Cenevrədə WSIS Forumunun açılışı olub

14 May 2013 12:03 (UTC+04:00)

Mayın 13-də Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə Forumun açılış mərasimi olub.

 

Mövqe.az-ın məlumatına görə, mərasimdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunmuş tədbir İKT-cəmiyyətinin ən iri illik forumudur. Burada Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələri, hökumətlər, vətəndaş cəmiyyəti və  İKT sahəsinin təşkilatları təmsil olunur.

 

Ənənəvi olaraq hər ilin mayında keçirilən forumun formatı bütün maraqlı tərəflərin informasiya cəmiyyəti ilə bağlı məsələlərin çoxtərəfli müzakirələrdə iştirakını təmin etməyə imkan verir.

 

Açılış mərasimində nazir müavini Elmir Vəlizadə çıxış edərək Azərbaycanda İKT sahəsində dövlət siyasəti, əldə olunmuş nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat verib. Azərbaycanın bu il ilk peykinin orbitə çıxarıldığını qeyd edən nazir müavini peykdən Azərbaycanla yanaşı, Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrinin istifadəçilərinin də faydalana biləcəyini qeyd edib.


Elmir Vəlizadə Azərbaycanın təşəbbüskarı olduğu Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında forum iştirakçılarına məlumat verib. Qeyd edək ki, tədbir çərçivəsində TASİM layihəsinə həsr olunmuş xüsusi seminarın keçirilməsi də planlaşdırılır.

 

Forumda yüksək səviyyəli mütəxəssislərdən ibarət qrupların bir sıra iclasları, tematik seminar-praktikumlar və bilik mübadiləsi, eləcə də WSIS-in qərarlarının yerinə yetirilməsi üçün böyük əhəmiyyətə malik məsələlərin müzakirə ediləcəyi sərgi təşkil olunacaq.

 

Mayın 17-dək davam edəcək forum WSIS məqsədlərinə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinin müzakirəsindən başqa, geniş spektrli digər məsələlər üzrə interaktiv müzakirə və informasiya mübadiləsinə kömək edəcək.

 

Birinci mərhələsi 2003-cü ildə Cenevrədə (10-12 dekabr), ikinci mərhələsi isə 2005-ci ildə Tunisdə (16-18 noyabr) təşkil olunmuş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti dünya ictimaiyyəti üçün üçüncü minilliyin başlanmasının əsas hadisəsi olan, eləcə də sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçidi ifadə edən əlamətdar hadisə olub.