Nüfuzlu beynəlxalq qurumlardan Azərbaycana verilən yüksək qiymət

28 May 2019 09:30 (UTC+04:00)

Sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı beynəlxalq qurumlarının da diqqət mərkəzində yer alır.  “Moody’s”, “Standart&Poors”, “Fitch” kimi beynəlxalq  reytinq agentlikləri cari il və gələn il üçün Azərbaycanda iqtisadi artımın yüksək olacağını olacağını bəyan edib.

Asiya İnkişaf Bankı da ölkəmizlə bağlı anoloji fikirdədir. Avropa Yenidənqurma və İnkişaf Bankı iəs Azərbaycanda 2019-cu ildə ümumdaxili məhsulun (ÜDM )3,5 faiz artacağını proqnozlaşdırıb. Bankın gəldiyi qənaətə görə, gələn il üçün Azərbaycanda ÜDM 3,3 faiz həndəvərində artacaq.

Beynəlxalq səviyyədə verilən bu açıqlamalar göstərir ki, Azərbaycan  dinamik iqtisadi artım mərhələsinə qədəm qoyub. Bunu şərtləndirən səbəblər hansılardır? Verilən bu yüksək qiymət fonunda ölkəmiz hansı dividendlər qazanacaq? Bu vəziyyətdə Azərbaycanla beynəlxalq iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyini gözləmək olarmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, 2019-2020-ci illərdə Azərbaycanda iqtisadi artımın olacağı barədə verilən beynəlxalq proqnozları şərtləndirən amillər ölkəmizdə iqtisadi sabitliyin təmin olunması və yenidən bu istiqamətdə artıma nail olmağımızla bağlıdır: “Azərbaycandakı iqtisadi artımla bağlı beynəlxalq reytinq agentliklərinin verdiyi proqnozlar xüsusən 2017-ci ildən sonra  ölkəmizdə iqtisadi sabitliyin təmin olunması və 2018-ci ildə iqtisadi artımın yenidən bərpa edilməsilə bağlıdır. Bu fonda da cari il üçün, o cümlədən növbəti illərdə ölkəmizdə daha yüksək iqtisadi artım proqnozlaşdırılır.

Həmin proqnozlar yalnız Azərbaycan hökuməti tərəfindən deyil, eyni zamanda beynəlxalq maliyyə qurumları tərəfindən də səsləndirilir. Verilən həmin proqnozlara,  xüsusən də neft şokundan keçən müddətdə Azərbaycan iqtisadiyyatının necə dəyişdiyinə diqqət yetirsək,  sözsüz ki, birmənalı şəkildə ölkə iqtisadiyyatının artım tempinin faiz etibarı ilə də yüksək olduğunu müşahidə edərik. Bütün bunları 2016-cı ildən bu günə qədər olan dövrdə rəsmi və eyni zamanda beynəlxalq maliyyə qurumlarının elan etdiyi rəqəmlərdə də görə bilirik. O baxımdan iqtisadi artım tempinin yüksəlməsi nəticə etibarı ilə beynəlxalq maliyyə qurumlarının  da proqnozlarına birbaşa təsir göstərir. Yaranmış vəziyyət həmçinin beynəlxalq maliyyə qurumları ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərə, beynəlxalq iqtisadi əməkdaşlığa da təsir edir.

Ona əsasən deyə bilərik ki, Azərbaycanın  beynəlxalq maliyyə və iqtisadi qurumları ilə əməkdaşlığı daha da inkişaf edəcək. Baxmayaraq ki, xarici borcun idarə edilməsilə bağlı müəyyən problemlər var. Amma bundan əlavə gözlənilir ki, növbəti dövrlərdə də beynəlxalq maliyyə və iqtisadi qurumlarla Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi və bu kontekstdə növbəti dövr üçün ölkəmizin Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu ilə münasibətləri inkişaf edəcək”.

Ekspert qeyd etdi ki, proqnozlaşdırılan bu artımla Azərbaycan daha çox gəlir əldə edəcək, həmçinin ölkəmizin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı daha da genişlənəcək: “Azərbaycan proqnozlaşdırılan iqtisadi artıma nail olmaqla öz gəlirlərini daha da artırmaq imkanı qazanacaq. Bundan başqa,  dövlətlərin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı vacib elementdir. Çünki bu nəticə etibarı ilə texniki yardımın əldə edilməsi və fərqli layihələrin həyata keçməsi demək olacaq.

Azərbaycan artıq Asiya İnkişaf Bankında donor kimi iştirak edir. Belə vəziyyət bir tərəfdən, Azərbaycanın regional təsir imkanlarına birbaşa təsir edəcək. Eyni zamanda imkan verəcək ki, Azərbaycan texniki, maliyyə layihələri də daxil olmaqla daha geniş beynəlxalq əməkdaşlığa nail olsun. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafı baxımından vacib elementlərdən hesab olunur”.

Rüfət NADİROĞLU