Taxıl idxalından asılılıq aradan qalxacaq

30 May 2019 09:30 (UTC+04:00)

"Taxılçılıqla bağlı subsidiyalar gələn ildən ancaq sertifikatlı toxum əkən fermerlərə veriləcək". Bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, nazirlik subsidiya qaydalarında dəyişiklik edəcək: "Qaydalar təsdiq edildikdən sonra gələn ildən etibarən ancaq sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək. Məsələ ilə bağlı artıq maarifləndirmə işləri aparılır. Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun xətti ilə ölkəyə gətirilən super elit "Krasnodar 99" toxum növündən yüksək məhsuldarlıq əldə edilib. Dəmyə torpaqlarından belə, yüksək məhsuldarlıq götürülüb". V.Hüseynov onu da əlavə edib ki, nazirliyin qarşısında duran əsas vəzifə həm orta, həm də ümumi məhsuldarlığı artırmaqdır.

Qeyd edək ki, Azərbaycanda ildən-ilə taxıl istehsalı artır. Hər il əvvəlki ilə nisbətən daha çox taxıl istehsal edilir. Ancaq buna baxmayaraq, xaricdən taxıl, daha doğrusu buğda idxalında da artımlar müşahidə edilir. Bu da onunla bağlıdır ki, taxıl əkinilə məşğul olan fermerlər o qədər də keyfiyyətli olmayan sortlardan istifadə edirlər. Nəticədə çörək bişirmək üçün xaricdən buğda almalı oluruq. Bu mənada subsidiyanın ancaq sertifikatlı taxıl əkənlərə verilməsi fonunda taxılçılıq təsərrüfatını nə gözləyir? Bu addım fermerlərə nə vəd edir? Belə olan halda taxıl idxalından asılılığa son qoyula bilərmi?

İqtisad Universitetinin dosenti Qadir Bayramlının fikrincə, sözügedən istiqamətdə atılan addımlar elə olmalıdır ki, prosesdən təsərrüfat baxımından daha çoxluq təşkil edən kiçik və orta fermerlər də faydalana bilsinlər: “Məsələni elə etmək lazımdır ki, mümkün qədər çox sayda fermer sertifikatlı taxıl əkməyə başlasın. Bunun üçün də fermerlərə həmin istiqamətdə köməklik edilməlidir.

İri sahələrdə taxıl yetişdirənlərin belə sertifikatlı taxıl toxumu almağa hər cür imkanları var. Ancaq heç də bütün fermerlər bu imkana malik deyillər. Yəni, orta və kiçik sahələrə malik fermerlərin bu imkandan yararlanmaq şansları demək olar ki, yox dərəcəsindədir. Ona görə də sertifikat məsələsində orta və kiçik fermer təsərrüfatlarına köməklik edilməlidir. Belə ki, subsidiyaya ehtiyacı olanlar da əsasən məhz onlardır. Subsidiyadan məhrum olmaları isə kiçik və orta fermer təsərrüfatlarına mənfi təsir göstərəcək. Bu fonda subsidiyanın ancaq sertifikatlı taxıl əkənlərə verilməsinin tam müsbət nəticə verəcəyinə inanmıram.  Ona görə çalışmalıyıq ki, prosesdən kiçik və orta fermerlər də yararlansın.

İndilikdə maarifləndirmə işlərinin zəif olması səbəbindən kiçik və orta ranqlı fermerlərin əksəriyyəti sertifikatı necə əldə etməyi belə bilmir. Ona görə də hüquqi mexanizmi sadələşdirməklə onlara kömək etmək lazımdır. Yəni, məsələnin reallaşmasına ciddi araşdırıldıqdan sonra başlamaq lazımdır”.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirov isə düşünür ki, taxıl idxalına son qoymaq üçün yeganə yolumuz ancaq sistemin özünün təkmilləşdirilməsindən keçir: “2009-cu ildə subsidiya verilməsi proqramının tətbiq olunmasından bu günə qədər olan müddətdə ölkəmizdə taxıl istehsalının kəmiyyəti baxımından irəliləyişə nail ola bildik. Hər il təxminən 3 milyon ton taxıl istehsalına nail olduq. Ancaq keyfiyyət baxımından heç bir ciddi irəliləyiş müşahidə etmədik.

Hər il 1,8 milyon tona yaxın ərzaq buğdası idxal edirik. Bu da onunla bağlı idi ki, buğda əkinilə əlaqədar müəyyən elmi təminat, aqrotexniki prinsiplər yerinə yetirilməli olduğu halda, bunlar baş verməyib. Müasir çağırışlar fonunda isə keyfiyyətin təmin olunması məsələsi ortaya çıxır. Ona görə də məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına önəm verməliyik. Ərzaq buğdasının keyfiyyəti yaxşılaşdırılmalıdır. Burada da birinci addım sertifikatlaşdırılmış super iri toxumlardan istifadə məsələsidir. Ölkə üzrə fermerlər üçün elektron sistem qurulub. Bu sistem də bir sıra parametrlərə nail olmağa imkan verəcək. Onun sayəsində buğda sortları, əkin sahəsi, keyfiyyət, kəmiyyət göstəricilərini şəffaf şəkildə görməyə nail olacağıq. Yaxın aylarda 400-500 min istehsalçı bu sistemə daxil olacaq.

İndiyə kimi, əksər təsərrüfatlarda toxum materialları təsadüfən əldə olunurdu. Ona görə də subsidiyanın ancaq sertifikatlı taxıl əkənlərə verilməsi addımının atılması son dərəcədə zəruridir.

Hesab edirik ki, subsidiya ancaq həmin seqmentə şamil olunarsa, fermerlər elit toxumlar əkməyə, aqrotexniki və əkin qaydalara vaxtında əməl etməyə məcbur olacaqlar.  Yəni artıq subsidiya keyfiyyət göstəricilərinə görə veriləcək. Bu mənada strateji hədəfimiz taxıl idxalına son qoymaqdır. Yeganə yolumuz sistemin özünü təkmilləşdirməkdən keçir”.

R. SOLTANOV