Ermənsitanda yeni xaos Qarabağ münaqişəsində yeni dəyişikliklərə səbəb olacaq

21 May 2019 10:20 (UTC+04:00)

Ermənistanda gərgin olan siyasi vəziyyət son günlər daha da kəskinləşib. Bu da məhkəmənin qərarı ilə keçmiş prezident Robert Köçəryanın azadlığa çıxması ilə bağlıdır. Buna narzılıq edən baş nazir Nikol Paşinyan ölkədə  inqilabın ikinci mərhələsinin anonsunu verib.

Qeyd edək ki, İrəvanın birinci instansiya məhkəməsi Robert Köçəryanı həbsdən azad edib. Ötən  şənbə günü sabiq dövlət başçısının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə hakim David Qriqoryan Köçəryanın azadlığa buraxılması barədə qərarı elan edib. O da bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin keçmiş “rəhbəri” Arkadi Qukasyan və indiki “rəhbəri” Bako Saakyan məhkəməyə şəxsi zəmanətlərini təqdim ediblər. Onlar birbaşa məhkəmə zalında zəmanət verərək, hərəsi 500 min dram və ya təxminən 1000 dollar  təzminat ödəyiblər.

Xatırladaq ki, Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən 1 ildən bir qədər artıq vaxt keçir. Keçən ilin aprelində o, məhz inqilab yolu ilə Serj Sarkisyanı hakimiyyətdən salaraq iqtidara sahib olub. Lakin ötən müddət ərzində Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. Hətta qərbpərəst siyasətçi olsa da, son zamanlar Qərblə münasibətlərində də bir soyuqluq yaranıb. Daxildə isə “Qarabağ klanı” hakimiyyətdən salınsa da, onlar güclü maliyyəyə malikdirlər və bir sıra strukturlarda, xüsusən də məhkəmə sistemində mövqelərini qoruyub saxlayırlar.

Belə bir  vəziyyətdə dara düşən Paşinyan məhkəmə üzərində nzarəti ələ almaq üçünxalqı ikinci inqilaba səsləyir. Erməni politoloq Aleksandr İsgəndəryan bu xüsusda bildirir ki, Ermənistanda hakimiyyətin bütün qollarında institutsuzlaşdırma gedir. Onun sözlərinə görə, hazırda baş verənlər gözlənilməz bir şey deyil: “Hakimiyyətin tranziti prosesi davam edir, amma bu proses bizim keçən ildə müşahidə etdiyimiz metodlarla aparılır. Əvvəlcə bu metodlarla icraedici, daha sonra qanunverici hakimiyyət ələ alındı. Aralıq dönəmdə o, böyük şəhərlərin lokal hakimiyyət orqanlarını ələ keçirdi. Küçələrdə dominantlıq hazırkı hakimiyyətin yeganə fəaliyyət alətidir. Hökumət bununla kifayətlənməyəcək. Biz dövlət orqanlarının çox funksiyalarının kollapsını indiyə qədər müşahidə etmişik. Məhkəmə hakimiyyətindən sonra növbə KİV-ə çatacaq”.

 “Qarabağ klanı” isə baş verənlər fonunda görünür, revanşa hazırlaşır. Bir sözlə, Ermənistan yenə də qarışır. Bu durum işğalçı ölkəyə nə vəd edir, yaranmış vəziyyət Ermənistanda vətəndaş müharibəsinə keçə bilərmi? Onun Dağlıq Qarabağ münaqişəsinin sonrakı gedişinə nə kimi təsiri ola bilər?

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Paşinyan nöqbəti inqilab anonsunu verməklə yenidən əhalini öz toruna salıb hakimyyətini uzatmaq istəyir: “Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən bir il keçəndən sonra artıq eyforiya dövrünü başa vuraraq reallığı dərk etməyə başlayıblar. Əhalinin Paşinyandan böyük gözləntiləri var idi. Əhali “Qarabağ klaını”ndan həddən artıq bezmişdi və və Paşinyana bir xilaskar kimi baxırdı. Amma bu baş vermədi. Ermənistanın nə iqtisadiyyatı, nə siyasətində, nə də Qarabağ məsələsində möcüzə baş vermədi. Əksinə, uçurum vəziyyətində olan ölkənin vəziyyəti daha da pisləşdi.

Paşinyan da xalqın dəstəyi azaldığından  yenidən xarici güclərə üz tutub. İrana və Avropa Birliyinə səfərlər edib, onlardan dəstək gözləti, amma bu cəhdləri də uğurlu olmadı. Bu fonda xalqdan dəstəyin itririlməsini görərək, Paşinyan Rusiyanın adamı olan Köçəryanı azad etməli olur. Bu həm də baş nazirin geri çəkilməsi kimi başa düşülməlidir.

Ola bilər, Paşinyan vaxtilə Köçəryanı sövdələşmə məqsədilə həbs edib. İndi də yəqin ki, reytinqi zəiflədiyindən Köçəryanı azad etməklə nəyinsə müqabilində Rusiya ilə sövdələşməyə gedir. Ermənsitanda yaranmış bu situasiyanın vətəndaş müharibəsi səviyyəsinə qədər yüksəlməsi də mümkündür. Bir il bundan əvvəl baş verən prosesləri Rusiya sakitcə müşahidə etdi. Paşinyan növbəti inqilabı ona görə istəyir ki, yenidən xalqı təhlükə olduğuna inandırsın, əhalini sosial problemlərin həlli yolunda ona olan gözləntilərindən yayındırsın. Ortada inqilabın nailiyyətləri olmayanda ortalığa təkrarən ikinci bir inqilab məsələsini gündəmə gətirirlər. Belədə Paşinyan da xalqı növbəti dəfə səfərbər etməklə göstərmək istəyir ki, insanlar hələ də onu dəstəkləyir. Digər tərəfdən növbəti inqilab məsələsni ortaya atmaqla xalqın başını qatmaqla hakimiyyətini daha bir uzatmağı düşünür. Yəni ucuz piar kapmaniyası aparır. Burada faktiki kənar təsirlərdən söhbət gedə bilməz”.

Düşmən ölkədə cərəyan edən gərgin proseslərin Qarabağ konfliktinin sonrakı gedişinə təsirinə gəldikdə, ekspert qeyd etdi ki, Paşinyan yenidən qeyri-konstruktiv təkliflərini gündəmə gətirib vaxt udmağa çalışacaq: “Son bir il ərzində Paşinyanın münaqişənin uzanması, danışılardan yayınmaqda maraqlı olduğunu müşahid etdik. Yəni, Paşinyan münaqişənin həllinə çalışmır, bunu istəmir. Birmənalı şəkildə bu belədir. Həmçinin o bunu bacarmır və bacara bilməz də. Çünki konstruktiv sülhə gəlsə, onu ölkədə devirə bilərlər. Ona görə də münaqişənin uzatmaqla vaxt udmağa çalışır. Belədə Paşinyan yenə də qeyri-konstruktiv təkliflər irəli sürüb münaqişə ətrafında vaxt udacaq. Ya da danışıqlar xatirinə danışıqlara gedəcək.  Bu fonda da onun danışıqlarda gözə çarpan, dəyişikliyə gedəcəyi inandırıcı deyil”.

Həmsöhbətimizin fikrincə, yaranmış situasiyada münaqişə ətrafında təxribatlar da yarana bilər: “Amma ordu üzərində Paşinyanın nəzarəti olmadığından hərbi əməliyaytların bərpası inandırıcı deyil. Qısa müddətli toqquşmalar olsa da, aprel döyüşləri səviyyəsində hərbi əməliyyatların başlanacağı inandırıcı deyil.

Ermənistan hərbisi və diplomatiyası tamamilə Moskvanın nəzarəti altındadır. Belədə Paşinyanın iradəsi altında işğalçı ordunun hansısa bir hərəkət edəcəyini gözləmirəm. Ona görə də o hakimiyyətini uzatmaq üçün daha çox danışıqlar prosesini uzatmaqla məşğul olacaq”.

Rüfət NADİROĞLU