçı torpaqlarımızdan çıxıb gedəcək, bu hər kəsin öz fikridir. Ancaq şəxsən özüm düşmənin sülh yolu ilə torpaqlarımızı azad edəcəyini düşünmürəm. Bunun üçün onları sülhə məcbur etmək lazımdır. Təəssüf ki, beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupu isə buna getmir, Ermənistana hər hansı bir təzyiq etmir. Düşməni ancaq mövcud gücümüzdən istifadə edib qovub torpaqlarımızdan çıxaracağıq”.

Rüfət NADİROĞLU