LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

23 May 2019 07:30 (UTC+04:00)

Son illər bütün dünyada qabarıq hiss edilən qlobal iqtisadi böhranın mənfi təsirlərini qətiyyətlə dəf edən müstəqil Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, strateji əhəmiyyətli enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilən, bütün sahələrdə modernləşən dövləti kimi tanınır. Qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir, ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir.

Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş, 2019-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası müstəqil respublikamızın ictimai həyatın bütün sahələrində uğurlu nəticələrə imza atdığını, beynəlxalq miqyasda nüfuz və mövqelərini daha da gücləndirdiyini, ümumən cəmiyyətin modernləşməsinə xidmət edən çoxşaxəli islahatların uğurla reallaşdırıldığını bir daha təsdiqləyib.

Nazirlər Kabinetinin iclasında dərin məzmunlu nitq söyləyən dövlətimizin başçısı cənab İlham Əliyevin bildirdiyi kimi, ilin birinci rübündə qazanılmış uğurlu nəticələr respublikamızın uğurla reallaşdırdığı strategi inkişaf xəttinin uğurlu nəticələrindən xəbər verir. Ötən 15 ildə ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi Ərzurum qaz kəmərləri istifadəyə verilib, «Ümid», «Abşeron» kimi perspektivli yataqlar kəşf olunmuş, Şərqlə Qərbi qovuşduran Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşmüş, TAP, TANAP kimi enerji layihələri real həyata vəsiqə alıb, "Əsrin müqaviləsi"nin vaxtı uzadılıb. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib.

Ötən illərdə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkib. Bu eyni zamanda cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edib, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırıb, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edib. "ASAN xidmət", "ASAN Kommunal" və "DOST" kimi unikal xidmət mərkəzlərinin yaradılması və fəaliyyəti hökumətin xalq qarşısında bürokratik amillər olmadan, şəffaf və layiqli xidmət etmək niyyətinin ali təcəssümü olaraq Azərbaycan milli brendinə çevrilib.

Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusilə də son illər yürütdüyü məqsədyönlü siyasət təkcə iqtisadi islahatların dərinləşdirilməsinə deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlib. Ölkədə və regionda, ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlətimizin başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır.

Cənab İlham Əliyevin təşəbbüsü və xalqımızın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada, postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlığını və dövlət idarəçiliyinin səmərəliyini yüksəltmək məqsədinə xidmət etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, bu təyinat ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin uğurlu davamına təminat yaratmış və islahatlara yeni nəfəs verib.

Son prezident seçkilərindən sonra dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən kadrların irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlib. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə ötən aylarda şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib, eyni zamanda müharibə əlillərinin, veteranlarının, şəhid ailələrinin və digər aztəminatlı təbəqələrdən olan vətəndaşların aylıq müavinətləri, tələbə təqaüdləri, minimum əməkhaqqı və pensiyalar artırılıb. Vətəndaşların devalvasiyadan sonra banklara yaranmış borclarının müəyyən şərtlər daxilində kompensasiya edilməsi, mavi yanacaqdan istifadəyə görə müəyyən edilmiş limitin artırılması və digər sosialyönümlü addımlar insan amilinin iqtisadi siyasətdə daim öndə olduğunu göstərir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında deyib. Sitat: "Əlbəttə ki, islahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək".

2019-cu ilin I rübü ötən illərdən uğurla reallaşdırılan və insan amilini daim ön plana çəkən islahatların reallaşdırılmasında yeni və məhsuldar mərhələ olub, dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sosialyönümlü islahatlar daha geniş miqyas alıb. İlin birinci rübündə ümumi daxili məhsulun 3 faiz, sənaye istehsalının 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,6 faiz, kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması aparılan islahatların uğurlarından xəbər verir.

Bu uğurlu nəticələr, heç şübhəsiz, uğurlu antiböhran strategiyasının məntiqi göstəricisidir. Bu strategiya Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır. Nazirlər Kabinetinin son iclası bir daha təsdiqləyir ki, 2014-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhran dalğası qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi prosesində Azərbaycana tormozlayıcı amil olmayıb. Böhranın ən pik mərhələsi sayılan 2015-2016-cı illərdə Azərbaycan üçün müəyyən çətinliklər yaransa da, hökumətin qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər səmərə verib, nəticədə bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail olunub.

Aparılan ardıcıl islahatlar nəticəsində qeyri-neft sektorunun sürətli inkişafına və idxal-ixrac əməliyyatlarında balansın təmin edilməsinə nail olunub. Bu məqsədlə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların

məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması; Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması; dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və digər tədbirlər müsbət nəticələr verir.

Nazirlər Kabinetinin son iclasında bildirildiyi kimi, sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi dövlət proqramları"nın əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir.

Nazirlər Kabinetinin son iclası göstərir ki, keyfiyyətcə yeni mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də məhz ölkədə aktual iqtisadi çağırışlara cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəfflaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən sosial məqsədlər üçün istifadə edilməsidir.