Moskva İrəvanı yenidən küncə sıxır

24 May 2019 08:45 (UTC+04:00)

Rusiya XVII əsrdən başlayaraq öz xarici siyasətində Qafqaz regionuna prioritet müstəvidə yanaşma sərgiləyib. Müasir dövrdə bu yanaşma öz aktuallığını və siyasi əhəniyyətini xeyli gücləndirib. Lakin ən müasir zamanda, yəni hazırda vəziyyət xeyli dərəcədə mürəkkəbləşib. Belə ki, Rusiyanın dəstəyi ilə Azərbaycan əraziləri hesabına özünə dövlər qurmuş ermənilər xarici güclərdən gördükləri havadarlıqdan vəcdə gələrək işğalçılıq siyasəti yürüdür və bu yoldan çəkinmək fikrində deyillər. Azərbaycan işğal edilmiş ərazilərinin qaytarılmasında israrlıdır və bu işdə o dərəcədə haqlıdır ki, ona kimsə “dur” deməyə cürət etmir. Lakin azərbaycanlıların praktiki fəaliyyətinə də yaşıl işıq yandırılmır və sülh çağırışları altında Qarabağ münaqişəsinin həlli zamanı uzadılır. Təbii ki, əvvəl-axır vaxt yetişəcək və bu münaqişə ədalət prinsipi, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatacaq.

Ermənistan tərəfi isə siyasi hakimiyyət uğrunda mübarizədə elə “Qarabağ” deyib durur. Bu işlərdə Kremlin istiqamətverici rol oynaması heş kimdə şübhə doğurmur. Bəs, belə olan halda Moskva axırda kimin tərəfində olacaq? Öz yaratdığı Ermənistanın, yoxsa siyasi və iqtisadi əlaqələrini strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirdiyi Azərbaycanın?

“Day.az” portalı tanınmış rusiyalı siyasi təhlilçi, tarixçi Oleq Kuznetsovdan bu mövzuda müsahibə alıb. Alim bir sıra əsaslı mülahizələri ilə məsələyə aydınlıq gətirib. O.Kuznetsov ilk növbədə ermənilərin anti-Rusiya çıxışlarına toxunaraq Ermənistanda İrina Rodnina adına olan məktəbin adının dətişdirilməsindən danışıb: “Yaxşı bir rus sözü var: səfehlik. Onların oyunu  məhz belə adlanır. Hərəkət yox, məhz oyun. Üçqat olimpiya çempionu, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Dövlət Dumasının deputatı İrina Rodnina dəfələrlə açıq şəkildə mətbuata bəyan edib ki, İrəvandakı əvvəllər onun adını daşıyan buz idman növləri stadionunun adının dəyişdirilməsinin onun üçün heç bir mənası yoxdur”. Alim daha sonra bildirir ki, yaxşı, ad dəyişildi, sonra nə oldu, Ermənistanda bu idman sahəsi inkişaf etdimi? Hakimiyyət Rodninanın acığına öz ölkəsində fiqurlu konkisürməni öldürdü.

“Bu günlərdə DQ-ın “XİN”-i simasında separatçılar Dövlət Dumasına incikliklərini çatdırıblar ki, rusiyalı deputatlar çoxdan Qarabağın yolunu unudublar. Doğrudan da, niyə rusiyalı parlamentarilər Qarabağa getməyi tərgidiblər?” sualına Kuznetsov belə şərh verib: “Son vaxtlar Rusiya hakimiyyətinin Ermənistana münasibətində köklü dəyişikliklər baş verib, o cümlədən Dövlət Dumasının deputatlarının Qarabağa səfərləri kəsilib. Bunun siyasi və iqtisadi səbəbləri var. Siyasi tərəf bundan ibarətdir ki,Rusiyanın siyasi sinfi nəinki ayılıb, hətta anlamağa başlayıb ki, siyasətdə başlıca rolu ideologiya və ambisiyalar yox, sağlam düşüncə və mənəviyyat oynayır, bununla əlaqədar əvvəl Qarabağa getmək onlar üçün vətənpərvərlik və prinsipiallıqla bağlı idisə, indi getməmək sağlam düşüncənin və mənəviyyatın meydana gəlməsi kimi qəbul olunmağa başlayıb.

Lakin iqtisadi aspekt də var. Bu yaxınlaradək bütün bu səfərləri Rusiyadakı qarabağlı erməni oliqarxlar maliyyələşdirir və  təşkil edirdilər. Onların var-dövləti Ermənistanın qarət edilməsi hesabına əldə edilmiş vəsaitlə öz bizneslərini qurmaqdan yaranmışdı. Paşinyanın hakimiyyətə gəlməsi ilə qarət biznesi və ermənilərin Rusiyadakı iri Qarabağ biznesi bağlandı. Bu səbəbdən səfərlərin təşkilatçıları və maliyyələşdirənləri kasıbladılar. Bu səbəbdən də rus deputatların Qarabağa “durna qatarı” daha uzanmır”.

Tədqiqatçı-alim erməni lobbisi məsələsinə də toxunur və deyir ki, onlar Rusiyada ABŞ-a və Avropaya nisbətən çox zəifdirlər. Belə ki, Rusiyada erməni diasporunun nümayəndələri Ermənistanla biznes quraraq və ya qastarbayter qismində Rusiyada yalnız özləri üçün çalışırlar. Qərbdəki erməni lobbisi ümumerməni mənafeyini düşünür.

Müsahibənin sonunda Rusiya-Azərbaycan münasibətləri barədə sualı cavablandıran Oleq Kuznetsov tarixdən misal çəkir: “ Uinston Çerçil özünün məşhur Fulton nitqində qiymətli ifadə işlətmişdi: “Britaniyanın daimi düşmənləri və daimi müttəfiqləri yoxdur, Britaniyanın daimi maraqları var”. Axırıncı 70 ildə bu sözlər dünya siyasətinin kvintessesiyasına çevrilib. Buna görə də yalnız səfehlər öz maraq və mənafelərindən imtina edə bilər.

Anladığım kimi, Rusiyanın Azərbaycanda heç bir zəhərli marağı yoxdur. Üstəlik, əminəm ki, ölkənizin rəhbərliyi yalnız Rusiyaya deyil, ümumiyyətlə heç kimə bu imkanı verməz.  Rus  atalar sözündə deyilir ki, "onlar yaxşıdan yaxşı axtarırlar". Ona görə də mən Rusiyanın Azərbaycandakı maraqlarından imtinası üçün nəinki rasional, hərra irrasional səbəblər görmürəm”.

Müsahibədən göründüyü kimi, rus ictimai fikrində və siyasətində Azərbaycanın çəkisi sürətlə artır və təbii ki, böyük-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər daha güclü və sülhpərvər ölkələrlə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Çünki, bu istiqamətdə real mənafe görürlər.

N.NOVRUZ