Bakı Metropoliteninin “28 May” stansiyasında şərti yanğın üzrə təlim-məşq keçirilib

24 May 2019 15:53 (UTC+04:00)

Mayın 24-də Bakı Metropoliteninin “28 May” stansiyasının maşın zalında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Bakı Metropoliteni üzrə dövlət yanğın nəzarəti şöbəsi və Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) əməkdaşlarının birgə iştirakı ilə maili enişdə kabellərdə baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi üçün təlim-məşq keçirilib.

FHN-dən Movqe.az-a bildiriblər ki, şərti yanğın hadisəsinin söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Şərti yanğında, həmçinin DYMX-nin operativ hissəsinin yanğınsöndürənləri də iştirak ediblər.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələnə qədər metropolitenin işçiləri tərəfindən yanğının söndürülməsinə ilkin müdaxilə edilib. Yanğınsöndürənlər gəldikdən sonra yanğınsöndürmə rəhbərinə təmas xəttindən yüksək gərginliyin çıxarılması barədə buraxılış vərəqəsi verilib və yanğın söndürülüb.