Muğanlı aktiv sürüşmə zonasıdır
3 Aprel 2012 19:22 (UTC+04:00)
Abid Şərifov: "Ağsu aşırımında baş verən torpaq sürüşməsi ilə
əlaqədar təmir-bərpa işləri aparılmalıdır"
"Ağsu aşırımında baş verən torpaq sürüşməsi ilə əlaqədar Nəqliyyat
Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri görülməli, çökən
yerlərdə təmir-bərpa işləri aparılmalıdır".
Bunu baş nazirin müavini Abid Şərifov hökumət nümayəndələri ilə
birgə sürüşmə baş verən Ağsu aşırımına və Şamaxı rayonunun Muğanlı
kəndinə baxış keçirildikdən sonra jurnalistlərə açıqlamasında
deyib. Ağsu aşırımında bu gündən təmir-bərpa işlərinə başlanması
barədə tapşırıq verildiyini bildirən baş nazirin müavini aşırımda
minik avtomobillərinin hərəkətinə icazə verildiyini qeyd edib.
Muğanlı kəndində evləri qəzalı vəziyyətə düşən sakinlərə keçirilən
görüş barədə danışan A. Şərifov qəzalı vəziyyətə düşən evlərdə
təmirə ehtiyac olmadığını vurğulayıb: "Buradakı evlər
köçürülməlidir. Bu ərazi aktiv sürüşmə zonasıdır. Artıq qəzalı
vəziyyətdə olan 46 evin sakini qohumlarının evlərinə
köçürülüb".
A. Şərifov həmin sakinlər üçün Şamaxının Meysəri kəndi yaxınlığında
55 hektar torpaq sahəsi ayrıldığını açıqlayıb. Muğanlı kəndinin
bütünlükdə köçürülməli olduğunu deyən A. Şərifov ilkin mərhələdə
qəzalı vəziyyətdə olan 46 evin sakinlərinin köçürülməsinə qərar
verildiyini qeyd edib.
O, araşdırmaların davam etdirildiyini vurğulayıb: "Gələcəkdə kənddə
başqa evlər də qəzalı vəziyyətə düşərsə, həmin evlərin sakinləri
üçün Meysəridə ayrılan torpaq sahəsində yeni evlər tikilə
bilər".
Baş nazirin müavini onu da deyib ki, Meysəri kəndinə yaxın ərazidə
ayrılan torpaq sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının
mütəxəssisləri tərəfindən bu gündən geoloji tədqiqat işlərinə
başlanılıb. Bir həftə ərzində orada tikinti işlərinə başlamağın
mümkün olub-olmaması barədə mütəxəssislərin rəyi açıqlanacaq. Rəy
açıqlanandan sonra isə tikintinin layihələndirmə və maliyyələşdirmə
işləri aparılacaq.
Qeyd olunub ki, ərazidə 46 ev, məktəb və tibb məntəqəsinin
tikilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bu gün Azərbaycanın hökumət nümayəndələri sürüşmə
baş verən Ağsu aşırımına, Şamaxı rayonunun Muğanlı kəndinə baxış
keçiriblər. Bölgəyə səfər edən nümayəndə heyətinin tərkibinə baş
nazirin müavini Abid Şərifov, "Azərenerji" ASC-nin prezidenti
Etibar Pirverdiyev, "Azəryolservis" ASC-nin sədr müavini Vaqif
Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov və digər
şəxslər daxildir.