“Səhiyyə sahəsində ən savadlı, bacarıqlı mütəxəssislər çalışmalıdır”

13 May 2013 18:03 (UTC+04:00)

 "Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu səhiyyədə kadr siyasəti sahəsində çox önəmli hadisədir". Mövqe.az-ın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev bu il mərkəzləşdirilmiş qaydada işə qəbul olan gənc həkimlərlə görüşü zamanı bildirib ki, səhiyyə sahəsində ən savadlı, bacarıqlı mütəxəssislər çalışmalıdır. Nazirin sözlərinə görə, ilk növbədə məqsəd hər bir namizədin bilik və peşə qabiliyyətinin, ümumi dünyagörüşünün, tibb müəssisələrində işləmək bacarığının səviyyəsini düzgün müəyyənləşdirmək, bu sahədə şəffaflığı təmin etməkdir: "Bütün çətinliklərdən keçərək, nəhayət ki, istəyimizə nail oluruq. Bu mərhələyə gəlib çatmaq həqiqətən də asan məsələ deyildi. Artıq heç kim xahişlə, tanışlıqla, digər arzuolunmaz üsul və vasitələrlə işə qəbul olunduğunu iddia edə bilməyəcək".

 

O. Şirəliyev regionlarda fəaliyyət göstərən tibb müəssisələrində xeyli sayda boş iş yerlərinin olduğunu, müxtəlif səbəblər bəhanə gətirilərək həmin vakant yerlərə illərlə işçi qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, baş həkimlər nazirliyə həmin vakansiyalar üzrə işləmək istəyən mütəxəssislərin olmadığını deyirdilər: "Amma biz indi görürük ki, işləmək istəyənlər var imiş. Sadəcə olaraq, həmin şəxslər müəyyən tələblər və ya süni maneələrlə işə qəbul edilmirdilər. Artıq illərlə boş qalan vakant yerlərdə həkimlər çalışacaqlar".