Azərbaycan beynəlxalq miqyasda yenə diqqət mərkəzindədir

31 May 2019 09:30 (UTC+04:00)

Azərbaycanın regional liderliyi və beynəlxalq aləmdə həm siyasi, həm də iqtiosadi cəhətdən oynadığı rol heç kimdə şübhə doğurmur. Çünki, bu fikirlərin arxasında faktlara əsaslanan real və gərgin iş durur. Ölkəmiz belə bir nüfuz və çəkiyə nail olmaqla öz sözünü deyir və dediyini də ən yüksək səviyyədə yerinə yetirməyi bacarır. Bəlkə də bu yükü sözlə ifadə etmək hardasa bir az asan görünüş yaradır. Amma əslində bu çox ağır və məsuliyyətli yükdür. Belə bir nüfuza sahib olmaq çox çətindir və buna nail olandan sonra ardıcıllığı saxlamaq daha çətindir. Ona görə ki, bu çətin dövrdə hər an meyarlar və strateji məqsədlər dəyişir, yenilənir və opponentləri də taktikanı dəyişməyə vadar edir.

Ümumiyyətlə, hər bir ölkənin müstəqillik günündə münasibət saxladığı digər dövlətlərin başçılarından təbrik məktubları alınır. Bu protokol qaydası və durumun “isti-soyuqluöundan” asılı olmayaraq baş verir. Ancaq həqiqət məktubda ifadə olunan fikirlərin hərarətində gizlənir. Mənfi ya müsbət meyillər sətiraltı məna ilə diqqətə çatdırılır. Bu il də 28 may- Respublika günü ilə bağlı dünyanın əksər ölkələrinin əsas siyasi və iqtisadi vəzifələrinin daşıyıcılarından Azərbaycan Respublikasının Prtezidenti İlham Əliyevin ünvanına müxtəlif səpkili, amma eyni hərarətə malik təbriklər göndərilib. Bu sırada ən güclü dövlətlərin durduğu böyük önəm daşıyır. Amma dünyanın supergücü sayılan Amerika Birləşмиш Ştatlarının prezidenti Donald Trampın mayın 24-29 aralığında dalbadal iki dəfə Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərməsi dərhal diqqəti cəlb edir və şərh olunmağa layiqdir. Çünki, əhali sayı, ərazisi və dünyadakı yeri baxımından ABŞ kimi dövlətin Azərbaycana münasibətdə son dərəcə iltifatlı olması dövlətimizin beynəlxalq aləmdə nə qədər önəmli mövqe qazandığına dəlalət edir. Yəni, dövlətlərin sanbalı ərazi və ya əhali ilə deyil, yürütdüyü siyasətin təkmilliyi və ictimai-siyasi mövqeyi ilə müəyyənləşir. Belə ki, ABŞ rəy bildirəndə müttəfiqliyi və dostluğu yox, əsas dövlət maraqlarını önə çəkir. Bu da o deməkdir ki, Amerikanın Cənubi Qafqazda geostrateji maraqları var. Maraqların əhatə etdiyi dairədə onun təminatına nail olmaq üçün isə əməkdaşlıq etməyə ən layiqli, bacarıqlı və səlahiyyətli dövlət məhz Azərbaycandır. Təbii ki, belə bir nəhəng dövlətlə əməkdaşlıq etməyə qabil olmaq böyük fəxarətdir və dövlətimizin real gücünün təcəssümüdür.

Bir faktı da nəzərə almaq lazımdır ki, Trampın iki məktubunun arasında ABŞ dövlət katibi Pompeo da Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb.   

Okeanın o tayından gələn məktublarda müxtəlif mövzular əhatə olunur: terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq, ölkədaxili islahatlar və s. Siyasi ekspertlərin fikrincə, iki məktubun qısa bir zamanda göndərilməsi yaxın zamanlarda ikitərəfli əlaqələr çərçivəsində müəyyən inkişafın olmasına bir müjdədir.

ABŞ tərəfdən belə bir intensivliyin müşahidə olunması bir daha sübut edir ki, Azərbaycanla ABŞ arasındakı münasibətlər strateji xarakter daşıyır. ABŞ Prezidenti və Dövlət katibinin ünvanladığı təbrik məktublarının məzmunu məhz ondan ibarətdir ki, ABŞ Azərbaycanla strateji əməkdaşlıq etməkdə maraqlıdır və ölkəmizi öz iqtisadi strateji partnyoru hesab edir. Bu mövqenin yaranması  Azərbaycan bu gün həm qeyri-neft, həm də neft sektorunda uğurlu inkişafa nail oolması ilə əlaqəlidir. Dövlət rəhbərliyinin apardığı balans əsaslı uğurlu xarici siyasət və daxili inkişaf strategiyası ABŞ-ın Cənubi Qafqazdakı maraqlarının birbaşa Azərbaycanla bağlanmasına səbəb olub. Çünki amerikalılar ölkəmizdə indiyə qədər təmin olunmuş siyasi sabitlik, əldə edilmiş iqtisadi uğurlar və gələcək iqtisadi perspektivlərin gücünü yaxşı dərk edirlər. İki ölkəni bir-birinə yaxınlaşdıran və gələcək əməkdaşlığı stimullaşdıran məhz davamlı, ardıcıl inkişaf strategiyasıdır. Azərbaycanın resursları tükənməzdir və bu amil digər dövlətlər tərəfindən daim yüksək dəyərləndirilir. ABŞ-da bu sarıdan istisana deyil və Azərbaycanla əməkdaşlığın perspektivini   yüksək dəyərləndirir.

D.Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı ikinci məktubda deyilir: “Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin neft ehtiyatlarının Avropa bazarına çıxarılmasına imkan verməklə yanaşı, Avropa üçün yeni alternativ enerji resurs mənbəyidir”. Azərbaycanın Türkmənistanın timsalında Orta Asiyanın enerji ehtiyatlarına böyük pəncərə açması ilə böyük təçhizatçı şəbəkəsinə potensial yaratması da məktubda ayrıca qeyd olunub.

Belə bir münasibət Azərbaycanın liderlik rolunu yalnız gücləndirir və bundan sonra da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu ilə fəal rol alacağını təsbit edir.

N.NOVRUZ