Hakimiyyətin işğalçılıq siyasəti erməni xalqını da bezdirib

31 May 2019 09:45 (UTC+04:00)

Ukraynada yaşayan erməni əsilli tarixçi alim Filip Ekzoyantsın tədqiqatları həmişə internetdə sürətlə yayılır. Onun öz bloqu var və tədqiqatlarının nəticələrini paylaşdığı həmin bloqun yüz münlərlə izləyicisi var. Filip dünyagörüşü baxımdan vətənpərvər ermənilər təbəqəsinə aiddir və xalqının dinc yanaşı yaşaması, dünyada əldə etdiyi işğalçı imicinin sülhpərvər imici ilə əvəzlənməsi uğrunda səylə çalışır. Yazılarından və tədqiqatlarının mövzusundan görünür ki, Ekzoyantsın amalı həqiqət üzərində bərqərar olub. Buna görə də o, dəfələrlə erməni xalqına ictimai çağırışlar edərək özgə torpağınadan, erməni hakimiyyətinin işğalda saxladığı Azərbaycanın Qarabağ bğlgəsindən çıxıb getmələrini istəyib.

Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bu il keçirilən Vyana görüşlündə Azərbaycan və ermənistan XİN rəhbərləri xalqların sülhə hazırlanması prosesinə başlamağı tövsiyə ediblər. Bununla əlaqədar alim F.Ekzoyants “youtube” kanalı üzərindən maraqlı sorğu keçirib. O, izləyicilərindən 3 suala cavab verilmələrini istəyib: 1.Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidirmi? (Söhbət Dağlıq Qarabağ və Kosovodan gedir). 2. Bu ərazilər üzərində nəzarəti qaytardıqdan sonra Dağlıq Qarabağ və Kosovoya muxtariyyət verilməlidirmi? 3. Ərazilərin qaytarılmasından sonra Azərbaycan və Serbiya əhaliyə (ermənilər və kosovolular) öz ana dilindən ikinci dövlət dili kimi istifadə etmək imkanı verməlidirlərmi?

Ekozyantsın sözlərinə görə, insanların əksəriyyəti bu suallara müsbət cavab verib: Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməli, Qarabağ və Kosovoya muxtariyyət verilməli, erməni və alban dillərindən istifadəyə icazə verilməlidir.

Tədqiqatçı vicdanının səsinə qulaq asaraq sorğuda meydana çıxan bir həqiqəti olduğu kimi igadə edib: “Çoxları Azərbaycanla bağlı suala cavab verərkən bildirib ki, SSRİ vaxtında hər şey məhz bu cür olub – ermənilər öz dillərində təhsil alıb. Heç kim onlara bunu qadağan etməyib”. Alim suallar ətrafında öz fikrini bildirməyi də unutmayıb: “Bundan sonra Azərbaycan və Serbiya Qarabağa və Kosovoya muxtariyyət verməlidir. Bu düzgün olardı”.

Lap bu yaxınlarda Amerikanın “Gallup İnternational Association” şirkəti də Ermənistanda vətəndaşları ən çox narahat edən məsələlər barədə sosioloji araşdırma aparıb. Ortaya çıxan nəticələrin sensasiyalı mahiyyəti ondan ibarətdir ki, erməniləri ən çox narahat edən məsələ Qarabağ yox, işsizlikdir. Halbuki hakimiyyətdə təmsil olunan siyasi qüvvələrin nümayəndələri daim xalqın adından danışaraq Qarabağın ermənilərə məxsusluğunu az qala ermənilərin “olum, ya ölüm” dilemması kimi təqdim ediblər. Amma sorğular göstərir ki, bu iddia yalnız siyasi diletantlıq və saxtakarlıq nümunəsidir, əslində erməni xalqı yaxşı bilir ki, Qarabağ onların deyil və yad torpaqda yaşamağı arzulamır.

“Gallup İnternational Association”ın rəy sorğusuna əsasən Ermənistan vətəndaşlarının 45 faizi dövlət üçün ən mühüm problemin işsizlik olduğunu düşünür. Qalan 40.5 faiz isə ölkədəki iqtisadi situasiyanı narahatedici hesab edib. Rəyi soruşulanların 26.8 faizi aşağı maaşlardan və pensiyalardan narahatdır. Qarabağ məsələsi isə erməniləri narahat edən ən başlıca məsələlər arasında 4-cü yerdədir. Vətəndaşların cəmi 26.1 faizi Dağlıq Qarabağ məsələsini Ermənistan üçün ən vacib hesab edib. Qalan üç məsələ isə mühacirət, korrupsiya və terrorçuluqdur.

Sadalanan hər iki rəy sorğusunun nəticələri göstərir ki, Ermənistanda ötən il baş verən hakimiyyət dəyişikliyinin kökündə  iqtisadi səfalət, yoxsulluq və işsizlik dayanır. Hakimiyyətdə olan qüvvələr üçün Qarabağ məsələsi ancaq hakimiyyətlərini qoruyub saxlamaq üçün manipulyasiya alətidir. Yenilənmiş hakimiyyət xalqın istəyini qoruya bilməsə, nə qədər “Qarabağ, Qarabağ” desə də siyasi səhnəni tərk etməli olacaq. Ermənistanda yalnız işğalçılıqdan əl çəkən hakimiyyət uzunömürlü ola bilər.

N.NOVRUZ