Anti-Azərbaycan dairələrin futbol üzərindən apardığı piar kampaniyası tam iflasa uğradı

31 May 2019 09:27 (UTC+04:00)

2018/2019-cu illər UEFA Avropa Liqasının ingilis finalı Azərbaycan paytaxtında gözəl idman bayramına çevrilib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts oyundan sonra deyib: “Çelsi» futbol klubunu qələbə münasibəti ilə təbrik edirik. Əla oyun idi. Əhsən Bakıya ki, iki komandamızın final oyununu möhtəşəm təşkil etdi. Stadion dünya standartlarına cavab verirdi”.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında final görüşü “zadəganlar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Bakıda UEFA Avropa Liqasının finalında "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra “Çox xoşbəxtəm, məmnunam. Mükafat azarkeşlərimiz üçün önəmlidir. Bu qələbəyə layiq idik” – deyə sevincini futbolsevərlərlə bölüşüb.

Maraqlı final oyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin, hökumət nümayəndələrinin tribunada olması idmanın bu sahəsinə göstərilən diqqət və qayğının ifadəsi idi.

Final oyununun açılış mərasimi üçün ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu tərəfindən hazırlanmış musiqili tamaşa Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşatdı. Tamaşada iştirak edən 150 yerli gənc rəqqasların rəqsi ilə bahəm atəşfəşanlığın yaratdığı ulduzlu səma səhnəsi möhtəşəmliyi və parlaqlığı ilə göz qamaşdırırdı.

Finalda yarışan komandaların nəhəng ölçülü bayraqlarının meydana gətirilməsi, kubokun azarkeşlərə nümayişi, stadionun müasir görkəmi, görüşdən əvvəl və sonra qələbəliyin olması, insan izdihamının müxtəlif ölkələrdən gəlmiş turist-azarkeşlər sayəsində beynəlmiləl tərkibi final tədbirinin yaddaqalan meyarları idi. Bəlkə də ilk dəfə idi ki, Bakıda iki saatlıq bir idman tədbirində bu səviyyədə al-əlvanlıq vardı. Hətta insan kütləsinin müxtəlif dillərdən ibarət danışıq nitqi tədbirin ümumdünya idman bayramı olmasının bir işarəsi olmaqla yanaşı futbol ab-havasına bir harmoniya gətirirdi. Axı, dünyanın börd bir yanından insanlar bu oyunu canlı izləmək üçün Bakıya təşrif buyurmuşdular.

Matç başa çatandan sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirildi. Qalib komandaya kuboku UEFA prezidenti Aleksandr Çeferin təqdim etdi.

Final oyununun futbola məxsus faktları azarkeşlər həyacan və maraqla müzakirə edirdilər. Elə ki, “Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazandı. “Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub oldu. Bu oyunla peşəkar futbolda 851-ci dəfə meydana çıxan “Arsenal”ın çexiyalı qapıçısı Petr Çex final görüşündən sonra karyerasını başa vurdu.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerlik Bakı Olimpiya Stadionu isə UEFA Avropa Liqasının tarixində 20 illik tamaşaçı tutumu rekordunu yeniləmiş oldu. Bundan əvvəlki rekord  Moskvanın 62 min tamaşaçı tutumuna malik “Lujniki” stadionuna məxsus idi.

Ümumiyyətlə, tədbirin təşkilatı səviyyəsi, final oyunu fonunda ölkəmizdə yaradılmış idman infrastruktunun mükəmməlliyi sübut etdi ki, UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar tamamilə məntiqli və doğru idi. Bu, son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

204 telekanalın yayımladığı və 1 milyasrd insanın izlədiyi UEFA Avropa liqasının final oyunu

Azərbaycanın son illərdə təşkil etdiyi  I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadası, onlarla beynəlxalq yarışlardan sonra ölkəmizin imza atdığı böyük idman və eyni zamanda ictimai qələbədir. Çünki, bizim uğurlarımıza kölgə salmağa çalışan qüvvələr vardı və final oyunu ilə əlaqədar görülən yüksək təhlükəsizlik tədbirləri “qara” qüvvələrin səsini birdəfəlik kəsmiş oldu. Azərbaycana gələn turistlər, idmançıların özləri yersiz hay-küy salanların gözlədiklərinin əksinə olaraq ölkəmizi ən gözəl və mehriban münasibətlərə malik məkan kimi xarakterizə etdilər. Bu amil idman yarışlarının Azərbaycan xalqının sülhpərvər ovqatı ilə birləşib dünyada əmin-amanlığa, sabitliyə töhfə verdiyini hamılya bir daha çatdırdı. . Təsadüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyulun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar verilib.

N.NOVRUZ