Oqtay Əsədov: Şəhid zabitlə bağlı məsələ beynəlxalq təşkilatlarda qaldırılacaq

31 May 2019 12:51 (UTC+04:00)

Erməni snayperinin atəşkəsi pozması nəticəsində Azərbaycanın şəhid olmuş zabiti Aqil Omarovla bağlı məsələnin beynəlxalq təşkilatlarda qaldırılması ilə bağlı tapşırıq verilib.

Movqe.az-ın məlumatına görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin iclasında bildirib.

O.Əsədov vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna məsələ ilə bağlı mövqeyini çatdırıb:

“Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.