Danimarkada Azərbaycanın Eurovision təmsilçisi ilə görüş keçirilib

13 May 2013 18:16 (UTC+04:00)

Azərbaycanı "Eurovision-2013" mahnı müsabiqəsində təmsil edəcək Fərid Məmmədov Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. 

Mövqe.az-ın məlumatına görə, mayın 12-də Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evində" keçirilmiş görüşdə azərbaycanlılarla yanaşı, Danimarkada yaşayan türklər və türkmənlər də iştirak edib. Mərasimdə çıxış edən Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi qonaqlara Fərid Məmmədov haqqında geniş məlumat verib, musiqiçiyə isə vaxtının az olmasına baxmayaraq onlarla görüşə gəldiyi üçün təşəkkür edib. Daha sonra Fərid Məmmədovun klipləri və videoları görüş iştirakçılarına nümayiş etdirilib. Azərbaycanlı musiqiçi ilə görüşdə Danimarkada türk və danimarka  dillərində böyük tirajla nəşr olunan "Haber" qəzetinin baş redaktoru Sedi Tekeloğlu, Türkiyənin "Hürriyyət", "Milliyyət" qəzetlərinin və Kanal D-nin əməkdaşları, eləcə də Skandinaviya Ülkü Ocaqlarının, Kopenhagen Türk Federasiyasının  rəhbərləri iştirak edib. Fərid Məmmədovu çox isti qarşılayan Danimarkadakı türk diasporunun və mediasının təmsilçiləri onu Türkiyənin  də nümayəndəsi kimi qəbul etdiklərini deyiblər. Azərbaycanlı musiqiçi media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirib. Sonda azərbaycanlılarla yanaşı, türklər və türkmənlər Fərid Məmmədova "Eurovision-2013" mahnı yarışmasında uğurlar və finalda Azərbaycan, Türkiyə bayraqlarının yanaşı dalğalanmasını arzu ediblər.