Enerji təhlükəsizliyini Azərbaycan hesabına təmin edən Avropa ölkələrinin sayı artır

24 May 2019 09:55 (UTC+04:00)

Son zamanlar getdikcə daha çox Avropa ölkəsi Azərbaycanın enerji resurslarına maraq göstərməyə başlayıb. TAP və TANAP kimi möhtəşəm layihələrin işıq üzü görməsi fonunda Avropa ölkələri bir-birinin ardınca mavi qaz almaq üçün Azərbaycanla anlaşmaya üstünlük verirlər.

Artıq Bolqarıstan da bu sıraya qoşulub. May ayının 22-də Bolqarıstanın cənubunda, Kirkovo kəndi yaxınlığında Bolqarıstan-Yunanıstan İnterkonnektorunun təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən Bolqarıstan baş naziri Boyko Borisov qeyd edib ki, bu layihə təkcə iki ölkə üçün deyil, qərbi Balkan ölkələri, bütövlükdə isə Avropa üçün strateji əhəmiyyətə malikdir. Yunanıstan baş naziri Aleksis Tsipras isə bildirib ki, interkonnektorBalkan ölkələrini enerji habına çevirəcək.

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Şərqi Avropa ölkələrinin Azərbaycan qazına marağının artmasını təbii amillərlə əlaqələndirdi: “Azərbaycan qazına Şərqi Avropa ölkələrində marağın artmasında birinci növbədə infrastruktur amili rol oynayıb. Belə ki, Azərbaycan qazını Avropaya çıxaran infrastruktur artıq demək olar 90 faiz tikilib başa çatdırılıb. Yəni artıq heç kəs tərəddüd etmir ki, gələn ilin ortalarından başlayaraq  sözügedən infrastruktur Azərbaycan qazını qəbul etməyə başlayacaq. Ona görə də Avropada ölkəmizin mavi yanacağına artan maraq təbiidir.

Artıq bu istiqamətdə layihələndirmə dövrü, ilkin tikinti işləri arxada qalıb. İndi sözügedən infrastrukturda Avropa sərhədinə qədər olan hissədə sınaq işləri gedir. Azərbaycan qazının Türkiyəyə nəqli yeni infrastruktur vasitəsilə ildən-ilə artır. Ötən il TANAP-la 1 milyard kubmetr qaz verilişi həyata keçmişdisə, bu il həmin  həcm iki dəfədən də çox artacaq. Ona görə də qaz idxalından, özü də əsasən bir ölkədən asılı olan ölkələr öz enerji idxalının diversifikasiyasını gerçəkləşdirmək uğrunda real addımlar atmağa çalışırlar. Bununla bağlı bir sıra Şərqi Avropa ölkələri «Cənub Qaz Dəhlizi»nin ikinci mərhələdə genişləndirilməsi layihəsində məhz Azərbaycanla alqı-satqı müqavilələrini imzalayaraq bu imkanlardan yararlanmağı düşünürlər. 

Mayın 22-də Yunanıstan və Bolqarıstan  arasında qaz birləşdirici kəmərin təməlinin qoyulması ilə isə bu ümid onlarda daha da artıb. Onun buraxıcılıq gücü 1-3 milyard kubmetr arasında olacaq. Onun da 1 milyard kubmetri Bolqarıstan bazarına gedəcək. Nəticədə həmin ölkələr fikirləşir ki, sonrakı  mərhələdə geridə qalan həcmləri öz bazarları üçün idxalda istifadə edə bilərlər”.

İ. Şaban qeyd etdi ki, daha çox Azərbaycan qazının Avropaya nəqli ilə ölkəmizin bu qitədəki mövqeləri daha da yüksələcək: “Qazın neftdən fərqi odur ki, birincinin marketinqi bir qədər çətindir. Alıcı olmadıqda qaz ehtiyatını bazara  çıxarıb satmaq çətin məsələdir.  İran dünyanın qaz ehtiyatına görə ikinci ölkəsidir. Ancaq onun qaz ixracı uzun müddət idi ki, Azərbaycanın qaz ixracına bərabər olub, 8-9 milyard kubmetr qaz satırdı. Bir müddətdən sonra isə Azərbaycan bu müstəvidə İranı dəfələrlə üstələyəcək. Azərbaycan İranla müqayisədə daha müasir qaz ixrac infrastrukturuna malikdir. Həmçinin ölkəmiz stabil tərəfdaşlara malikdir. İranla bağlı isə bu cür tərəfdaşlar yoxdur. Bu baxımdan Azərbaycan qazına Avropada yeni-yeni ölkələrin maraq göstərməsi ölkəmizin daha çox qaz həcminin bazara çıxması deməkdir. Bu, həmçinin, ölkəmizin Avropa ölkələrilə iqtisadi əlaqələrinin möhkəmlənməsi və ikitərəfli əlaqələrdə ticari dövriyyənin artımı anlamına gəlir. Bu isə iqtisadiyyatdan siyasətə sirayət etmək və əlaqələrin bir müstəvidən digər müstəviyə keçidi nəticəsində çoxşaxəli sahədə möhkəmlənməsinə yol açır”.

Ancaq həmsöhbətimzi düşünmür ki, daha çox Azərbaycan qazının Avropaya nəqli heç də Türkmənistan və İran qazının da ölkəmiz üzərindən keçərək həmin məkana daşınması demək olmayacaq: “Azərbaycan qazının Avropa ölkələri tərəfindən alınmasının kommersiya baxımından cəlbedici olması heç də o demək deyil ki, Türkmənistan və İran qazı da həmin “köhnə qitə” istehlakçısı üçün o dərəcədə cəlbedici ola bilər. Bu addımın baş verməsi gələcək danışıqlardan, Avropa ölkələrilə İran və Türkmənistanın danışıq predmetindən asılıdır”.

İqtisadçı-ekspert Ruslan Atakişiyev də Azərbaycanın Avropanın qaz təchizatında rolunun getdikcə artacağını vurğuladı: “Avropa ölkələri enerji resursları baxımından kənar təzyiqlər səbəbindən  daha çox hələlik Rusiyadan asılıdırlar.  Ona görə də diversifikasiya etməklə digər mənbələr hesabına bu asılığı azaltmağa çalışırlar. Bu mənada TANAP layihəsinin reallaşmasının faktora çevrilməsi fonunda Avropa ölkələri üçün diversifikasiya olunacaq mənbələrdən biri də məhz Azərbaycandır”.

R. SOLTANOV